Medianews.az
Naxçıvan qərarı bütün ölkə üzrə yanaşmanın dəyişməsi deməkdir - <span style=color:red>EKSPERT
229 baxış

Naxçıvan qərarı bütün ölkə üzrə yanaşmanın dəyişməsi deməkdir - EKSPERT

“Naxçıvan şəhərinin ictimai nəqliyyat sisteminin yenilənməsi ilə bağlı Prezident sərəncamı bir neçə maraqlı detalı ilə diqqətəlayiqdir”. Hüquqşünas, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov Medianews.az-a açıqlamasında belə deyib. O bildirib ki, sərəncamın uğurla icrası Naxçıvan Muxtar Respublikasının paytaxtında ekoloji təmiz, dayanıqlı ictimai nəqliyyat sisteminin qurulması ilə yanaşı, bir neçə məqamına görə də əlamətdardır: “İlk dəfədir ki, paytaxt Bakıdan kənar bir şəhərimizin ictimai nəqliyyatının yenidən qurulması istiqamətində belə ciddi addım atılır, dövlət tərəfindən kifayət qədər sanballı vəsait qoyulur. Sərəncam tam icra edildikdən sonra Naxçıvan şəhərdaxili ictimai nəqliyyatı tam ekoloji təmiz nəqliyyat vasitələrindən (elektrobuslardan) ibarət olan ilk şəhərimiz olacaq”. Ə.Hüseynov qeyd edib ki, sərəncamın icra edilməsi həmçinin ilk dəfə “BakuBus” MMC-nin Bakıdan kənarda bir şəhərdə ictimai nəqliyyat xidməti göstərməsi demək olacaq: “Güman edirəm ki, bu, təşkilati-hüquqi forma olaraq “BakuBus”ın törəmə müəssisəsi və ya filialı (şöbəsi) kimi fəaliyyət göstərəcək. Bu sərəncam həm də ölkəmizdə elktrobusların istehsalına (yığım yolu ilə olsa da) ciddi stimul olacaq. Güman edirəm ki, Naxçıvan üçün tədarük ediləcək 60 ədəd elektrobus yerli yığım olacaq və bu sifariş həmin yığımı həyata keçirən müəssisəyə ciddi iqtisadi dəstək verəcək”. Ekspert vurğulayıb ki, sərəncam həm də ölkəmizdə ictimai nəqliyyatın inkişafına yanaşmaların dəyişməsi deməkdir: “Atılan bu addım şəhərlərimizdə mobilliyin təminində ictimai nəqliyyatın prioritetliyini və ictimai nəqliyyatın inkişafı üçün dövlətin ciddi iqtisadi dəstəyinin zəruri olduğunu göstərir”. Xatırladaq ki, martın 4-də Prezident İlham Əliyev “Naxçıvan şəhərində ictimai nəqliyyatın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Naxçıvan şəhərinin ictimai nəqliyyat sistemində sərnişin daşımalarının yalnız elektrik mühərrikli avtobuslarla təşkili məqsədilə 60 ədəd elektrik mühərrikli avtobusun alınması və enerjidoldurma cihazlarının quraşdırılması, habelə həmin avtobuslara xidmət səviyyəsinin yüksəldilməsi üçün depo (qaraj) infrastrukturunun təkmilləşdirilməsi ilə əlaqədar “BakuBus” MMMC-yə 33 milyon 449 min manat vəsait ayrılıb. Toğrul Əli, Medianews.az

Bizə qoşulun