Medianews.az
Dünyada dörd fəsil var, bəs Bakıda?.. <span style=color:red>EKOLOQLAR DANIŞIR
343 baxış

Dünyada dörd fəsil var, bəs Bakıda?.. EKOLOQLAR DANIŞIR

Bakıda cəmi iki fəsil var: qış, yay... Bakıda cəmi iki fəsil var: payız, yay... Bu sayaq fikirləri çoxlarından eşitmək olur. Aydın məsələdir ki, Azərbaycanın hər yerində olduğu kimi Bakıda, Abşeron yarımadasında da dörd fəsil var. Amma xüsusən paytaxtda həqiqətən də hər fəsli bəzən tam duymaq olmur. Yəni bəzən qışın çox hissəsi payıza, yaz ayları yaya bənzəyir. Bəzən payız günləri qış soyuğu, yaxud yaz-yay mülayimliyi havasında keçir. Bakıda hansı fəslin daha çox hansı fəslə bənzədiyi haqda müxtəlif fikirlər ola bilər. Yəni, tutalım, kimsə qışı payıza, yaza, hətta yaya oxşada bilər. Amma bir məsələdə sanki əksəriyyətin fikri üst-üstə düşür ki, Bakıda fəsillər, ələlxüsus da qış, yaz özünə bənzəmir. Bu, sadəcə, təəssüratdır, yoxsa doğrudan da Bakıda qış - qış kimi, yaz - yaz kimi, payız – payız kimi, hətta yay – yay kimi keçmir? Səbəb nədir: parkların azlığı, şəhərin bir növ dəmir-betonlaşması, avtomobillərin, sənaye müəssisələrinin çoxluğu?.. Yoxsa bu, qlobal ekoloji problemlərin bir hissəsidir və belə demək mümkünsə, Bakının “günahı” yoxdur? Paytaxtımızda hər fəsli “özünə qaytarmağın” yolu varmı? Bundan ötrü hansı tədbirlər görülməlidir? Mövzu ilə bağlı Medianews.az-a danışan ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov bildirib ki, fəsillərin sürüşməsi bir qədər şərti məsələdir. Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, Azərbaycanda dörd aydın fəsil var: “Sadəcə, Bakı şəhərində yay və qış fəsli digərləri ilə müqayisədə daha uzundur. Əlbəttə, burada bir qədər sürüşmələr ola bilər. Məsələn, bizdə ən qısa fəsil payızdır. Yay adətən sentyabr ayının sonunda yekunlaşır. Daha sonra payız başlayır. Oktyabrdan sonra isə biz havanın kəskin soyuduğunu görürük. Ona görə elə buna da qış havası deyirik. Yazda da bir çox halda yayın gəlməsi daha tez baş verir. Bir şeyi nəzərə almalıyıq ki, iqlim dəyişmələri Azərbaycanın da iqliminə çox kəskin təsir göstərir. Yay ayları əvvəlki onilliklərlə müqayisədə daha uzun ola bilir. Bəzi hallarda erkən yayı hətta may ayının ortalarından müşahidə edirik və bu da sentyabrın sonuna qədər gedir. Nəticədə beş aya yaxın müddətdə Bakıda yay fəslini müşahidə edirik. Təbii ki, bu özü ilə bərabər bir çox fəsad da gətirir. Meşələr quruyur, yanğınlar artır. Meşə yanğınları əvvəlki illərlə müqayisədə daha çox olur. Kənd təsərüfatında suvarmada çətinliklər yaranır. Bakı şəhərində yayın sonuna yaxın kəskin istilər baş verir. Bu da meteohəssas insanlar üçün yaşayış şərtlərini ağırlaşdırır. Bununla bərabər Bakı şəhərində havada tozun artmasını müşahidə edirik. Bu da uzun müddət yağışların yağmaması səbəbi ilə baş verir”. Ekoloq alim Telman Zeynalov Medianews.az-a açıqlamasında bildirib ki, fəsillərin iqlim normasına uyğun keçməməsi lokal yox, qlobal hadisədir: “Bu, daha çox dünyada gedən iqtisadi proseslərin, ətraf mühitin çirklənməsinin törətdiyi fəsadlardır. Hazırda Yer kürəsi öz oxu ətrafında qismən daha sürətlə dövr edir. Bunun niyəsini mən də bilmirəm. Amma bir nəticəsi də dünyada, o cümlədən Azərbaycanda, paytaxtımız Bakıda fəsillərin iqlim normasına tam uyğun keçməməsi, yəni fəsillərin özünə bənzəməməsidir. Bakıda bu ən çox yaz fəslində müşahidə olunur. Qışdan sonra sanki birbaşa yay gəlir. Şəxsən mən Bakıda əsl yaz fəslini görmürəm”. T.Zeynalov hesab edir ki, bəzilərinin düşündüyünün əksinə olaraq alternativ enerjiyə keçməklə problemi aradan qaldırmaq mümkün deyil: “Eyni zamanda Bakıda parkların sayını artırmaq, daha çox ağac əkmək də nə qədər yaxşı tendensiya olsa belə, yenə sözügedən problemi həll etməkdə acizdir. Çünki yazın bir təbiət hadisəsi kimi əsas xüsusiyyəti torpağın oyanışıdır. Problem də ondadır ki, torpağın oyanış gücü zəifləyib, bir növ torpaq taqətdən düşüb”. Ekoloq alimin fikrincə, problemi həll etməyin ən effektiv yolu bütün dünyada tullantıları idarə etmək, Yer kürəsini tullantısız məkana çevirməkdir: “Dünya, atmosfer o qədər çirklənib ki, hətta gecələr göyə baxanda ulduzları da görmək olmur. Bax, bütün bunlar dünyanın hədsiz dərəcədə çirkləndiyindən xəbər verir. Ona görə fəsillərin “özünə qayıtması” üçün tullantıları idarə etməkdən başqa yol görmürəm”. Nailə Qasımova, Medianews.az Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda hazırlanıb.

Bizə qoşulun