Medianews.az
Sıfırdan ustalıq: Xarici dil öyrənməyin <span style=color:red>QIZIL QAYDALARI - FOTO
261 baxış

Sıfırdan ustalıq: Xarici dil öyrənməyin QIZIL QAYDALARI - FOTO

İngilis dili bu gün qlobal ünsiyyətin, təhsilin və karyera imkanlarının açarlarından biridir. Lakin bəzi insan bu dili öyrənməkdə çətinlik çəkir və təəssüf ki, bu prosesi özləri üçün əyləncəli və səmərəli edə bilmirlər. Əslində isə ingilis dili çox asan bir dildir və bu dili öyrənmək üçün doğru yanaşma və motivasiya ilə çətinlikləri rahatlıqla aradan qaldırmaq mümkündür. Sizə ingilis dilini öyrənməyə dair bir neçə effektiv üsul təklif edəcəyəm. Ilk olaraq bu dili öyrənməyə başlamazdan əvvəl məqsədinizi dəqiq müəyyənləşdirin. Yəni ingilis dilini nəyə görə öyrənmək istəyirsiniz? Xaricdə təhsil almaq üçün? Beynəlxalq iş imkanları üçün? Səyahət zamanı ünsiyyət qurmaq üçün? Məqsədiniz öyrənmə prosesində motivasiyanızı artıracaq və istiqamətinizi daha yaxşı müəyyənləşdirməyə imkan yaradacaqdır. Digər riayət etməli olacağınız üsul daimi plan qurmağınızdan keçir. Çünki dil öyrənmək ardıcıllıq və nizam-intizam tələb edir. Buna görə də günü müəyyən hissələrə bölmək metodu ilə sizin üçün uyğun zamanları ingilis dilinə ayırın. Tutaq ki, səhərlər yeni sözlər öyrənmək, günortalar qrammatika məşqləri etmək, axşamlar filmlərə baxmaq və ya podcast dinləmək kimi. Bununla da kiçik və davamlı addımlarla dil bacarıqlarınızı gün keçdikcə inkişaf etdirmiş olacaqsınız. Sizə başqa bir "qızıl qayda" deyim: Qrammatikaya fokuslanın, lakin onu qətiyyən hər şey saymayın! Düzdür, qrammatika dili öyrənməyin ən vacib hissəsidir, amma çox vaxt tələbələr yalnız qrammatik qaydaları əzbərləməklə məhdudlaşırlar. Bu düzgün yol deyil. Belə olarsa, ağlınız qrammatikanın yanında qaldığından sərbəst danışa biləyəcəksiniz. Bunun əvəzinə, qrammatik qaydaları real həyatda tətbiq etməyə çalışın. Məsələn: Özünüzə aid sadə cümlələr qurun: "I go to work every day". Daha sonra bu bəsit cümləni zaman formaları ilə təcrübə edin: Yesterday, I went to work və s. Lüğətinizi zənginləşdirmək də işin vacib olan başqa tərəfidir. Məlumdur ki, dilin əsasını lüğət təşkil edir. Yeni sözlər öyrənmək üçün nə etmək lazımdır? - Tematik yanaşma tətbiq edin: Məsələn, bu həftə səyahət mövzusunda sözlər öyrənin ("airport", "luggage", "passport"). - Yeni sözləri cümlələrdə istifadə edin. - "Flashcard" tətbiqlərindən istifadə edin (məsələn, "Quizlet"). Flashcard üsulu, ingilis dilini öyrənənlərin yeni sözləri daha yaxşı yadda saxlaması üçün ən populyar və effektiv metodlardan biridir. Bu üsul, məlumatları sadə və təkrar edilə bilən şəkildə təqdim edir, beyinin məlumatları uzunmüddətli yaddaşa ötürmə qabiliyyətini artırır. Flashcardlar bir tərəfi məlumat, digər tərəfi isə onun tərcüməsi və ya izahı ilə doldurulan kiçik kartlardır. Bu kartlar ingilis dilində yeni sözlər, ifadələr və qrammatik qaydaları öyrənmək üçün istifadə edilir. Onlar beyin üçün vizual və interaktiv təcrübə yaradır. Məsələn: Ön tərəf: "apple", Arxa tərəf: "alma" Bu kartlar, həm fiziki şəkildə kağızdan, həm də rəqəmsal tətbiqlərdə (məsələn, Quizlet, Anki) yaradıla bilər. Ingilis dilini öyrənməkdə digər effektiv üsul eşitmə bacarıqlarınızın inkişaf etdirilməsidir. Dinləmə bacarıqları dil öyrənmədə böyük rol oynayır. Dinləməyi inkişaf etdirmək üçün ingilis dilində filmlər izləyin, əvvəlcə altyazı ilə, sonra altyazısız. İngilis dilində musiqilərə qulaq asın və sözlərini təhlil edin. Podcastlar və audiokitablar dinləyin. Tətbiq edəcəyiniz metodlardan biri də oxu və yazı bacarıqlarınızı təkmilləşdirməklə bağlıdır. Çünki dil öyrənmədə oxu və yazı böyük əhəmiyyət kəsb edir. Bunun üçün hər gün qısa mətnlər oxuyun (məsələn, xəbər başlıqları və ya blog yazıları). Öz gündəliyinizi ingilis dilində yazın. İngilis dilində sosial mediada paylaşım etməkdən çəkinməyin. Təcrübəmdən deyim ki ingilis dilini xüsusilə təzə öyrənənlərdə müşahidə etdiyim hal danışmaqdan çəkinmə və utanma problemidir. Israrla tövsiyə edirəm ki, ünsiyyət qurmaqdan qətiyyə  qorxmayın. Bir çox insan danışmaqdan çəkinir, çünki səhv etməkdən qorxur. Amma unutmayın ki, səhvlər öyrənmənin bir hissəsidir. Bu məqsədlə dil mübadiləsi proqramlarına qoşulun (məsələn, "Tandem" və ya "HelloTalk"). Özünüzlə danışma təcrübəsi edin. Məsələn, gündəlik fəaliyyətlərinizi ucadan təsvir edin: "I am making coffee now". Yerli və ya onlayn danışıq klublarında iştirak edin. İngilis dilini öyrənərkən texnologiyadan maksimum şəkildə faydalanmağa çalışın. Təsadüfi deyil ki, müasir texnologiya dil öyrənmə prosesini daha əlçatan edir. Bu baxımdan tövsiyə edirəm ki, mobil tətbiqlərdən istifadə edin ("Duolingo", "Memrise", "Babbel"). Bundan başqa, "YouTube"dakı ingilis dili dərslərinə baxın. Sözlər öyrənmək üçün avtomatlaşdırılmış proqramlar qurun. Maraqlı üsüllardan biri də "əylənərək öyrənin" üsuludur. Dil öyrənmək məcburiyyət kimi yox, əyləncəli bir fəaliyyət kimi hiss edilməlidir. İngilis dilində maraqlı filmlərə və seriallara baxın ("Friends", "The Crown", "Stranger Things"). Sevdiyiniz oyunları və ya hobbiləri ingilis dilində öyrənin. Öz maraqlarınıza uyğun kitablar və ya məqalələr oxuyun. İngilis dilini öyrənərkən bu faydalı işi yarıda qoyanların çatışmazlığı hövsələsiz olmaları və özlərini yüksək səviyyədə ingilis dili bilənlərlə müqayisə edib ruhdan düşmələridir. Bunu etməyin! Səbrli olun və özünüzü kiminləsə qəti müqayisə etməyin. Unutmayın ki, dil öyrənmək uzunmüddətli bir prosesdir. Özünüzü başqaları ilə müqayisə etməkdən çəkinin. Hər kəsin öyrənmə sürəti və üslubu fərqlidir. Əsas odur ki, davamlı və ardıcıl şəkildə çalışasınız. Beləliklə, ingilis dilini öyrənmək nə qədər çətin görünsə də, doğru metodlardan istifadə edərək bu prosesi daha asan və əyləncəli etmək mümkündür. Əsas odur ki, motivasiyanızı qoruyasınız və müntəzəm şəkildə məşq edəsiniz. Unutmayın ki, hər bir yeni söz, hər bir yeni cümlə sizi ingilis dilində daha sərbəst bir danışan edir. Öyrənməkdən zövq alın və dili həyatınızın bir hissəsinə çevirin! Leyla Xəlilova İngilis dili müəllimi

Bizə qoşulun