Medianews.az
“Konserti üçün Şövkət xanımı süni intellekt vasitəsilə canlandırıb, xəbərimiz yoxdur”- <span style=color:red>Elşad Xoseyə ETİRAZ
176 baxış

“Konserti üçün Şövkət xanımı süni intellekt vasitəsilə canlandırıb, xəbərimiz yoxdur”- Elşad Xoseyə ETİRAZ

“Elşad Xose o vaxt bizdən üzr istədi, indi də icazəsiz Şövkət xanımı süni intellekt vasitəsilə canlandırıb” “Elşad Xose 25 may Heydər Əliyev sarayında baş tutacaq konsertinin afişası üçün Şövkət xanımı da süni intellektlə canlandırıb. Ailə olaraq bizim bundan xəbərimiz yoxdur. Həmin görüntüləri Əqli Mülkiyyət Agentliyinə təqdim edəcəyik ki, araşdırsınlar. Hər dəfə biz bu cür məsələlərlə üz-üzə gələndə çətinlik çəkirik ki, necə edək, neyləyək?. Çaşıb qalırıq. Bilmirik ki, buna necə reaksiya verək?! Görəsən sağ olsaydı Şövkət xanım özü buna necə reaksiya verərdi?” Bu sözləri Medianews.az-a açıqlamasında görkəmli sənətkar Şövkət Ələkbərovanın gəlini Gülnarə Səfərova deyib. Gəlini bildirib ki, bu Elşad Xosenin Şövkət xanımla bağlı ilk layihəsi deyil: “Elşad Xose bir dəfə də Şövkət xanımın “Qəmgin” mahnısına rep yazmışdı və onu radiolara vermişdi. Mən radionun direktorunun yanına gedib dedim ki, bizim bu layihədən xəbərimiz yoxdur. Mənə dedilər ki, bu mahnıya gənc nəsil arasında böyük diqqət var və bir saat ərzində nə qədər dinləyici dinləyib. Mahnı məşhurlaşmışdı və Elşad Xoseyə böyük reytinq gətirmişdi. Daha sonra Elşad Xose bizimlə görüşüb, üzr istədi. Dedi ki, mən bilmirdim ki, sizdən icazə almaq lazımdır. Şövkət xanımın mahnılarını dünya ulduzlarının mahnıları ilə sintez edirlər”. Gəlini Şövkət xanımın süni intellektlə canlandırılmasını konsertə tamaşaçı cəlb etmək üçün atılan bir addım olduğunu istisna etmir. “Elşad Xosenin fanatları var. Bilirəm ki, onların sayı da çoxdur. Müasir zamanda belə musiqilər çox populyardır. Bir tərəfdən başa düşürəm ki, bizim yeni nəsil sintezlərə, yeniliklərə çox meyllidir. Onu deyə bilərəm ki, Şövkət xanım ürəyi təmiz insan idi. Hər zaman da gənclərə kömək edirdi. Bəstəkar, müğənni, aktyor və digər sənət sahiblərini dəstəkləyirdi. Baxmırdı ki, həmin bəstəkarın mahnılarını kimsə oxuyub ya yox?! İlk addımı özü atırdı. Yadımdadır, Nazim Qəmərlinski Şövkət xanımın görüşünə gəlmişdi. O zaman çox cavan idi. İlk mahnısını Şövkət xanıma təqdim etdi. Polad Bülbüloğlunun da ilk mahnılarının ifaçısı Şövkət xanım olub” deyə Gülnarə Səfərova deyib. Əli Əsgər Medianews.az

Bizə qoşulun