Medianews.az
“Tramp onu Zelenski kimi cəzalandırmaq istədi, alınmadı” – <span style=color:red>Politoloq
94 baxış

“Tramp onu Zelenski kimi cəzalandırmaq istədi, alınmadı” – Politoloq

“ABŞ Prezidenti Donald Tramp Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosanı da Ukrayna Prezidenti Volodimir Zelenski kimi cəzalandırmaq istədi, ancaq alınmadı”. Politoloq Aydın Quliyev Medianews.az-a açıqlamasında belə deyib. A.Quliyev bildirib: “Tramp Ağ evdə Ramafosanı qarşısında oturdaraq onu CAR-da ağdərili fermerlərin guya qətlə yetirildiyini sübuta yetirən kadrlara baxmağa vadar etdi. Həm də əlindəki fotoları bir-bir çəkərək "des", "des" (yəni ölüm) deyə-deyə Ramafosanın gözünə soxurdu. Düzdür, Ramafosa qismən Zelenskisayağı onun cavabını verdi. Ancaq bütün bu səhnələr Tramp üçün hansısa hədəfə hesablanmış ssenarini açıqca xatırladır. Zorla Ramafosanın boynuna "sizdə ağdərili fermerlərin genosidi gedir" ittihamını qoymaq istəyirdi. Həm də Ramafosa ilə əsasən iki ölkənin ticarət əlaqələrini inkişaf etdirmək məsələsi müzakirə olunduğu vaxtda Tramp birdən-birə kameralar qarşısında kəskin tonla mövzunu dəyişdi və "genosid" hücumuna keçdi. Demək, əvvəlcədən hazırlanmış ssenarinin elementləri var. Yəqin ki, söhbətin belə şəkil alacağını Ramafosa gözləmirdi”. A.Quliyev vurğulayıb ki, Cənubi Afrika Respublikasında həqiqətin necə olduğunu iddia etmək çətindir: “Əvvəla ona görə ki, Tramp genosid probleminə qarşı köklü barışmaz adam olsaydı, Yaxın Şərqdə olanlara da başqa cür baxardı. Daha İsrailin bir ucdan qırıb tökdüyü fələstinlilərin qalan hissəsini də başqa ölkələrə deportasiya etmək fikrinə düşməzdi. Bu gün əsil genosid Şərqdə gedir. İkinci, Trampın Cənubi Afrikada "genosiddən" qorumaq istədiyi ağdərili fermerlər 40 min nəfərə yaxın olmaqla ölkənin bütün yararlı aqrar torpaqlarının 60 faizinə sahibdirlər. Holland-bur kökənli bu fermerlər CAR-da 300 ildən çoxdur yaşayırlar. Adamın heç inanmağı gəlmir ki, ağların bu qədər geniş imkanlara malik olduğu ölkədə ağ fermerlər küçələrdə qətlə yetirilsin. Nəhayət, Trampın baş məsləhətçisi və əslində onu idarə edən milyarder İlon Maskın kök etibarilə CAR-ın ağdərili insanlarından çıxdığını unutmayaq. İstisna deyil ki, CAR dövləti ilə hansısa hesabları (?) olan Mask Trampı CAR hökumətinin üstünə yönəldir. Buraya Trampın özünün də varlı CAR dövlətindən nələrsə qoparmaq planlarının olduğunu nəzərə alsaq, məsələ aydınlaşmaya doğru gedir - Trampın CAR-ın üstünə yeriməsinin səbəbi "genosid" deyil... Özünü böyük sayan dövlətlərin hamısının qlobal siyasətlərinin əsil üzü dərindən təftiş və ifşa edilməsə, digər ölkələr rahat inkişaf edə bilməyəcək”. Toğrul Əli, Medianews.az

Bizə qoşulun