Medianews.az
“Təhsil sistemimiz rus dilində ilişib qalıb” – Psixoloq
138 baxış

“Təhsil sistemimiz rus dilində ilişib qalıb” – Psixoloq

“Dövlət gənclərə dil seçimində yön göstərməlidir”. Bu sözləri Medianews.az-a psixoloq Əfsanə Rüstəmova söyləyib. Psixoloq ailələrin övladları rus dilində tədrisə yönəltməyinin səbəblərini açıqlayıb: “Adətən insanlar öz yaşadıqları çətinlikləri övladları yaşamasın deyə özlərində əskik olan cəhətlərlə uşaqlarını təmin etməyə çalışırlar. Bu qayğıkeş və doğru yanaşma sayıla bilər. Burada doğru olmayan yanaşma ondan ibarətdir ki, dönəm və dövr fərqlidir. Əvvəllər biz SSRİ əsarətində olan ölkə idik. O zamanlar bizim üçün rus dili əhəmiyyətli səviyyədə idi. Həmin dövrdə biznes münasibətləri rusdilli şirkətlərin tabeliyində olduğu üçün ünsiyyətimizi də o dildə qururduq. Lakin Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq aləmə daha çox meyl etdik. Artıq xarici dil kimi ingilis, fransız, alman dili əhəmiyyət qazanmağa başladı. Biznes münasibətlərində də ingilis dilinə keçid edildi. Bu səbəbdən valideyn övladının gələcəyinin daha uğurlu olmağını istəyirsə, öz travmalarından təsirlənərək qərar verməməlidir. Uşağa fayda vermək üçün dominant dillərə üstünlük verilməlidir”. Əfsanə Rüstəmova bildirib ki, təhsil sistemi gəncləri doğru istiqamətə yönəltməyə maraq göstərmir: “Zaman dəyişdikcə tələblər də dəyişir. Buna sadə bir örnək deyim. Əvvəllər analar qız övladlarının gələcək evliliyi üçün uşaqlıq yaşlarından stəkan, boşqab və digər avadanlıqları alaraq cehiz yığırdılar. Lakin anlamırdılar ki, hər keçən il texnologiya inkişaf edir. Qız evlənmə yaşına çatdıqda isə artıq həmin cehiz köhnəlmiş olduğu üçün yeniləri ilə əvəz edir. Ana da məcbur şəkildə özü işlədir. Ona görə də insanlar uğurlu olmaq istəyirlərsə, dəyişən dünyamıza ayaq uydurmalıdır. Bu səbəbdən düzgün xarici dil seçimi çox vacibdir. Bu məsələyə qarşı dövlət də həssaslıq göstərməlidir. Gələcək üçün layiqli vətəndaş yetişdirmək istəyirsə, təhsildə doğru yön göstərməlidir. Lakin məktəblərin bu məsələyə laqeyd yanaşdığını görə bilərik. Ona görə də rus dilində ilişib qalıblar. Əvvəllər şikayət edirdilər ki, ədəbiyyatlar başqa dildə yoxdur. Amma indi Azərbaycan dilində tərcümələri, türkcə tərcümələri və ya ingilis dilində orjinalları oxuya bilərlər”. Xanlar Əlibəy Medianews.az

Bizə qoşulun