2003-cü ilin bu vaxtları idi. Növbəti prezident seçkisi bəlli ssenari üzrə, saxtakarlıq və zorakılıqlarla keçirmişdi, “Bizim Azərbaycan” blokunun, müxalifətin geniş spektrinin vahid namizədi İsa Qəmbərin komandasına daxil olan liderlər, eləcə də çoxsaylı tərəfdarlar həbs olunmuşdu. Məcburən ölkədən qaçanlar, ölkə daxilində gizlənənlər vardı. Düşərgəni bütünlükdə ümidsizlik bürümüşdü.
Biz – “Yeni Müsavat” qəzetinin kollektivi öz redaksiyamıza yaxın gedə bilmirdik, minalanmış sahə kimi şey idi, yaxın gedəni tutub polis bölmələrinə aparırdılar. Məcburiyyət üzündən “Azadlıq” qəzetinin Xaqani-33-dəki redaksiyasına yerləşmişdik, bizə ayrılmış 2-3 otaqda qəzet çıxarırdıq. O otaqlardan biri də “Məkan” qəzetinə aid idi, qəzetin baş redaktoru Sucəddin Şərifov otağını da, kompüterini də bizə vermişdi.
Baş redaktorumuz Rauf Arifoğlu həbsdə idi, əməkdaşların əli-qolu işə yatmırdı, 3-4 nəfər bir güncdə dayanıb mühacirətə getməyə dair söhbətlər edirdi, saat 12-də işə gəlib, iki saatdan sonra redaksiyadan ayrılanlar vardı. Bir sözlə, ümidlər puç olmuşdu, hər gün gələn həbs xəbərləri müxalifət düşərgəsində olduğu kimi, qəzetçilərdə də ruh düşgünlüyü yaradırdı, repressiyanın daha da güclənəcəyi, qəzetlərin bağlanacağı gözlənilirdi.
Belə günlərin birində Hikmət Hacızadə “Azadlıq” qəzetinin ikinci mərtəbəsində göründü və “Yeni Müsavat” əməkdaşlarının yığışdığı otağa daxil olaraq salamsız-kalamsız bəyan etdi: “Fso, uşaqlar, bu gündən buraların Panax Quseyni özüməm!”
Onun bu və sonrakı zarafatına güldük, atmosfer bir anda dəyişdi. Hikmət Hacızadə yarırus-yarı azərbaycanca danışaraq əməkdaşlarımızın ovqatını dəyişdirdi, “həy şey yaxşı olacaq, vse budet xoroşo, əsas odur ki, ruhdan düşməyəsiz, bu demokratiya mücadiləsidir, dünən Panax Quseyn idi əsas mücahid, bu gün bizik” deyə yarızarafat-yarıciddi söhbətlər elədi, lətifələr danışdı.
Getməzdən öncə o, böyük fransız yazıçısı Viktor Hüqonun məşhur əsərlərinin birində olan fəsli – Klençarli haqqında hekayəti tapıb tərcümə etməyi və qəzetdə verməyi məsləhət gördü. Həmin hekayəti əməkdaşımız Rahib Kazımlı, deyəsən, Çingiz Sultansoydan tapıb, tərcümə etdi və bir-iki gün sonra onu qəzetimizdə dərc etdik.
Hüqonun həmin əsərində siyasi-hərbi mübarizəni uduzmuş yakobinçilərdən biri olan varlı-hallı Klençarlidən, onun mübarizəsindən, məğlubiyyət acısı yaşamasından, ancaq təslim olmamasından, şərə, irticaya boyun əyməməsindən, yeni hakimiyyətə satılmamasından, sınmamasından, dostlarından və ölkəsindən inciyərək uzaqlara getməsindən söhbət gedirdi. Olduqca təsirli bir hekayət idi.
Hikmət Hacızadə bu hekayətin tərcüməsini və dərcini ona görə məsləhət görürdü ki, repressiyaya məruz qalaraq depressiyada olan insanlar görsünlər ki, demokratiya gediləsi uzun yoldur, amma heç vəchlə ruhdan düşmək olmaz, mübarizə yarımçıq saxlanılmamalıdır və hamı bilməlidir ki, ən acı məğlubiyyət təqdirində sifəti, əqidəni qorumaq mümkündür – ən azı satılmadan uzaqlara getməklə.
Dünən Hikmət Hacızadənin Müsavatdan istefa verməsi xəbəri yadıma məhz o Klençarli söhbətini saldı.
İşə baxın, 11 il öncə hərbi-siyasi çevriliş edibmiş kimi hakimiyyətə yiyələnən, daha dəqiqi, onu əlindən verməyən rejimin əsdirdiyi repressiya rüzgarı zamanı optimizmini itirməyən, hətta başqalarının ovqatını dəyişdirən, onları gələcəyə inam bəsləməyə çağıran Hikmət Hacızadə özü indi Klençarli kimi hərəkət etdi.
Sentyabrın 27-də, Müsavatın qurultayının sonlarında, səslərin sayıldığı zaman Hikmət Hacızadənin tribunada etdiyi çıxışı xatırlayıram. Yeni optimizm dolu, zarafatlarla zəngin, cəsarətli, orijinal, heç kəsinkinə bənzəməyən bir çıxış idi. Onun çıxışında partiyanın və ölkənin gələcəyinə inam vardı.
Ancaq üstündən 50 gün keçəndən sonra böyük intellekt sahibi, həm də olduqca səmimi insan olan Hikmət Hacızadə belə bir addım atdı. Bunun ciddi səbəbləri olmalıdır, ölkənin ən optimist siyasətçisi birdən-birə belə addım atmazdı.
Yaxşı yol, Klençarli, işlərin avand olsun, sən bu ölkənin ən görkəmli demokratı, ən azad və səmimi insanlarından birisən. Zamanında düz deyirdin, demokratiya gediləsi uzun yoldur və onun haqqında 150 min yox, 150 milyon işarə yazsan da kifayət deyil. Demokratlıq həyat tərzidir.