“Ağdamsız 30 ildir mən yaşamıram. Vətənsiz yaşamaq-yaşamaq deyil”.
Bu fikirlər Ağdam uğrunda döyüşlərdə oğlunun gözü önündə şəhid olan Müşviq Abbasova məxsusdur.
Medianews.az xatırladır ki, o, 16 aprel 1970-ci ildə Ağdam rayonunun Abdal Gülablı kəndində anadan olub.
Orta təhsilini bitirdikdən bir müddət sonra Birinci Qarabağ müharibəsi başlayıb. Müşviq iki qardaşı ilə birgə könüllü olaraq həmin müharibədə düşmənə qarşı savaşıb. O, bir çox döyüşlərdə və hərbi əməliyyatlarda iştirak edib, Ağdam cəbhəsində kəşfiyyat komandiri təyin olunub.
Müharibə bitdikdən sonra məcburi köçkün həyatı sürən Müşviq ailəsi ilə birgə Mingəçevirə köçüb və orada yaşayıb. 31 mart 1998-ci ildə İntiqam, 31 yanvar 2000-ci ildə Şamil adlı oğulları dünyaya gəlib.
Tovuz döyüşləri zamanı hərbi komissarlığa oğulları ilə birgə getsə də, onu qəbul etməyiblər. 26 sentyabr 2020-ci ildə hərbi komissarlığa çağırılan Müşviq Abbasov və iki oğlu bir gün sonra, 27 sentyabr 2020-ci ildən könüllü olaraq İkinci Qarabağ müharibəsində döyüşə başlayıblar.
“Boşuna ölümlər bizlik deyil, bizə döyüşdə ölmək lazımdır”, – deyən Müşviq Abbasov kiçik oğlu Şamil ilə çiyin-çiyinə döyüşüb. Böyük oğlu İntiqam isə Suqovuşanda “N” saylı hərbi hissənin kəşfiyyat bölüyünün baş kəşfiyyatçısı olaraq döyüşlərdə iştirak edib.
Müşviq Abbasov Ağdam istiqamətində bir çox hərbi əməliyyatlarda müvəffəqiyyətlər qazanıb. 5 oktyabr 2020-ci ildə Ağdam rayonunun Qərvənd kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ağdam şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Müşviq Abbasov Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla ölümündən sonra “Ağdamın işğaldan azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif olunub.