Təsəvvür edin ki, dağlar arasında gizlənmiş, zamanın dayandığı bir kənd var. Göyün ucsuz-bucaqsız mavisinə qovuşan zirvələr hər tərəfdən təbiətin əzəmətini açır. Dağların sərin mehinin təzələnən havası hər nəfəsdə ruhunuzu canlandırır.
Dövlət Turizm Agentliyinin (DTA) ötən həftə media nümayəndələri üçün “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğuna təşkil olunan mediaturda iştirak etməklə mən də bu təbiət möcüzəsinin şahidinə çevrildim. “Xınalıq UESCO-da 1 il" adlanan mediaturda 40-dan çox həmkarımla birlikdə çoxəsrlik mədəni sərvətin izinə düşüb və bu qədim coğrafiyanın ruhunu yaxından hiss etdik.

Məlumat üçün qeyd edim ki, Xınalıq kəndi Qafqaz Albaniyasının dərin tarixinə söykənən, qədim Şahdağ sakinlərinin irsini daşıyan, keçmişin izlərini bu günümüzə gətirib çıxaran nadir yaşayış məskənlərindən biridir. Bu kənd təkcə mərkəz deyil, həm də Xınalıq sakinlərinin çoxəsrlik hekayələrinin səsləndiyi bir mədəniyyət sərvəti kimi zamanla formalaşan bir yuvadır.

Beş min ilik tarixə malik olan Xınalıq bu gün də möhtəşəm mənzərəsi ilə öz qonaqlarını qarşılayır. Sıldırım qayalar, əzəmətli dağlar kəndin dörd bir tərəfini əhatə edir. Çətin relyefdə yerləşməsinə baxmayaraq, bu məkan turistlərin tez-tez ziyarət etdiyi yerlərdəndir.

Səfalı təbiətlə, təmiz dağ havası, zəngin oksigen mənbəyi ilə daim təmasda olan Xınalıq sakinləri elə təbiətin özü qədər saf, səmimi, mübariz və cəsur insanlardır. Onlar öz qonaqpərvərliyi, gülərüz simaları ilə, sözün əsl mənasında qəlblərinin qapılarını hər kəsin üzünə açmışdılar. İlk dəfə olduğum bu kəndi gəzib-dolaşmaqla yanaşı, Xınalıq sakinləri ilə tez-tez həmsöhbət oldum. Hətta ürəkləri qədər isti olan evlərində həmkarlarımızla birlikdə qonaq da oldum. Müşahidələrim onu deməyə əsas verir ki, Xınalıq buraya xoşniyyətlə gələn hər kəsin üzünə qapısı açıq bir kənddir, qədim yurd yeridir.

Kənd sakini Abdulqasım kişinin evində qonaq olarkən diqqətimizi divardakı möhtəşəm bir rəsm əsəri çəkdi. Jurnalist marağımızdan irəli gələrək rəsm əsərinin tarixi, kim tərəfindən çəkilməsini soruşduq. Mediatur iştirakçılarını müşayiət edən DTA-nın Qoruqların İdarəetmə Mərkəzinin əsaslı tikinti şöbəsinin rəisi Elşən Ağalarov məlumat verdi ki, bu rəsm əsərini 1980-ci ildə kəndə gələn bir turist pəncərədən baxaraq çəkib. Ev təmir olunarkən divarlar boyansa da həmin rəsm əsərinə əl vurulmayıb, olduğu kimi qorunub saxlanılıb. Qeyd olundu ki, sadəcə Abdulqasım kişinin mənzili deyil, kənddəki digər evlərdə də təmir işləri aparılarkən onların tarixiliyi, qədim memarlıq üslubu diqqət mərkəzində saxlanılıb, mühafizə olunub.

Kəndin adət-ənənələri sırasında maraqlı məqamlardan biri bu idi ki, Xınalığa təşrif buyuran qonağa qulluğu daim evin kişisi edir. Elə qonaq olduğumuz evdə də bu missiyanı Abdulqasım kişinin oğlu Şaiq bəy həyata keçirdi. Ağsaqqal ailəsinin 6 nəfərdən ibarət olduğunu söylədi. Bildirdi ki, mənzildəki şərait ailə üzvlərinin hər birinin rahatlığını təmin edir. Çay süfrəsi arxasında şirin söhbət zamanı E.Ağalarov söylədi ki, kənddəki evlərdə təmir işləri həyata keçirilərkən müəyyən qazıntı işləri görülüb. Bu zaman bir çox tarixi eksponatlar tapılıb. Hətta elə olub ki, qəbir altında başqa qəbirlər ortaya çıxıb. Həmin bu faktlar Xınalığın tarixi keçmişinin nə qədər qədim olduğunun göstəriçisidir.

Sahəsi kiçik olsa da, Xınalıq kəndi öz daxilində böyük bir xəzinə gizlədir. Bu xəzinə Xınalıq sakinlərinin öz əlləri ilə tikdikləri muzeydir. Kəndlilərdən birinin şəxsi hesabına yaradılmış Xınalıq Tarixi-Etnoqrafiya Muzeyi bu qədim kəndin keçmişini, mədəni irsini yaşadır. Muzeyin rəflərində və divarlarında müxtəlif dövrlərə aid eksponatlar sərgilənir. Onlar arasında nəfis saxsı qablar, ənənəvi başmaqlar, keçmişin izlərini daşıyan rəsmlər, qədimi kitablar və sənədlər, xalçalar yer alır. Hər bir eksponat Xınalığın tarixindən bir parça olsa da kiçik kəndin böyük hekayəsini ziyarətçilərə pıçıldayır. Muzeyin girişi isə kiçik qalanı xatırladır. Bu qala muzeyi ziyarət etmək üçün standart giriş haqqı yoxdur. Turistlər ürəklərindən keçən, gücü çatan bir məbləği muzeyə ianə edirlər ki, Xınalığın tarixini yaşadan bu mədəni obyekt gələcək nəsillər üçün qorunub saxlanılsın.

Əgər obrazlı şəkildə ifadə etsək, əminliklə deyə bilərəm ki, Xınalıq adını zirvələrdən alan, elə dağların qucaqladığı ləl-cəvahir kimi təbiətin ən gözəl möcüzəsidir, yaradanın yerdə yaratdığı cənnət guşəsidir. Küləyin pıçıldaşdığı dərələrdə, göy-çəmənliklərdə quşların cəh-cəhi ətrafa yayılır, səmaya, rəqs edən buludlara qarışır. Hər səhər günəşin ilk şüaları dağların zirvələrindən süzülür və sülh pərdəsi kimi kəndin üzərinə düşür. Bu sehrli mənzərə sadəcə bir yer, məkan deyil, ruhu qidalandıran ilham mənbəyidir. Burada hər nəfəs təbiətin ritminə qovuşan bir melodiya kimi qəlbi əhatə edir.
Nailə QASIMOVA
Bakı-Xınalıq-Bakı