Medianews.az
Həyatını bürclərə görə planlayanlar: Psixoloq və jurnalistdən <span style=color:red>AÇIQLAMA
169 baxış

Həyatını bürclərə görə planlayanlar: Psixoloq və jurnalistdən AÇIQLAMA

Bürclərə inam cəmiyyətdə geniş yayılıb və bir çox insan gündəlik qərarlarını məhz astrologiyaya əsasən verir. Lakin elmi baxımdan bürclərin insan həyatına və şəxsiyyətinə təsiri sübut olunmayıb. Mütəxəssislər bunu psixoloji təsir və təsadüfi uyğunluq kimi qiymətləndirirlər. Bəzi insanlar bürclərə inanaraq həyatlarını yönləndirir, bu isə real vəziyyəti düzgün dəyərləndirməyə mane ola bilər. Bürclərə inanmaq bəzən zərərsiz görünə bilər, lakin əgər bu inam insanın rasional qərar verməsinə təsir edirsə, problem yarada bilər. Elə insanlar var ki, təkcə günlərini deyil, həyat yoldaşı seçimlərini, səyahətlərini, hətta iş qərarlarını da bürc uyğunluğuna əsasən verirlər. Bürclərə inanmaq, elmi faktları inkar edərək cahillik əlaməti sayıla bilərmi? Gündəlik həyatımızı bu proqnozlara görə yönləndirmək nə qədər məqsədəuyğundur? Tanınmış jurnalist Xalidə Gəray Medianews.az-a açıqlamasında dedi ki, Azərbaycanda bürclərə maraq sadəcə maraq deyil – bu, artıq bir həyat tərzinə çevrilib: “Elə bil, ayın, günəşin və planetlərin hərəkəti insanın gündəlik planlarından tutmuş sevgi münasibətlərinə qədər hər şeyi müəyyənləşdirir. Bir problem ortaya çıxan kimi, sanki ulduzlar cavab verməlidir. Gələcək qeyri-müəyyən görünəndə, insanlar özlərini ulduz xəritəsində axtarmağa başlayır. Bəlkə də bu səbəbdən sosial mediada “Bu gün bürcünüz sizə nə deyir?” tipli paylaşımlar partlayış effekti yaradır. Xüsusilə Instagram və TikTok kimi platformalarda bürclərlə bağlı kontentlər – gündəlik fal proqnozları, "uyğun cütlüklər", "ən sədaqətli bürc" kimi paylaşımlar minlərlə insana çatır və ani təsəlli verir. Artıq bəzi insanlar üçün astroloji proqnozlar səhər qəhvəsindən də vacib hala gəlib. Günəş tutulubsa, motivasiya düşür, Merkuri retrogradadırsa, mesajlara cavab verilmir, münasibətlərə son qoyulur”. X.Gəray hesab edir ki, psixoloji amillər burada əsas rol oynayır: “İnsanlar həyatın xaosunda bir sabitlik, bir mənzərə, bir "nə baş verəcək?" sualına cavab axtarır. Bürclər isə bu boşluğu doldurmaq üçün ideal mexanizm kimi çıxış edir: “Bu ay pul gələcək”, “Sevgi gözlənilir”, “Dəyişikliklərə hazır olun” – bu cümlələr bəzən motivasiyadan çox, psixoloji dayaq rolunu oynayır. Amma məsələ o qədər irəli gedib ki, insanlar münasibətlərini də ulduzlara həvalə edirlər. “O Tərəzidir, mən Əqrəbəm – alınmaz”, “Qoçla Balıq bir yerdə ola bilməz” kimi cümlələr artıq sadəcə zarafat deyil, ciddi qərarların səbəbinə çevrilib. Hətta bürclərə uyğun nikahlar, ulduz xəritələrinə əsasən qurulan münasibətlər geniş yayılıb. Bu isə sadəcə inanc deyil – bu, artıq şəxsi qərarları rasional düşüncədən çıxarıb mifoloji dünyaya bağlamaqdır. Bu tip davranışlar bəzən sadə bir inamın yox, dərinləşmiş psixoloji ehtiyacın nəticəsidir. Kiminsə doğum tarixi, saatı və yerinə əsasən həyatını planlamaq – bir növ öz məsuliyyətindən qaçmaq, taleyi başqasının – bu halda ulduzların – öhdəsinə buraxmaq cəhdidir. Psixoloqlar bu yanaşmanı bəzən “reallıqdan qaçış” kimi izah edirlər. Əgər bir insan həyatını, münasibətlərini, hətta emosiyalarını belə falın diktəsinə uyğun yaşayırsa – bu, artıq sadəcə maraq deyil. Bu, şəxsiyyətin psixoloji tarazlığında çatların olduğunu göstərən siqnaldır. Beləliklə, fikrimcə bürclər maraqlı ola bilər, əyləncəli məqamlar da təqdim edə bilər. Amma insanın iradəsini, qərarlarını və münasibətlərini yalnız ulduzların mövqeyinə bağlamaq – öz həyatının sükanını boş buraxmaq deməkdir”. Psixoloq Günel Aslanova da mövzu ilə bağlı fikirlərini saytımızla bölüşdü. Onun sözlərinə görə, bürclərə inanmaq – elmi yanaşma ilə şəxsi inanc arasında balans qurmaq məsələsidir: “Yəni elmi baxımdan bürclərin insanın şəxsiyyətinə və ya həyatına təsiri ilə bağlı sübut olunmuş heç bir nəticə yoxdur. Astronomiya və astrologiya tamamilə fərqli sahələrdir. Bürclərə tam inanaraq qərar vermək elmi əsaslardan uzaqdır və bu, heç bir elmi baza ilə təsdiqlənmir. Amma bu o demək deyil ki, bürclərə maraq göstərən şəxsləri elmdən uzaq və ya cahil adlandırmaq olar. Çünki bu, insan psixologiyası ilə bağlıdır. Bəzən insanlar müəyyən simvolik sistemlərə emosional səbəblərdən bağlanırlar. Onların özlərini anlamağa, hansısa bir qrupa və ya ideyaya aid hiss etməyə ehtiyacları olur. Özlərini yönləndirmək üçün müəyyən sxemlərə və ya çərçivələrə bağlanmaq istəyə bilərlər. Məhz bu səbəbdən də bürclərə inam, elmdən uzaqlıqdan deyil, daha çox insanın psixoloji ehtiyaclarından qaynaqlanır. Gündəlik həyatı yalnız bürclərə əsaslanaraq planlaşdırmaq isə risklidir. Çünki bu halda insan düşünmə qabiliyyətini və qərarvermə məsuliyyətini hansısa xarici bir gücə ötürür. Psixologiyada bu hal "xarici nəzarət bloku" adlanır. Nəticə olaraq demək olar ki, bürclər müəyyən bir əyləncə və maraq səviyyəsində faydalı ola bilər. Lakin həyatın istiqamətini müəyyənləşdirmək üçün tənqidi düşüncə və elmi yanaşma vacibdir. Sağlam düşüncə və həyat tərzinin əsası da məhz budur.” Oğuz Ayvaz, Medianews.az 

Bizə qoşulun