Medianews.az
BRİCS Azərbaycana <span style=color:red>NƏ QAZANDIRACAQ? - TƏHLİL + FOTO
137 baxış

BRİCS Azərbaycana NƏ QAZANDIRACAQ? - TƏHLİL + FOTO

Bu həftə Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Rusiya Federasiyasında səfərdə olub. Səfər çərçivəsində Moskvada Azərbaycan və Rusiya dövlət başçılarının görüşü keçirilib. Ardınca isə MDB Dövlət Başçıları Şurasının iclası öz işinə başlayıb. Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevi oktyabrın 23-24-də Kazanda BRICS xətti ilə BRICS plyus-autriç tədbirlərinə dəvət edib. O, BRICS-lə əməkdaşlıq etməyə çalışan çox sayda ölkəni bu beynəlxalq tədbirə dəvət etdiyini xatırladaraq, iyirmi beş həmkarının artıq öz iştirakını təsdiqlədiyini vurğulayıb. Prezident İlham Əliyev dəvətə görə minnətdarlığını ifadə edib. Qeyd edib ki, Azərbaycan BRICS plyus-autriç tədbirlərində öz iştirakını təsdiq etmiş 25 ölkə arasındadır. Maraqlıdır, BRICS-lə əməkdaşlıq Azərbaycana nə verəcək? Bu beynəlxalq təşkilatın üzvünə çevrilmək ictimai, siyasi, iqtisadi baxımdan ölkəmizə nə qazandıracaq? Mövzu ilə bağlı Medianews.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, BRİCS öz sıralarını günü-gündən genişləndirən böyük iqtisadi güc və siyasi təsir platformasına çevrilməkdədir. Millət vəkilinin sözlərinə görə, dünya nizamında baş verən ədalətsizliklər və Qərbin dünya iqtisadi sisteminə təsir imkanlarından istifadə edərək digər ölkələri öz iradəsinə tabe etmək cəhdləri BRİCS təşkilatına qlobal marağın artmasına səbəb olur: “BRİCS-ə üzvü ölkələr dünya əhalisinin 41%-ni, dünya ticarət dövriyyəsinin 18%-ni əhatə edir. Bu gün BRİCS üzv dövlətləri yüksək texnologiyalara, təbii və əmək resurslarına malikdir. O cümlədən BRİCS dövlətləri BMT Təhlükəsizlik Şurasında, G20-də, Afrika Birliyində, Qoşulmama Hərəkatında, Şanxay Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq qurumlarda təmsil olunurlar. Bu da BRİCS-in ancaq iqtisadi yox, həm də yeni bir siyasi gücün meydana gətirməsi kimi dəyərləndirilə bilər. BRİCS-in beynəlxalq münasibətlər sistemində rolu və çəkisi günü-gündən artmaqdadır. Həm də BRİCS nizamnaməsində qarşılıqlı hörmət, ədalət və bərabərlik üzərində əməkdaşlığın genişləndirilməsi əsas məqsəd olduğu qeyd edilib”. A.Badamov söyləyib ki, BRİCS-ə üzv olması Azərbaycana bir çox üstünlüklər qazandıracaq. Deputatın qənaətincə, bu təşkilata üzvlüyün ölkəmizə verəcəyi töhfələri bir neçə istiqamətə ayırmaq mümkündür: “Bu, ilk növbədə iqtisadi inteqrasiyadır. BRİCS iqtisadiyyatı sürətlə inkişaf edən ölkələrdən ibarətdir. Azərbaycanın bu təşkilatda iştirakı ticarət və investisiya imkanlarını artıraraq  iqtisadi diversifikasiyaya kömək edə bilər. Bu təşkilatda Çin, Rusiya, Braziliya, Hindistan və Cənubi Afrika kimi qlobal iqtisadi nəhənglər birləşib. Bu gün qlobal bazarlara çıxış imkanlarının genişləndirilməsi vacib məsələlərdəndir. Görürük ki, Qərb öz istəklərini digər regionlarda reallaşdırmaq üçün təsir imkanı kimi sanksiyaların tətbiqini önə çəkir. BRİCS ölkəmizə ixrac bazarlarının diversifikasiyası imkanını qazandıracaq. Bu da Qərbin sanksiya ilə ölkəmizi hədələmək imkanlarının aradan qalxmasına yol açacaq. Həm də bu təşkilata üzv ölkələrin investisiya yatırmaq imkanları genişdir. Ölkəmiz xarici investisiyalar üçün açıqdır və bu təşkilata üz olmağımız ölkəmizə investisiya axınını daha da sürətləndirəcək”. Komitə sədrinin müavini Azərbaycanın BRİCS-ə üzvlüyünün siyasi əhəmiyyətinə də diqqət çəkib: “İkinci mühüm məqam siyasi güclənmədir. BRİCS qlobal məsələlərdə daha çox söz sahibi olmağa imkan tanıyır. Azərbaycanın burada olması beynəlxalq platformalarda daha güclü bir səs əldə etməyə köməkdir. Dünya beşdən böyükdür. BRİCS iqtisadi birlik olmaqla yanaşı, həm də dünya siyasi sistemində çəkisi olan ölkələri birləşdirir. Bu baxımdan bu təşkilatda olmağımız beynəlxalq platformalarda sözümüzün gücünü artıracaqdır. Digər mühüm məqam regional təsir amilidir. Azərbaycanın BRİCS-ə daxil olması, regionda strateji əməkdaşlığını gücləndirərək enerji, nəqliyyat və təhlükəsizlik sahələrində yeni imkanlar yarada bilər. Azərbaycan Çinin müəllifi olduğu “Bir kəmər, bir yol layihəsi”nin iştirakçısıdır. Ölkəmizin iştirak etdiyi Orta dəhliz Asiya ilə Avropa arasında yük daşımalarda ən səmərəli marşrut olduğunu təsdiq edib. BRİCS-ə üzvlüyümüz Çinlə Avropa ölkələri arasında iqtisadi əməkdaşlığın genişlənməsində ölkəmizin rolunu artıracaq. Təbii ki, bu da regionda yeni əməkdaşlıq və təhlükəsizlik mühitinin formalaşmasına yol açacaq”. “BRİCS-ə üzvlükdə müxtəliflilik və dayanıqlılıq amili də var. Yəni, müxtəlif ölkələrlə əməkdaşlıq Azərbaycanın iqtisadiyyatını daha dayanıqlı hala gətirə və müxtəlif bazarlarla əlaqələri artırmağa kömək edə bilər. Texnologiya və innovasiya sahəsində də dividentlərin əldə olunması mümkündür. Belə ki, BRİCS ölkələri arasında texnoloji mübadilə və innovasiyaların inkişafı Azərbaycanın bu sahələrə irəliləməsinə dəstək ola bilər. Bu gün iqtisadi inkişafı texnologiyalar və innovasiyalarsız təsəvvür etmək mümkün deyil. BRİCS-ə daxil ölkələrdə bu sahələr sürətlə inkişaf edir. Azərbaycan da bu təşkilata üzv olmaqla ölkə iqtisadiyyatına yüksək texnologiyaların və innovasiyaların cəlb edilməsi prosesini sütrətləndirə bilər. BRİCS-ə üzv olmağımızla ölkəmizin qazanacağı bu imkanlar Azərbaycanın beynəlxalq mövqelərini gücləndirə və daha geniş iqtisadi imkanlar açmağa kömək edə bilər”. Vüqar MƏMMƏDOV

Bizə qoşulun