Medianews.az
Tənqidə dözümsüz imperator: <span style=color:red>Napoleon nə üçün edam edilmədi? - FOTOLAR
284 baxış

Tənqidə dözümsüz imperator: Napoleon nə üçün edam edilmədi? - FOTOLAR

Tarix kitablarında Fransa imperatoru Napoleon Bonapartı uçuruma doğru aparan bir çox səbəblər sadalanır. Onun hökumət adamları tərəfindən tənqidə dözümsüz olmasından tutmuş, ekspansion siyasətinə xarici işlər naziri Taleyranın qarşı çıxmasına görə vəzifəsindən azad edilməsinədək, hətta ölkədə senzuranın getdikcə daha geniş vüsət alması, Napoleonun şəxsiyyətinə pərəstişliyin artması da daxil olmaqla onlarla səbəblər sadalanır. Əlbəttə, bu səbəbləri göz-ardı etmək olmaz. Lakin Napoleon Bonapartın sonunu gətirən əsas həlledici faktorun onun Rusiya üzərinə yürüş etməsi olmasını xüsusilə qeyd etməliyik. Bəli, fransızlara qarşı həlledici döyüşdən qaçınaraq Napoleona qarşı taktikasını rus imperatoru I Aleksandra “Biz Napoleona qalib gəlməyəcəyik. Biz onu aldadacağıq” - deyə ifadə edən rus sərkərdəsi, general-feldmarşal Mixail Kutuzov bu dediklərində çox haqlı çıxdı. Napoleon Bonapart Rusiya üzərinə yürüşlə uğursuzluqlarının başlanğıcını qoydu. Sonrakı hadisələr isə məlumdur. 1813-cü ildə Leypsiq yaxınlığında “Xalqlar döyüşü” ilə fransızların qəti məğlubiyyəti... Müttəfiqlərin Parisə daxil olması ilə imperatorun taxtından imtina etməsi... 1814-cü ildə məğlubiyyətin acılarına dözməyərək özünü zəhərləmək cəhdi... Napoleonon 20 aprel 1814-cü ildən Aralıq dənizindəki Elba adasına imperator titulu saxla­nılmaqla sürgün edilməsi... 26 fevral 1815-ci ildə sürgündən qaçaraq 20 martda maneəsiz Parisə dönən Napoleonun əldən verilmiş mövqeləri qaytarmaq istəməsi... Lakin yüz günlük hakimiyyətdən sonra, Vaterloo döyüşündəki məğlubiyyəti ilə onun ikinci dəfə imperatorluqdan imtina etməyə vadar edilməsi və Müqəddəs Yelena adasına sürgün olunması... Tamam onun sürgün olunmalarına qədər, hər şey başadüşüləndir. Məni düşündürən isə, Napoleon Bonapartın nəyə görə edam edilməməsidir? Bir halda ki, o çox böyük bir təhlükə hesab edilirdi, görəsən, onu nəyə görə birdəfəlik fiziki baxımdan ortadan götürmək qərarı verilmədi? Digər maraqlı sual isə budur: Nəyə görə Napoleon Bonapartın sürgün edilməsinə qərar verildi? Sürgün etməkdə nə məqsəd güdülürdü? Gəlin, bu suallara cavab kimi bəzilərinin səbəb olaraq gördükləri məqamlara nəzər salaq: 1. Napoleonun nüfuzundan ehtiyatlanma problemi – Məlumdur ki, Napoleon Avropanın monarxik rejimlərini təhdid edən bir lider olsa da, o dövrdə onu edam etmək əksər Avropa gücləri üçün riskli ola bilərdi. Ehtiyat olunurdu ki, Napoleonun edamı onu xalqın gözündə şəhid qəhrəmana çevirə bilərdi. Bu isə, xüsusilə Fransada onun hələ də böyük nüfuza və geniş əlaqələrə malik olduğu bir mühitdə yeni üsyanlara səbəb ola bilərdi. Bu iddia daha çox abstrakt ehtimallara əsaslanır və o qədər də əsaslı deyil. Nüfuzu ciddi şəkildə zərər görmüş Napoleon birləşmiş güclərin qarşısında nə edə bilərdi ki? Karizması imkan versəydi, elə hakimiyyətdə qalmazdımı? 2. Monarxik dəyərlərə hörmət prinsipi – Vyana Konqresində iştirak edən Avropa gücləri (İngiltərə, Rusiya, Avstriya, Prussiya) monarxik legitimlik prinsipinə böyük önəm verirdi. Napoleon hər nə qədər də devrilmiş olsa da, Avropanın monarxik liderləri üçün bir hökmdarın edam edilməsi arzuolunmaz bir presedent yarada bilərdi. Bu səbəb heç də inandırıcı deyil. Çünki Avropada əvvəllər monarx edam etmə qərarları olmuşdur. Məsələn, XVI Lüqoviq “vətənə xəyanət” ilə ittiham edilərək 21 yanvar 1793-cü ildə Parisdə gilyotinlə edam edimişdir. 3. Sürgün cəzasının daha effektiv olması – Bu cəza, onun tərəfdarlarından uzaq saxlanılmasını təmin edirdi və siyasi riskləri mimimuma endirirdi. Bu iddiaya da haqq qazandırmaq düzgün deyil. Çünki sürgün cəzasının özü riskli deyildimi? Sürgün Napoleon tərəfdarlarının ümidinin güclənməsi və imperatorun sürgündən xilas ola biləcəyi ehtimalını doğura bilməzdimi? 4. Napoleonun aşağılanması və onun güzdən salınması istəyi – Məlumdur ki, Elba adasında sürgündə olarkən “Elba kralı” kimi Napoleona bir saray qurmasına icazə verilmişdi. Belə ki, adada onun “xidməti”ndə bir aşbaz, bir pianist və bir qisim də saray mənsubu saxlanmışdı. Lakin risklərini düşündükdə Napoleondan bu cür qisas almanın heç də məntiqli görünmədiyini asanlıqla təsəvvür etmək olar. Bu baxımdan qeyd olunan iddia da o qədər rasional sayıla bilməz. 5. Taleyranın qurduğu hiylə – Bu iddia Napoleonun Elba adasına sürgün olunarkən Taleyranın buna israrla qarşı çıxaraq imperatorun daha uzaq bir yerə sürgün edilməsini təklif etməsi ilə bağlıdır. İmperatorun uğursuz diplomatiyasının Avropada siyasi tarazlığı pozmasını görən Taleyran hələ Napoleonun hakimiyyəti illlərində onun əleyhinə fəaliyyətə başlamışdır. İmperatorun məğlubiyyətindən sonra isə o, Napoleonun daha uzaq bir yerə sürgün edilməzsə, Avropanın heç bir zaman rahat ola bilməyəcəyini dəfələrlə dilə gətirmişdi. Lakin Taleyranı dinləməmişdilər. Buna görə də fikrini heç cür qəbul etdirə bilmədiyini görən Taleyran buna səbrlə həyata keçirilən siyasətlə nail oluna biləcəyi qərarını vermişdi. O, ehtiyatlı və incə siyasət yürüdərək İngiltərə və Avstriya xarici işlər nazirləri Castlereaghı və Mitternichi öz tərəfinə çəkə bilmişdi. Maraqlıdır ki, bu iddianı haqlı çıxarmaq üçün avstriyalı general Kollerin Elba adasında Napoleonu ziyarət etməsi faktı irəli sürülür. Düzdür, bəzi mənbələrə görə general Koller Napoleonla görüşündə əgər qaçarsa, İngiltərə daxil bütün Avropa güclərini onun təkrar iqtidara gələcəyini qəbul edəcəyinə inandırmışdı. Qısası, bu iddanı dəstəkləyənlərin fikrincə, hiylə ilə Taleyran və onun havadarları Napoleonu yenidən hakimiyyətə gətirməklə xof yarada bilmiş, sonra da onu hakimiyyətdən salaraq daha uzaq bir yerə sürgünə göndərilməsinə nail olmuşdu. Bu iddianı absrud hesab edənlər onu reallıqdan uzaq sayır. Çünki Taleyran və onun havadarları Napoleonun kölgəsindən belə ehtiyat etdiyi həmin vaxtlar heç cür hesablaya bilməzdilər ki, imperator hakimiyyətə gələndən sonra nələr baş verəcək. Hər birinə əks arqument deyə biləcəyimiz bu siyahını uzatmaq da olar. Bəs, əsl səbəb nə ola bilərdi? Bəlkə, Napoleonu edam etməməyin gizli səbəbi ondan silah kimi istifadə etmək idi? Belə bir niyyət var idisə, bu necə həyata keçirilə bilərdi? Bəlkə də əsl cavabı Vyana konqresində axtarmaq lazımdır. Məlum olduğu kimi Vyana konqresi 1814-cü ilin sentyabr ayından-1815-ci ilin iyun ayınadək fəaliyyət göstərmiş, konqresin işində Osmanlı dövləti istisna olmaqla, bütün Avropa dövlətlərinin 216 nümayəndəsi iştirak etmişdir. Lakin buna baxmayaraq, konqresin fəaliyyətində əsas rolu İngiltərə, Rusiya və Avstriya oynayırdı. Konqresdə mərkəzi yeri Polşa-Saksoniya məsələsi tuturdu. Rusiya bütün Polşa torpaqlarını, Prussiya isə Saksoniyanı birləşdirmək istəyirdi. Hər iki dövlətin güclənəcəyindən ehtiyat edən Avstriya, İngiltərə və Fransa buna mane olmaq istəyirdi. Gedişat zamanı Avstriyanın xarici işlər naziri Metternix İngiltərənin Xarici İşlər naziri lord Kestleri ilə birləşərək, Saksoniyanın Prussiyaya verilməsi müqabilində kral III Fridrix Vilhelmin çara xəyanət edərək onların tərəfinə keçməsinə çalışdı. Kral bu barədə I Aleksandra məlumat verdikdə çarın hansı hala düşməsini düşünmək çətin deyil. Qısası, Vyana konqresi vəziyyəti düzəltmək əvəzinə getdikcə daha da beynəlxalq kriz hal yaradırdı. Taleyran belə bir diplomatik gərginlikdən istifadə edərək üç dövlətin – Avstriya, Fransa və İngiltərənin Rusiya və Prussiyaya qarşı ittifaqını yaratmağı təklif etdi. 1815-ci il yanvarın 3-də həmin dövlətlər arasında Vyana gizli müqaviləsi imzalandı. Nəticədə I Aleksandr güclü diplomatik müqavimət nəticəsində Saksoniya məsələsində güzəştə getməyə məcbur oldu. Konqresdə alman torpaqları ilə bağlı məsələyə də baxıldı və 38 alman dövlətinin (Avstriya, Prussiya və b.) iştirakı ilə “Alman ittifaqı” təşkil olundu. Baxın, bu proseslər getdiyi bir vaxtda, Konqres işini başa çatdırmağa hazırlaşırdı ki, Napoleon Elba adasından sürgündən qaçmağa nail oldu. 1814-cü il martın 1-də Fransaya gəldi, 20-də isə Parisə daxil oldu. Napoleon hakimiyyətini bərpa etdi və onun yüz günlük (1815-ci il 20 mart −28 iyun) hakimiyyət dövrü başladı. Nəzərə alsaq ki, Napoleon sürgündə olarkən Elba adası İngiltərə tərəfindən güclü nəzarət altında idi və ada ingilis gəmiləri ilə əhatəyə alınmışdı və ingilis topları adadan qaçış üçün istifadə oluna biləcək bütün çıxış nöqtələrinə tuşlanmışdı, o zaman düşünmək olar ki, imperator adadan yalnız ingilislərin razılığı və ya onların təşkilatçılığı ilə qaça bilərdi. Bəs, ingilislər buna niyə razılıq versin ya da təşkil etsin? Necə oldu ki, 26 fevral 1815-ci ildə gün-günorta vaxtı çox rahatlıqla təxminən 1000 nəfərdən ibarət heyətin olduğu yeddi gəmi Napoleonu ingilislərin gözü qarşısında qaçıra bildi? Özü də ingilislər həmin gəmiləri təqib etsələr də, onu yaxalaya bilmədilər ya da “yaxalamaq istəmədilər” desək daha doğru olar. Bütün bu qaranlıq məqamlar aydınlaşdırılması gözlənilən ciddi məsələlərdir. Ümumilikdə götürdükdə isə, Napoleonun edam edilməsinə maraq göstərilməməsi, bunun yerinə onun iki dəfə sürgünə göndərilməsinin səbəbi həqiqətən çox maraqlı suallardır və bu suallar cavablandırılmağı hələ də gözləyir. Yunis XƏLİLOV Naxçıvan Dövlət Universitetinin “Ümumi Hüquq fənləri” kafedrasının müəllimi, hüquqşünas

Bizə qoşulun