Virtual nömrələr kiberdələduzluqda tez-tez istifadə olunan vasitələrdən biridir. Başqa sözlə, virtual nömrələri dələduzların yeni rəqəmsal aləti hesab etmək olar. Bu nömrələr, adətən, onlayn xidmətlər vasitəsilə yaradılır və real nömrəyə bağlı olmadan müxtəlif məqsədlər üçün istifadə edilir. Onların xüsusiyyətləri arasında şəxsiyyətin gizlədilməsi, beynəlxalq zənglər üçün ucuz alternativ təklif edilməsi və birdəfəlik istifadə imkanı yer alır. Dələduzlar bu nömrələrdən zəng etmək, mesaj göndərmək və hətta şəxsiyyəti təsdiqləmək üçün istifadə edirlər.
Virtual nömrələrin yaranması 1990-cı illərə təsadüf edir. İnternetin və VoIP (Voice over Internet Protocol) texnologiyasının inkişafı ilə bu nömrələr ilk dəfə əslində beynəlxalq zənglər üçün ucuz alternativ olaraq təqdim edilmişdir. “Skype”, “Google Voice” və “WhatsApp” kimi platformaların ortaya çıxması bu texnologiyanın daha da geniş yayılmasına səbəb olmuşdur. Əsas məqsəd rabitə xərclərini azaltmaq və fərdi məlumatların məxfiliyini qorumaq idi.

Virtual nömrələrin əsas xüsusiyyətlərindən biri anonimlikdir. Yəni İstifadəçi kimliyini gizlədə bilər. Digər xüsusiyyəti isə onun qlobal əlçatanlılığıdır. Başqa sözlə, müxtəlif ölkələrdə fərqli prefiksli nömrələr almaq mümkündür. Ənənəvi rabitədən daha ucuz olan bu nömrələr onlayn qeydiyyat zamanı yalnız bir dəfə istifadə olunması üçün yaradılır.
Hazırda virtual nömrələr dünyanın bir çox ölkəsində qanuni və qanunsuz fəaliyyətlərdə istifadə olunur. Məsələn,
ABŞ-da virtual nömrələr əsasən biznes məqsədləri üçün tətbiq edilir. Şirkətlər beynəlxalq müştəriləri ilə daha rahat əlaqə qurmaq üçün yerli virtual nömrələrdən istifadə edir. Eyni zamanda, bəzi dələduzlar bu nömrələr vasitəsilə telefon fırıldağı (“phone scam”) törədirlər. “Tech Support Scam” (“Texniki Dəstək Dələduzluğu”) hadisələri ilk dəfə 2008-ci ildə ABŞ-da qeydə alınıb. Belə fırıldaqlar hansı üsulla törədilir? Məsələn, dələduzlar virtual nömrələrdən istifadə edərək ABŞ-dakı insanlara zəng edib kompüterlərinin virusla yoluxduğunu bildirirlər. Sonra isə kompüterə daxil olmaq üçün fırıldaqçı proqramlar quraşdırılır və böyük məbləğlərdə pul tələb olunur. FBI dəfələrlə xəbərdarlıq edib ki, bu nömrələrdən istifadə edərək insanların şəxsi məlumatları oğurlanır.
Hindistan virtual nömrələrdən dələduzluq halları ilə bağlı ən çox şikayət daxil olan ölkələrdən biridir. Hindistanda tez-tez zənglər və mesajlar vasitəsilə vətəndaşlardan vergi ödəmələri, bank məlumatları tələb olunur. Nümunə üçün qeyd edək ki, 2019-cu ildə Hindistan polisi virtual nömrələrdən istifadə edən saxta çağrı mərkəzlərini ifşa etmişdir.
Ümumilikdə götürdükdə, “Tech Support Scam” (“Texniki Dəstək Dələduzluğu”) müxtəlif ölkələrdə, o cümlədən ABŞ və Hindistanda müşahidə olunub. 2017-ci ildə keçirilmiş bir araşdırmaya görə texniki dəstək dələduzluqlarının 85%-i Hindistanda, 7%-i isə ABŞ-da yerləşən “IP” ünvanlarına aid edilib. Bu məlumatlar göstərir ki, Hindistan bu cür dələduzluqların əsas mənbələrindən biridir. ABŞ-da isə bu cür dələduzluqların qurbanları əsasən telefon zəngləri və ya saxta “pop-up” bildirişləri vasitəsilə hədəf alınır.
Çində isə virtual nömrələr daha çox beynəlxalq zənglər və senzura qaydalarından yan keçmək üçün istifadə olunur. Bununla yanaşı, hökumət virtual nömrələrin qanunsuz fəaliyyətlər üçün istifadə edilməsinin qarşısını almaq məqsədilə ciddi nəzarət tətbiq edir.

Daha çox Avropada dələduzlar virtual nömrələrlə “çatdırılma xidməti” adı altında zəng edərək (“Fake delivery call scam” - Saxta Çatdırılma Zəngi Dələduzluğu”) şəxsi və maliyyə məlumatlarını tələb edirlər. Bu hansı qaydada işləyir? Dələduzlar qurbanlara zəng edir və ya mesaj göndərirlər. Onlar bildirirlər ki, sizin adınıza bir bağlama var və çatdırılma üçün müəyyən məlumat lazımdır. Bu, kredit kartı nömrələri, şəxsiyyət vəsiqəsi məlumatları və ya ünvanlar ola bilər. Məsələn, onlar iddia edirlər ki, bağlamanın çatdırılması üçün rüsum və ya çatdırılma xərci ödənilməlidir. Ödəniş tez-tez onlayn vasitələrlə və ya bank kartı ilə tələb olunur. Bəzən fırıldaqçılar saxta çatdırılma saytlarına keçid linki göndərirlər. Bu linklər vasitəsilə qurbanın şəxsi və maliyyə məlumatlarını oğurlamaq üçün zərərli proqramlar quraşdırılır.
Hazırda Avropa və ABŞ-da “DHL”, “FedEx” və “UPS” adından dələduz zəngləri geniş yayılmışdır. Avstraliyada isə 2020-ci ildə saxta çatdırılma zəngləri ilə çoxsaylı dələduzluq halları qeydə alınmışdır. Fırıldaqçılar bir çox insanı aldadaraq minlərlə dollar əldə etmişdir.
Azərbaycanda da virtual nömrələr əsasən onlayn xidmətlərdə qeydiyyat zamanı istifadə olunur. Lakin bundan dələduzluq üsulu kimi təəssüflər olsun ki, ölkəmizdə istifadə edənlər olur. Bəzi hallarda dələduzlar bu nömrələrdən sosial şəbəkə hesablarını saxta şəkildə yaratmaq və ya şəxsi məlumatları əldə etmək üçün istifadə edirlər.

Saxta çatdırılma zəngi dələduzluğu ilə mübarizə məqsədilə ayrı-ayrı ölkələrdə müxtəlif qanunlar və tədbirlər mövcuddur. Məsələn,
ABŞ-da Federal Ticarət Komissiyası (FTC) və Federal Əlaqə Komissiyası (FCC) kimi qurumlar bu cür dələduzluqlarla mübarizə aparır. "Telefonda İstehlakçıların Müdafiəsi Qanunu" (“Telephone Consumer Protection Act” - TCPA) və "Telemarketinq Satış Qaydaları" (“Telemarketing Sales Rule” - TSR) kimi qanunlar vasitəsilə saxta zənglərə qarşı tədbirlər görülür.
Böyük Britaniyada "Fırıldaqçılıq Aktı 2006" (“Fraud Act 2006”) və "Məlumatların Qorunması Aktı 2018" (“Data Protection Act 2018”) kimi qanunlar vasitəsilə bu cür dələduzluqlarla mübarizə aparılır. Milli Fırıldaqçılıq Kəşfiyyat Bürosu (“National Fraud Intelligence Bureau”) və Fırıldaqçılıq üzrə Fəaliyyət (“Action Fraud”) kimi qurumlar da bu sahədə fəaliyyət göstərir.
Avstraliyada "Müsabiqə və İstehlakçı Qanunu 2010" (“Competition and Consumer Act 2010”) və "Spam Aktı 2003" (“Spam Act 2003”) adlı qanunlar vasitəsilə saxta zənglərə qarşı tədbirlər görülür. Avstraliya Müsabiqə və İstehlakçı Komissiyası (ACCC) bu sahədə əsas nəzarət orqanıdır.
Kanadada isə "Fırıldaqçılıq üzrə Cinayət Məcəlləsi" (“Criminal Code of Canada”) və "Anti-Spam Qanunu" (“Canada's Anti-Spam Legislation” - CASL) kimi qanunlar vasitəsilə bu cür dələduzluqlarla mübarizə aparılır. Kanada Anti-Fırıldaqçılıq Mərkəzi (Canadian Anti-Fraud Centre) bu sahədə fəaliyyət göstərir.
Azərbaycana gəldikdə, qeyd edək ki, ölkəmiz “Kibercinayətkarlıq haqqında” 2001-ci il noyabrın 23-də Budapeşt şəhərində imzalanmış Konvensiyanı 30 sentyabr 2009-cu il tarixdə təsdiq etmişdir.
Bundan başqa, Cinayət Məcəlləsinin 30-cu fəsli “Kibercinayətlər” adlanır və həmin fəsildə Kompyuter sisteminə qanunsuz daxil olma (271-ci maddə), Kompyuter məlumatlarını qanunsuz ələ keçirmə (272-ci maddə), Kompyuter sisteminə və ya kompyuter məlumatlarına qanunsuz müdaxilə (273-cü maddə), Kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi (273-1-ci maddə), Kompyuter məlumatlarının saxtalaşdırılması (273-3-cü maddə) cinayət əməlləri hesab edilir.
Ölkəmizdə bu sahədə ixtisaslaşdırılmış dövlət qurumu olan Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi fəaliyyət göstərir. Bu idarə, texnologiyanın inkişafı ilə artan kibercinayətkarlıq hadisələri ilə mübarizə aparır. İdarənin əsas funksiyaları arasında kibercinayətlərə nəzarət etmək, dələduzluq, məlumat oğurluğu və digər kibercinayət halları ilə bağlı operativ tədbirlər həyata keçirmək yer alır.

Ümumilikdə götürdükdə, bu cür dələduzların “tor”una düşməmək üçün vətəndaşlar nələrə diqqət etməlidir?
Hər şeydən əvvəl şübhəli zənglərdən çəkinmək lazımdır. Çatdırılma şirkətindən olduğuna əmin olmadığınız şəxslərə şəxsi məlumatlarınızı qətiyyən verməyin. Çatdırılma ilə bağlı suallarınız olarsa, şirkətin rəsmi nömrəsi və ya saytı vasitəsilə əlaqə saxlamaq daha düzgün yol sayılır.
Bundan başqa, tanımadığınız şəxslərdən gələn mesajlardakı linklərə daxil olmayın.
Ödəniş tələbinə də şübhə ilə yanaşmaq lazımdır. Unutmayın ki, çatdırılma şirkətləri adətən əvvəlcədən əlavə ödəniş tələb etmir.
Yunis Xəlilov
Naxçıvan Dövlət Universitetinin “Ümumi Hüquq” kafedrasının müəllimi, hüquqşünas