Medianews.az
Kamran Əsədov rus dilində təhsildən danışdı: "Bu dilə dəb kimi yanaşanlar ..."
108 baxış

Kamran Əsədov rus dilində təhsildən danışdı: "Bu dilə dəb kimi yanaşanlar ..."

Təhsil naziri Emin Əmrullayev açıqlamasında bildirib ki, Azərbaycanda rus bölməsi məktəblərinin keyfiyyəti Azərbaycan bölməsindən əsaslı şəkildə aşağıdır. O qeyd edib ki, rus bölməsinin nəticələri getdikcə aşağı düşür. Eyni məktəbin sektorları arasında nəticəyə baxa bilərik. Məsələn, Z. Əliyeva adına lisey riyaziyyat fənni baxımından ən yaxşı nəticə göstərən məktəblərdən biridir. Bu təhsil müəssisəsində Azərbaycan bölməsi üzrə nəticə 75, rus bölməsi üzrə isə 68-dir. Ən yaxşı rus bölməsi məktəbi Azərbaycan bölməsi üzrə top 15-ə belə düşmür. Bunun özü cəmiyyət, təhsil ictimaiyyəti üçün bir sualdır. Bu baxımdan bizim bölmələrimiz və təhsilin keyfiyyəti tədqiqat mövzusu ola bilər. Bəs görəsən reallıq necədir? Həqiqətən də rus bölməsi daha zəifdirmi? Ölkəmizdə başqa xarici bölmələrin mövcudluğuna ehtiyac varmı?

Mövzu barədə Medianews.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirdi ki, rus dilində təhsilə dəb kimi yanaşanlar var:

"Onların çoxu elə bilir ki, rus dilində oxumaqla uşaqlar öz intellektləri ilə seçiləcəklər. Ancaq bu belə deyil. Əvvəla, indi əvvəlki intellektli müəllim nəsli azalıb. Məncə uşaqların rus dilində təhsil almalarındansa, ingilis dilinə üstünlük vermələri daha məqsədəuyğundur. Rus dilini əlavə dil bilmək xətrinə öyrənmək olar. Amma ümumi tədrisi rus dilində almağa can atmaq düzgün deyil. Xüsusən əgər uşaq Azərbaycanda yaşayıb işləyəcəksə, öz dilində təhsil almalıdır. Ancaq əlavə dilləri mənimsəsə, gələcəyi üçün perspektivli olar”.

Ekspert bildirdi ki, hazırda ümumilikdə orta məktəblərin 7,6%-də təhsil rus dilindədir: “4472 orta məktəbin 340-ı rus bölməsinə aiddir. Həmin məktəblərdə 90 min şagird təhsil alır.  Bu isə o deməkdir ki, ümumilikdə təhsil alan uşaqların 6,3%-i rus dilində oxuyur. Doğrudur, orta məktəblərdə 450 min uşağa rus dili xarici dil kimi tədris edilir. Bu isə ümumi şagirdlərin 32% -i deməkdir. Onlarla yanaşı ölkə üzrə ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin bölmələr üzrə sayı: Azərbaycan bölməsin üzrə respublikada 1.428.608 nəfər şagird, rus bölməsi 131.412 nəfər, gürcü dili 1.114 nəfər, ingilis dili 5.457, fransız dili 130, türk dili bölməsi üzrə isə 295 nəfər şagird təhsil alır. Ümumilikdə respublika ümumtəhsil məktəblərində 1.567.016 nəfər şagird qeydə alınıb. Sinif sıxlığına görə ən böyük göstərici hər sinifdə ortalama 27 şagirdlə türk dili bölməsindədir. Ölkədə şagird sayının çoxluğu müşahidə olunan Azərbaycan və rus dili bölmələrində sinifdə şagird sıxlığı müvafiq olaraq 18 və 24 nəfər təşkil edir”.

Kamran Əsədovun sözlərinə görə, rus bölməsinə  marağın çox olması valideynin övladını layiqli mühitdə oxutdurmaq istəyi ilə əlaqəlidir: “Əgər dərsliklərin keyfiyyəti düzəlməyibsə, müəllimlərin şagirdə primitiv münasibəti qalırsa, onda valideyn uşağını hansı bölməyə aparsın? Valideyn elə bir mühit axtarır ki, uşağı bu cür mənfi hallarla qarşılaşmasın. Valideyinlər istəmir ki, onların uşaqları keyfiyyətsiz kitablardan dərs alsın. Ruslarda həm illüstrasiya, həm də məna baxımından kitab məsələsinə daha ciddi yanaşma var. Məsələn, yaxşı yazılmayan tarix kitabını kim oxuyar? Tarix kitabı peşəkar yazılmalıdır ki, bədii ədəbiyyatdan aldığın zövqü ondan alasan. Təsadüfi insanlar, qohum-əqrəba kitab yazmamalıdır. Bu amillər tədrisin keyfiyyətinə mənfi təsir edir”.

Təhsil eksperti qeyd etdi ki, Azərbaycan dilinin tədrisinin keyfiyyətini yüksəltməlidirlər: “Həmçinin rus sektorunda Azərbaycan dilinin tədrisinə fikir verməliyik. Yəni rus bölməsində oxuyan şagirdlər də Azərbaycan dilini mükəmməl bilməlidirlər. Rus bölməsinin sayının artmasını faciəyə çevirməyə ehtiyac yoxdur. Son 70 ildə Rus dilinin önəmliyi olduqca yüksək idi, bu danılmazdır. Mütəxəssislərimizin bir qismi rusca daha rahat danışır, nəinki Azərbaycan dilində. Təhsil sistemimizdə rus dilinin böyük rolu vardı”.

Kamran Əsədovun fikrincə, hər bir insan nə qədər çox dil bilsə bu onun gələcəyi üçün yüksək nəticəyə gətirib çıxarır: “O ki, qaldı rus dilinə, gəlin yaddan çıxartmayaq ki, dünyanın quru ərazisinin 6/1 hissəsinin insanları bu dildə danışırlar. Bu dildə həddindən artıq informasiya bolluğu var. Rus dilini bilmək bizim üçün böyük bir informasiya məkanıdır və bunun nəyi pisdir ki? Düzdür, 2017- ci ildə Kiyevdə hələ ötən il rus dilində baza təhsilini qadağan etdilər, baxmayaraq ki, əhalinin 17%-i rusdur. Qazaxıstan da qazax dilində tam təhsilə keçdi. Gürcüstan və Baltikyanı ölkələr çoxdan rus dilini təhsil sistemindən çıxarıblar. Amma qeyd edim ki, rus dilini bilmək şagirdə böyük imkanlarından istifadə etməyə imkan verir, yarıboş və heç bir xarici dil bilməyən isə sadəcə hansısa yarımçıq bilgilər üçün yarayır”.

Ekspert bildirdi ki,  daha istedadlı gənclər  yetişdirmək üçün rus bölməsinə ehtiyac var: “Son ildə ali təhsil müəssisələrinə müsabiqədə iştirak etmək hüququ qazananların 91.25%-i Azərbaycan, 8.75%-i isə rus bölməsinin abituriyentləri olmuşdur. Qeyd edim ki, hər iki bölmənin birgə müsabiqəsi üçün ayrılan yerlərin hesabına Azərbaycan bölməsinin abituriyentləri qəbul planının minimum 71.23, maksimum 92.57%-ni, rus bölməsinin abituriyentləri isə minimum 7.43, maksimum 28.77%-ni tuta bilərdilər. Göründüyü kimi, minimum və maksimum imkanlar arasında fərq kiçikdir. Bu isə Azərbaycan bölməsində daha hazırlıqlı gənclərin ali təhsil müəssisələrinə qəbul olmaq imkanlarında süni maneələr yaradır”.

Kamran Əsədov bildirdi ki, plan yerlərinin təhsil formaları üzrə bölgüsünün müqayisəsi göstərir ki, son illərdə Azərbaycan və rus bölmələrinin birgə müsabiqəsi üçün ayrılan yerlər 5.24% artmışdır: “Bununla belə qeyd etmək lazımdır ki, cari ildə hər iki bölmənin birgə müsabiqəsi üçün ayrılan yerlər ümumi plan yerlərinin cəmi 21.25%-ni təşkil etmişdir. Bu göstərici 2018-ci ildə 21.44%, 2017-ci ildə 14.80%, 2016-cı ildə 18.73%, 2015-ci ildə 13.95%, 2014-cü ildə 13.87% olduğu halda, 2013-cü ildə 56.18% olmuşdur. 2013-cü illə müqayisədə son altı ildə həyata keçirilən bu cür dəyişiklik arzuolunmaz haldır. Çünki bəzən Azərbaycan və rus bölmələrinin abituriyentləri eyni test suallarına cavab verdikləri halda, plan yerlərinin ciddi bölgüsü və müsabiqə vəziyyətinin fərqli olması nəticəsində bu bölmələrin eyni ixtisasları üzrə tam fərqli keçid balları yaranır. Plan yerləri birgə müsabiqə üçün ayrıldıqda isə həmin yerlərə bölməsindən asılı olmayaraq daha hazırlıqlı gənclər qəbul olunur”.

Zərif Ülviqızı Medianews.az

Bizə qoşulun