Medianews.az
Azərbaycanda koronavirus <span style=color:red>MÜƏMMASI
348 baxış

Azərbaycanda koronavirus MÜƏMMASI

Azərbaycanda koronavirusa yoluxanlar varmı? Varsa, belə xəstələr hansı şəraitdə müalicə alır - xəstəxanada, ev şəraitində?.. 2025-ci ilin ötən müddəti ərzində neçə yoluxma qeydə alınıb, ümumiyyətlə qeydə alınıbmı? Konkret olaraq bu günə Azərbaycanda koronovirus diaqnozu ilə qeydiyyatda olan, müalicə alan mövcuddurmu? Bir aydır Medianews.az saytı ölkənin rəsmi qurumlarından bu suallara cavab ala bilmir. Saytın sorğusuna nə Səhiyyə Nazirliyinin, nə TƏBİB-in, nə də Nazirlər Kabinetinin mətbuat xidməti cavab verir. Nazirlər Kabinetinin mətbuat xidməti sorğuya Səhiyyə Nazirliyi və ya TƏBİB-in, Səhiyyə Nazirliyi ilə TƏBİB-in mətbuat xidmətləri isə Nazirlər Kabinetinin cavab verməli olduğunu bildirir. Deməli, məntiqlə sorğuya cavab verməli olan qurum var, amma gerçəkdə cavab yoxdur. Necə deyərlər, “qapalı dairə”. Niyə qapalı? Bu da aydın deyil. Çünki koronavirusa yoluxma varsa da, yoxsa da, hər halda dövlət sirri deyil, bu barədə məlumatın ictimaiyyətə açıqlanması dövlətin mənafeyinə, təhlükəsizliyinə heç vaxt heç bir təhlükə törətməyib, indən belə də törədə bilməz. O ki qaldı koronavirus infeksiyasına görə 2020-ci il martın 31-dən tətbiq edilmiş, ölkəmizə giriş-çıxışa məhdudiyyətin qoyulması, quru sərhədlərin bağlanması ilə nəticələnmiş xüsusi karantin rejiminə, bu rejimin təkcə koronavirusa əsaslanmadığını, karantin qərarının COVİD-lə bağlılığının artıq formal xarakter daşıdığını Prezident İlham Əliyev çoxdan, tam açıq, tam səmimi şəkildə bəyan edib. 2024-cü ilin aprel ayının 23-də Bakıda keçirilən beynəlxalq forumda danışarkən Prezident İlham Əliyev deyib: “Biz təhlükəsizlik, regional inkişaf riskləri və sair haqqında danışırdıq. Ətrafımızda qeyri-sabitliyin müxtəlif sahələrini görürük. Quru sərhədinin bağlı saxlanması qərarı COVİD səbəbi ilə verilib. Biz hələ də formal olaraq karantin mərhələsindəyik, amma, eyni zamanda, açıq deməliyik ki, sərhədlərin bağlı qalması qərarı təkcə buna əsaslanmır. Biz indi görürük ki, artıq bir müddət keçdikdən sonra sərhədlərin bağlı olması Azərbaycanda təhlükəsizliyi gücləndirib. Əvvəlki dövrlərdə belə hallar çox olub, bəziləri açıqlanıb, digərlərini ictimaiyyətləşdirməmişik. Kənardan ciddi təhlükə və problemlərlə üzləşirdik. Bütün potensial risklərimizin kənardan ola biləcəyini deyəndə, məhz bunu nəzərdə tuturdum. Məncə, təfərrüatlara çox varmasam, başa düşəcəksiniz. Amma Prezident, milli təhlükəsizlik məsələləri ilə gündəlik məşğul olan bir şəxs kimi deyə bilərəm ki, biz sərhədlərimizi bağladıqdan sonra milli təhlükəsizliyimiz üçün çox böyük faydalar gördük və bu, reallıqdır. Bəli, insanlar bunu nəzərə almalıdırlar. Biz başa düşürük ki, Azərbaycanda insanlar üçün, eləcə də qonşuluğumuzda yaşayan azərbaycanlılar və başqa millətlər üçün narahatlıq var, lakin milli təhlükəsizlik bütün digər hisslərdən və ya bütün digər səbəblərdən üstün olmalıdır. Xüsusən də şimal sərhədimizdə müharibə, cənub sərhədimizdə böhran olduğu bir vaxtda. Ətrafda isə yağışdan sonra göbələk kimi yaranan yeni münaqişə zonası var və mən hesab edirəm ki, Azərbaycan xalqı bunu başa düşür”. Bəli, Azərbaycan xalqı bunu başa düşür. Əgər Azərbaycan xalqının bunu başa düşdüyünü xalqımızın hökumət qurumlarında çalışan övladları da başa düşürsə, onda medianın koronovirusla bağlı sadə suallarına cavab verməlidirlər, özlərini elə aparmamlıdırlar ki, guya statistikanı gizlətməklə dövlət maraqlarına xidmət edirlər. Yoluxmanın azlığı, yaxud heç olmaması qətiyyən dövlətin siyasətini ifşa etmir, həmin siyasəti, yuxarıda xatırlatdığımız kimi, dövlətin rəhbəri açıq şəkildə bəyan edib. Hamı da hər şeyi başa düşüb. Ona görə Səhiyyə Nazirliyinin, TƏBİB-in, Nazirlər Kabinetinin və bu qurumların mətbuat xidmətlərinin koronovirus statistikası ətrafında yaratdıqları müəmma heç nəyin yox, sadəcə səriştəsizliyin nəticəsi ola bilər... 2019-cu ilin dekabrında Çində üzə çıxan yeni koronavirus infeksiyası dünyanı bürüyüb, 2020-ci il martın 11-dən 2023-cü il mayın 5-dək qlobal pandemiya elan olunub. Nazirlər Kabineti yanında operativ qərargahın 2024-cü il fevralın 2-də yaydığı statistikaya görə, Azərbaycanda 834 min 630 nəfər koronavirusa yoluxub, onların 10 min 400-ü vəfat edib. Həmin vaxtdan bəri hər hansı statistika açıqlanmayıb. Medianews.az

Bizə qoşulun