05.03.2025, 10:15
87 baxış
Azad
Karateçi robot: birdən əlinə silah keçsə... - Şirkət xəbərdarlıq edir
Çinin "Unitree Robotics" şirkətinin yeni istehsal etdiyi "G1" insanabənzər robotu "Sim2Real" texnologiyası sayəsində kunq-fu döyüş sənəti ustasına çevrilib.
Medianews.az xəbər verir ki, öz bacarığını və peşəkar şəkildə Kunq-fu fəndlərini nümayiş etdirən insanabənzər robot "G1"in yeni videosu və fotoları da yayılıb. Mütəxəssislər bildirirlər ki, təlim virtual mühitdə keçirilir, çünki bu robota mürəkkəb hərəkətləri tez mənimsəməyə, tarazlığı qorumağa imkan verəcək.
"Unitree Robotics" şirkətindən bildiriblər ki, onlar ilk dəfə öz təcrübələrində bu cür müasir öyrənmə texnologiyalarını tətbiq etməklə, insanabənzər robotları inkişaf etdirmə layihəsinə başlayıblar. Belə ki, ən son görüntüdən də məlum olduğu kimi kompakt insanabənzər robot "G1" tam öz tarazlığını qorumaqla yumruqlarından və təpiklərindən istifadə etməklə, kunq-fu hərəkətləri nümayiş etdirir. Mütəxəssislər bildiriblər ki, bu öyrənmə prosesi virtual mühitdə baş verir və robota hərəkətləri real dünyada həyata keçirməzdən əvvəl məşq etməyə imkan verir.
Robotları öyrətmək üçün istifadə olunan virtual mühit "NVIDIA" şirkətinin istehsalı olan "Isaac" simulyatoruna əsaslanır. Bu texnologiya insan hərəkətlərini müşahidə edir, eyni zamanda bu cür məşq etdirilən humanoidlərin rəqəmsal əkizini maneəsiz yaratmağa imkan yaradır. Beləliklə də, ilk irəli çıxan "G1" tətbiq edilmiş mürəkkəb davranış nümunələrini tamamilə öyrənir və "Sim2Real" texnologiyasının sayəsində bu bacarıqları həmçinin fiziki prototipinə ötürür. Robot əvvəlcədən simulyasiyada hərəkətləri öyrənir və daha sonra onları real dünyada tətbiq edir.
Mütəxəssislərin fikrincə, yeni "G1" dəqiq vuruşur və kunq-fu hərəkətlərinin hamısını tam səhvsiz yerinə yetirir. Bu robotun performans zamanı az qala büdrəməsinə baxmayaraq, onun çox ustalıqla döyüşçü kimi tarazlığını saxlaması, koordinasiyası hər kəsin təəccübünə səbəb olub. Onun 23 dərəcə sərbəstliyi var ki, bu da robota mürəkkəb hərəkətləri yüksək dəqiqliklə yerinə yetirməyə imkan verir.
"G1" kunq-fu fəndləri ilə yanaşı, kələ-kötür ərazidə yerimək, eləcə də qaçmaqda da mahirdir.
Şirkətdən onu da bildiriblər ki, yeni "G1" robotu həmçinin də ev işlərindən tutmuş fabrik, xəstəxana işlərinə qədər müxtəlif şəraitlərdə mürəkkəb və çox təkrarlanan tapşırıqları dəqiq yerinə yetirmək üçün də nəzərdə tutulub.
Bununla belə, Çinin tanınmış "Unitree Robotics" şirkəti hər ehtimala qarşı ondan istifadə edəcək müştərilərə tam diqqətli olmaları barədə xəbərdarlıq edib. Belə ki, bu robotlar başqalarına təhlükə yarada biləcək şəkildə dəyişdirilməməli və yaxud həqiqi döyüş texnikalarına, həmçinin də odlu, kəsici silahlara öyrədilməməlidir.
"Unutmaq olmaz ki, yeni "G1" robotunun əsas məqsədi döyüşçü olmaq yox, əksinə, gündəlik həyatda faydalı işə yaramaqdır" deyə şirkətdən bildiriblər.