“İtaliyanın Turin şəhərində keçirilən 66-cı “Avroviziya” mahnı müsabiqəsində Azərbaycan iştirakçısı 16-cı yerdə qərar tutub. Azərbaycan təmsilçiləri bu yarışmada çox gözəl, yüksək səviyyədə, maksimum şəkildə çıxışını etdi. Ancaq avropalıların bizə niyə az səs verməsi də bəllidir. Hər dəfə müsabiqənin Azərbaycan üzrə təşkilatçıları qeyd edirlər ki, avropa dinləyicisinin zövqünü ancaq avropa bəstəkarı oxşaya bilər, bunun üçün də biz avropa bəstəkarlarına müraciət edirik”.
Bu sözləri Medianews.az-a açıqlamasında Əməkdar artist, tanınmış bəstəkar Gövhər Həsənzadə bildirib. O, qeyd edib ki, avropa tamaşaçısının gündəlik eşitdiyi mahnılar diqqətini çəkmir:
“Bizim musiqimiz, incəsənət xadimlərimiz, mədəniyyətimiz çox rəngli, möhtəşəm və çoxşaxəlidir. Yəni bu rənglilik o qədərmi görünmür? Bu gün gözəl səs imkanları, səs texnikası, yaraşığı, istedadı olan kifayət qədər gənclərimiz, gözəl bəstəkarlarımız varkən niyə beynəlxalq səhnədə öz musiqimizi, kompozisiyamızı deyil, Avropa musiqini təqdim edirik? Avropalılara avropa musiqisinimi təqdim edirik? Niyə? Ona görə nəticəmiz tamaşaçının bizə verdiyi 3 xal oldu. Hərdən düşünürdüm ki, bəlkə mən müasir deyiləm, yalnış düşünürəm, aşırı patriotik davranıram, ancaq o 3 xal heç də belə olmadığını göstərdi. Avropa tamaşaçısı bununla da demiş oldu ki, bizim gündə eşitdiyimiz sıradan bir mahnını səhnədə eşitməyə ehtiyacımız yoxdur. Vəssalam. Bu tamaşaçıların müsabiqəsidir.
Azərbaycanın dünya səhnəsinə çıxara biləcək ifaçısı da var, aranjmançısı da, bəstəkarı da. Bizim çox böyük sənətkarlarımız, gənc, müasir düşüncəli potensiallı gənclərimiz var. Mən bunu illərdir deyirəm. Kim istəyir qəbul etsin, kim istəyir etməsin. Düşünürəm ki, gələn il milli kadrlarımızdan ibarət özümüzə aid olan musiqimizlə beynəlxalq səhnəyə çıxacağıq. Buna ümidlə yanaşıram”.
Medianews.az