12.03.2025, 13:44
243 baxış
Azad
Xırda dəmir pulların ləğvi müzakirə olunur
Bir və iki sentlik sikkələr gündəlik həyatda az istifadə olunsa da, hələ dövriyyədə qalmaqda davam edir. Onlar adətən pul kisələrində və ya evdə kiçik qutularda yığılır, lakin praktik olaraq alış-veriş zamanı geniş istifadə olunmur. Bəzi Avropa ölkələri artıq bu xırda metal pullardan imtina edib, onların istehsalına və istifadəsinə son qoyublar. İndi isə Almaniya da bu istiqamətdə addım atmağı düşünür.
Bir neçə Avropa ölkəsi artıq kiçik sikkələri ləğv edib və ya istifadəsini məhdudlaşdırıb. Məsələn, Finlandiya və Niderland uzun illərdir ki, bir və iki sentlik metal pulları aktiv istifadə etmir. Alış-veriş zamanı qiymətlər ən yaxın beş sentliyə yuvarlaqlaşdırılır.
Belçika, İrlandiya və İtaliya da oxşar addımlar atıb.
Fransa 2020-ci ildən bu sikkələri tədavüldən çıxarmağa başlayıb.
Bu ölkələrdə aparılan tədqiqatlar göstərir ki, xırda metal pulların dövriyyədən çıxarılması nə inflyasiyaya, nə də qiymətlərin süni artımına ciddi təsir göstərib.
Almaniyada da bu sikkələrin istehsalı və dövriyyəsi ilə bağlı müzakirələr aparılır. Bir və iki sentlik sikkələrin hazırlanması üçün istifadə olunan mis və digər metalların dəyəri onların nominal qiymətindən baha başa gəlir. Bu isə dövlət üçün əlavə xərclər yaradır.
Həmçinin bir çox mağazalar, vətəndaşlar bu sikkələrin praktik olmadığını bildirirlər. Banklar və ticarət obyektləri üçün isə onları idarə etmək əlavə logistika problemi yaradır.
Bununla yanaşı, tənqidçilər kiçik sikkələrin ləğv edilməsinin qiymətlərin süni şəkildə artırılmasına səbəb ola biləcəyindən narahatdırlar. Əsas sual isə budur: əgər Almaniya da bu addımı atsa, qiymətlərin yuvarlaqlaşdırılması istehlakçılar üçün nə dərəcədə ədalətli olacaq?
Avropa ölkələrinin təcrübəsi göstərir ki, xırda metal pullardan imtina etmək mümkündür və bu, iqtisadiyyata ciddi mənfi təsir göstərmir. Almaniya da bu məsələni ciddi şəkildə nəzərdən keçirir. Əgər bu təklif qəbul olunsa, gələcəkdə bir və iki sentlik sikkələr tarixə qovuşa bilər. Bu addım həm istehsal xərclərini azaldacaq, həm də nağd ödənişlərin daha rahat idarə olunmasına kömək edəcək.
Azərbaycanda da xırda metal pullar hələlik dövriyyədən çıxarılmayıb. Məncə, Azərbaycanda da kiçik sikkələrin ləğv edilməsi zərurəti yaranıb.
Sarvan Səmədoğlu,
Almaniya
Paylaş: