Medianews.az
14 nəfər qara ciyərini Əvəz Zeynallıya verməyə <span style=color:red>hazır olduğunu bildirib
275 baxış

14 nəfər qara ciyərini Əvəz Zeynallıya verməyə hazır olduğunu bildirib

14 nəfər qara ciyər orqanını ağır xəstəliyə yoluxmuş məhbus jurnalist Əvəz Zeynallıya verməyə hazır olduğunu bildirib. Bunu Medianews.az-a açıqlamasında jurnalistin xanımı Məlahət Zeynallı deyib. O bildirib ki, Əvəz Zeynallı bu xəbərdən çox mütəəssir olub. “Əvəz bəy 14 nəfərin qara ciyər orqanını ona verməyə hazır olduğunu məndən eşitdi. Çox qəhərləndi. “Görürsən, kim ki, deyir bu xalq üçün dəyməz, onlara tərs şapalaqdır bu hadisə! Dəyərmiş...” dedi. M.Zeynallının sözlərinə görə, Ə.Zeynallının səhhəti dəyişməz olaraq qalır: “Penitensiar Xidmətin müalicə müəssisəsində müəyyən aralıqla mütəmadi olaraq ona qan və plazma köçürülür. Bu, hələlik yetərlidir ki, özünü idarə edə bilsin”. “Xural” Media Qrupunun rəhbəri Ə.Zeynallı 2022-ci il sentyabrın 10-dan həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsi onu rüşvət almada, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmədə təqsirli bilərək 9 il müddətinə azadlıqdan məhrum edilib, daha sonra cəzası iki ay azaldılıb. 2025-ci ilin martında Ə.Zeynallıda xərçəng xəstəliyi aşkarlanıb. Bağırsağında olan bədxassəli şişin artıq metastaz verdiyi, qara ciyərə yayıldığı bildirilir. Bunu nəzərə alaraq bir qrup hüquq müdafiəçisi və media nümayəndəsi Ə.Zeynallının azadlığa buraxılması üçün Prezident İlham Əliyevə müraciət edib. Eyni zamanda vəkillər Fəxrəddin Mehdiyev və Rəşad Əliyev Ə.Zeynallının xəstəliyi ilə əlaqədar cəzadan azad edilməsi məqsədilə məhkəməyə üz tutublar. Cinayət Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, ağır xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər. “Məhkumların xəstəliyə görə cəza çəkməkdən azad edilmələri üçün əsas olan xəstəliklərin siyahısı”na bütün bədxassəli şişlər daxildir. Vəkillərin Ə.Zeynallının səhhəti ilə əlaqədar cəzadan azad edilməsi barədə ərizəsinə aprelin 24-də Nizami Rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə baxılacaq. M.Zeynallı qeyd edir ki, aprelin 24-nə təyin olunan məhkəmədən əvvəl Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi həkimlərdən ibarət konsilium təşkil etməli və ümumi rəy hazırlayaraq məhkəməyə verməlidir: “Əks təqdirdə hakim Nigar Qədirli buna görə prosesi daha bir həftə uzada bilər”. Belə bir halla qarşılaşmamaq üçün ailəsi və vəkilləri Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsini aprelin 24-dək həkimlərdən ibarət konsiliumu təşkil etməyə, ümumi rəy hazırlayaraq məhkəməyə verməyə çağırır. Müdafiə tərəfi eyni zamanda hakim N.Qədirlinin səlahiyyətlərindən istifadə edərək həmin arayışı Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsindən tələb etməsini istəyir. Toğrul Əli, Medianews.az

Bizə qoşulun