Medianews.az
Mədəniyyətimizə kölgə salan “yaradıcılıq məhsulları”: <span style=color:red>Bayağı mahnıların CƏMİYYƏTƏ VURDUĞU ZİYAN
113 baxış

Mədəniyyətimizə kölgə salan “yaradıcılıq məhsulları”: Bayağı mahnıların CƏMİYYƏTƏ VURDUĞU ZİYAN

Musiqi əhval-ruhiyyə, yaddaş, stressin idarə edilməsi, motivasiya və sosial qarşılıqlı əlaqə kimi bir çox psixoloji proseslərə təsir edir. Bu amil nəzərə alınaraq, vaxtilə şairlər və bəstəkarlar musiqinin hər sözü, notu üzərində ciddi işləyir, ortaya sanballı bir iş qoyur, sözün əsl mənasında ruhu qidalandırırdılar. Lakin son dövrlər bəzi müğənni və bəstəkarlar tərəfindən bu prinsiplər gözlənilmir. Gündəmdə qalmaq üçün bayağı, hətta təhqiramiz ifadələrin yer aldığı “mahnılar yazılır” və səsləndirilir. İnternetin azad olduğu bir ölkədə “YouTube”yə yüklənən bu “musiqilər” asanlıqla hər kəsin evinə, telefonuna, kompüterinə yol tapır. Maraqlıdır, təhqirlərin, vulqar ifadələrin, açıq söyüşlərin yer aldığı “mahnılar” cəmiyyətin, o cümlədən uşaq, yeniyetmə və gənclərin psixologiyasına necə təsir edir? Psixoloq Fərqanə Mehmanqızı Medianews.az-a açıqlamasında deyib ki, musiqinin insanın ruhuna, şüuraltına çox böyük təsiri var. Onun qənaətincə, hətta psixologiyada musiqi ilə terapiyalar var: “Biz laylalarla böyümüşük. Onlar bizim xalqa məxsus olan musiqimiz, naturamızdır. Hər bir milləti xalq edən onun milli mənəviyyatıdır. Hansı bir xalq, millət ki, öz mənəviyyatından, milli mental dəyərlərindən uzaq düşür, başqa millətin mental dəyərlərini özününküləşdirməyə çalışırsa, mənəviyyatda dağınıqlığa səbəb olur. O da indiki cəmiyyətdə aqressivliyə, cinayətə, ailə institutunun dağılmasına səbəb olur. Ona görə də musiqilərə çox önəm vermək lazımdır. İnsan doğulduğu andan etibarən laylarla böyüyür. Laylalarımızdakı insasnı motivasiya edən, şəxsiyyətin formalaşmasına təsir edən, mənəvi aclığımızı qarşılayan sözlər bizim mənəviyyatımızdan xəbər verir. Deməli, bizim xəmirimiz belə yoğrulub. Başqa bir mental dəyərləri bizim dəyərlərə salanda artıq burada şiddət yönlü düzənsizlik baş verir”. Psixoloq vurğulayıb ki, əgər bu belə davam edərsə, 20 ildən sonra bu düzənsiz cəmiyyətin qarşısını almaq olmayacaq: “Çünki özü başqadır, dəyərləndirdiyi başqa. Bu da düzgün olmayacaq. Mən demirəm ki, bu “musiqiləri” qadağan etmək lazımdır, ya da qadağan edək. Çünki mən düşünürəm ki, bu sistematik olaraq mümkün olmayacaq. Mahnılarda bəzi sözlər var ki, onları qadağan edə bilərlər. Belə bir qanunun tətbiq olunsa, düşünürəm ki, həmin musiqilərin də təbliğatı azalar. Ümumiyyətlə, mənfi də müsbət də hər zaman olub. Amma mənfinin təbliğatının qarşısını almaq müsbətin öhdəsinə düşüb. Fikrimcə, bəhs etdiyimiz bayağı musiqilərin, mahnıların yayılmasının qarşısını el qınağı, ictimai qınaqla da  almaq olar. Lakin bu da bir reallıqdır ki, müasir dövrdə texnologiya sürətlə inkişaf edib və belə musiqilər biz istəməsək belə, hər birimizin evinə, uşaqlarımızın əlinin altına qədər gəlib çatır. Ona görə də ehtiyatlı olmalı, istər dövlət səviyyəsində, istərsə də cəmiyyət olaraq buna qarşı mübarizə aparmalı, musiqi zövqümüzü, mənəviyyatımızı qoruyub saxlamalıyıq. İmkan verməli deyilik ki, belə zövqsüz musiqilər mədəniyyətimizə kölgə salsın”. Mövzu ilə bağlı Medianews.az-a danışan psixoloq Şirin Məmmədli bildirib ki, musiqinin insan psixologiyasında, inkişaf tarixində olan rolu danılmazdır. Onun sözlərinə görə, ritmlər insanlar üçün hər zaman önəmli faktor olub: “Musiqinin inkişaf yoluna baxanda biz bu gün həddindən artıq bayağılaşma görə bilirik. Əslində biz desək də ki, niyə bu “mahnılar” var, yenə də nə isə dəyişən deyil. Bu “mahnıların” hətta bəziləri trend belə olur. Nəzərə almalıyıq ki, bu halın özü də istehsalçı və istehlakçı - istifadəçi münasibətidir. Bir şeyə ehtiyac var ki, o istehsal olunur. Ümumilikdə isə insanların istər inkişafı, istər sağlam psixikası, istərsə də uşaqların gələcək zövqünün formalaşmasında musiqinin həddindən artıq böyük rolu var. Biz bunu statistik olaraq da görə bilərik. Məsələn, ABŞ-də, Avropada kifayət qədər psixoloji testlər keçirilib. Bu testlər musiqi janrlar üzərində keçirilib. Müxtəlif musiqi janrları dinləyən insanlar arasında nə qədər psixoloji fərqlər olduğunu, insanların hansı mərhələdə, hansı ruh halında nə cür musiqi dinlədiyi açıq şəkildə bir-birindən fərqlənir”. Psixoloq vurğulayıb ki, bayağılaşmanın səbəbini tapmaq üçün cəmiyyətdə çatışmayan faktorlara baxmaq lazımdır: “Niyə insanlar bayağı mahnını üstün tuturlar? Xatırlayıram ki, 1900-cü illərin sonları, 2000-ci illərin əvvəllərində insanlar kifayət qədər klassik musiqi dinləyirdilər. O zamandan bu vaxta nə dəyişə bilər ki, bizim musiqilər bu qədər bayağılaşsın. Mən bir psixoloq kimi düşünürəm ki, Azərbaycanda əsasən də son dövr musiqisində senzuraya ehtiyac var. Xüsusən də uşaqların gələcək həyatı üçün bu, vacibdir. Burada bir çox musiqilər nəzərdə tutulur. Hansı ki, həddindən artıq qeyri-etik ifadələr işlədilən, yaxud da cinayətə, digər zərərli vərdişlərə, mənfi həyat tərzinə uşaqları sürükləyən musiqilərdir. Cəmiyyətimizi qorumaq, həmçinin yeniyetmə və gənclərin fiziki-mənəvi sağlamlığı, vətənpərvər ruhda böyüməsi, inkişaf etməsi üçün belə “musiqilərə” qarşı sərt senzura tətbiq edilməlidir”. Nailə QASIMOVA

Bizə qoşulun