Medianews.az
Naxçıvanda bu dəyişikliklər ola bilər – <span style=color:red>AÇIQLAMA
330 baxış

Naxçıvanda bu dəyişikliklər ola bilər – AÇIQLAMA

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ötən həftə “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” qanun layihəsi qəbul etsə də, layihənin mətni, məzmunu hələ ictimaiyyətə açıqlanmayıb. Mövzu ilə bağlı Medianews.az saytı Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevə müraciət edib. Ə.Nuriyev deyib ki, Ali Məclisdə konstitusiya dəyişiklikləri ilə bağlı məsələnin müzakirə olunduğu, yeni layihənin qəbul edildiyi haqda kütləvi informasiya vasitələrində yayılan xəbərlərlə tanış olsa da, başqa hər hansı məlumatı yoxdur, layihənin təfərrüatını bilmir. Medianews.az-ın xahişini nəzərə alaraq Ə.Nuriyev ümumən muxtar respublikada həyata keçirilən struktur islahatları, səlahiyyətli nümayəndəlik institutunun yaradılması, yeni idarəçilik qaydalarının tətbiqi ilə bağlı Naxçıvan Konstitusiyasında nələrin dəyişməli olduğu, hansı düzəlişlərə zərurətin ortaya çıxdığı haqda fikirlərini bölüşüb. O bildirib ki, bütövlükdə Naxçıvanda aparılan struktur islahatları, yeni idarəçilik qaydalarının tətbiqi muxtar respublikanın konstitusiyasında bir sıra dəyişikliklərə zərurət yaradır: “İlk növbədə idarəetmə modeli yenilənməlidir. Ali Məclisin status və səlahiyyətlərinə yenidən baxılmalıdır. Ənənəvi olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, onun sədri həm qanunverici, həm də icra hakimiyyəti sahələrində funksiyaları həyata keçirir. Yeni modeldə muxtar respublikada icra hakimiyyətinin ölkə Prezidentinin səlahiyyətli nümayəndəsinə ötürülməsi bu balansı dəyişir. Deməli, bu dəyişikliklər konstitusiyada da əksini tapmalıdır. Çünki artıq Azərbaycan Respublikası Prezidentinin Naxçıvan üzrə səlahiyyətli nümayəndəliyi institutu yaradılıb. Təbii ki, bu səbəbdən konstitusiyada müəyyən dəyişikliklər edilməsi də zəruridir. Ona görə ki, bütövlükdə idarəçilik modeli dəyişir. Yeni modelin konstitusiyaya implementasiyası çox vacibdir. Prezidentin səlahiyyətli nümayəndəsinin rolu Naxçıvan Konstitusiyasında göstərilməlidir. Konstitusiyada nümayəndənin səlahiyyətləri, fəaliyyət mexanizmləri konkret şəkildə müəyyənləşməlidir. Onun muxtar respublika daxilində nəzarət, koordinasiya, icra hakimiyyəti sahəsində qərarlar qəbul etmək səlahiyyətləri açıq şəkildə konstitusiyada təsdiqini tapmalıdır. Eyni zamanda vəzifəli şəxslərin təyinatı və icra hakimiyyətinin səlahiyyətlərinin hədləri dəqiqləşdirilməlidir”. Ə.Nuriyev xatırladıb ki, hazırda qüvvədə olan Naxçıvan Konstitusiyasına əsasən, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Ali Məclisin sədridir: “Yeni modeldə bu status dəyişirsə, səlahiyyətlər Prezidentin nümayəndəsinə ötürülürsə, o zaman icra strukturlarına rəhbərlərin təyin edilməsi, vəzifədən azad edilməsi prosedurları da dəyişməlidir. Mərkəzi icra hakimiyyəti orqanlarının, icra hakimiyyəti strukturlarının funksiyaları dəqiq müəyyən edilməlidir. Bu dəyişikliklər baş verərsə, Ali Məclisin, onun sədrinin bir sıra funksiyaları azalacaq. Ali Məclis, onun rəhbərliyi yalnız qanunvericilik və nəzarət funksiyalarına fokuslanacaq. Bu da konstitusiya dəyişikliyində əksini tapmalıdır. Naxçıvan Muxtar Respublikası qanunlarının bütövlükdə Azərbaycan Respublikasının ümumi hüquq sisteminə uyğunluğunu təmin etmək üçün təsdiqləmə prosedurları yenidən işlənməlidir. Naxçıvan Muxtar Respublikası Konstitusiyasına əsasən, Naxçıvan Konstitusiyasına dəyişikliklər və əlavələr Ali Məclisdə iki dəfə səsə qoyulur. İkinci səsvermə birinci səsvermədən 3 ay sonra keçirilir. Konstitusiyaya dəyişikliklər Ali Məclisdə qəbul edildikdə Ali Məclisin sədri onu imzalayır və təsdiq olunması üçün Azərbaycan Respublikasının Milli Məclisinə göndərir. Əgər model bütövlükdə dəyişirsə, səlahiyyətli nümayəndə modeli gəlirsə, o zaman təsdiqetmə proseduralarında da dəyişiklik baş verməlidir və bütün bunlar konstitusiyada əksini tapmalıdır”. Ə.Nuriyev qeyd edib ki, yeni idarəçilik sistemi fonunda Naxçıvanın muxtar statusunun Azərbaycan Konstitusiyası ilə daha sıx əlaqələndirilməsi üçün hüquqi çərçivəyə də yenidən baxılmalı və bəzi dəqiqləşdirmələr aparılmalıdır: “Muxtar respublika ilə mərkəz – yəni Bakı arasında əlaqələrin tənzimlənməsi istiqamətində dəyişikliklər zəruridir. Naxçıvanın Azərbaycan Respublikasının digər regionları ilə iqtisadi, inzibati və siyasi əlaqələrinin güclənməsi üçün hüquqi mexanizmlər müəyyən edilməlidir. Bu həm konstitusiyada, həm də ayrı-ayrı qanunlarda əksini tapa bilər. Naxçıvanın bütövlükdə dövlət büdcəsi ilə maliyyələşdirilməsi məsələsinə yenidən baxılması vacibdir. Muxtar respublikanın maliyyə resurslarının tənzimlənməsi, dövlət büdcəsindən ayrılan vəsaitlərin idarə edilməsi mexanizmləri də konstitusiya dəyişiklikləri sırasında yer ala bilər". Ə.Nuriyev bildirib ki, muxtar respublikanın idarə edilməsində demokratik elementlərin artırılması üçün yerli özünüidarəetmə institutlarının rolu və səlahiyyətləri də çoxaldıla bilər: "Bununla yanaşı dövlət idarəçilik sistemində şəffaflıq, hesabatlılıq istiqamətində də dəyişiklik edilməsi vacibdir. Dövlət idarəçilik sistemində şəffaflığın artırılması, vətəndaş cəmiyyətinin inkişafı, ictimai iştirakçılıq mexanizmlərinin gücləndirilməsi üçün konstitusiya yeni hüquqi çərçivələr müəyyən edə bilər. Bütövlükdə irəli sürülən bu və digər dəyişikliklər Naxçıvan Muxtar Respublikasının idarəetmə modelini müasir çağırışlara uyğunlaşdırmaq, həmin idarəetməni Azərbaycan Respublikasının vahid dövlət siyasəti ilə daha sıx əlaqələndirmək və yerli idarəetmədə effektivliyi artırmaq məqsədi daşımalıdır. Konstitusiya dəyişiklikləri təkcə struktur dəyişiklikləri deyil, həm də vətəndaş hüquqlarının qorunması, idarəetmənin şəffaf, effektli olması yönündə irəliləyiş, təkmilləşmə deməkdir”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun