Medianews.az
Təhsil, yoxsa <span style=color:red>bazar?..
177 baxış

Təhsil, yoxsa bazar?..

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov Medianews.az-a açıqlamasında ölkədə ali təhsilin kommersiyalaşması məsələsindən danışıb. O deyib ki, son beş ildə diqqətçəkən bir dəyişiklik baş verib: Azərbaycanda dövlət sifarişli (ödənişsiz) yerlərin sayı artıb, ödənişli yerlərin payı isə azalıb. K.Əsədovun sözlərinə görə, 2019-cu ildə qəbul olunan tələbələrin yalnız 30%-i ödənişsiz oxuyurdu, 2024-cü ildə bu göstərici 50%-i keçib. Artıq bir qəbul ilində 30 minə yaxın gənc ali məktəbdə dövlət hesabına təhsil alır. K.Əsədovun fikrincə, bu, əlçatanlıq və sosial ədalət baxımından mühüm addımdır: “Amma statistik meyillər göstərir ki, gənclərin böyük əksəriyyəti hələ də ödənişli əsaslarla oxuyur. Universitetlərin çoxunda “tələbə cəlbetmə” və “məzun istehsalı” əsas prioritetə çevrilib, əmək bazarında isə hər üç məzundan biri ixtisasına uyğun iş tapa bilmir. Diplomun bazar dəyəri hələ də arzuolunan səviyyədə deyil. Valideynlər və gənclər universiteti bilik və bacarıq üçün yox, daha çox “diplom almaq üçün” seçməyə məcbur qalır. Bütün bu reallıqlar fonunda ortaya belə bir sual çıxır: biz “universitet oxuyan” cəmiyyətik, yoxsa “universiteti oxudan” və onu bazara çevirən? Təhsil dəyər, bilik və inkişaf üçün vasitə olmasa, gənclər sadəcə kağız diplomla əmək bazarında yeni çətinliklərlə qarşılaşacaq. İndi əsas çağırış – artan dövlət dəstəyinin ardınca ali təhsilin keyfiyyətini, nəticələrini və işəgötürən üçün real dəyərini artırmaqdır. Əks halda, kommersiya riski hələ də arxa planda qalacaq”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun