Jurnalistikanın təməlində dayanan, peşəkar jurnalistlərin yetişdiyi çap mediası, qəzet jurnalistikası artıq bir müddətdir ki, rəqabətə davam gətirə bilmir. Buna səbəb isə yeni dövrün tələbləri və oxucu vərdişlərinin dəyişməsi kimi izah olunur. Belə olan halda sual yaranır ki, görəsən, çap mediasını gələcəkdə nə gözləyir?
Media mütəxəsisləri düşünür ki, formatı dəyişsə belə qəzet jurnalistikası yaşamağa, inkişaf etməyə davam edəcək.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid məsələ ilə bağlı Medianews.az-a açıqlama verib. O bildirir ki, bu sahəyə dövlətin dəstək göstərməsi olduqca vacibdir:
“1998-ci ildə Qulu Məhərrəmli, Azər Əsəd və bir qrup azərbaycanlı jurnalistlə Amerikada səfərdə olan zaman “New York Times” qəzetində gələcəkdə qəzetlərin elektron versiyasının kağız qəzetləri sıradan çıxacağı barədə müzakirələr aparılırdı. Doğrusu, buna heç inanmamışdım. Lakin yeni texnologiyalar, ağıllı telefonlar, xüsusilə sosial media bizə istədiyimiz vaxt, istədiyimiz xəbəri oxuma imkanı verir. Bu səbəbdən zaman keçdikcə bu reallıq ortaya çıxır. Son 20 ildə ölkəmizdə də bu baxımdan qəzetlərin iqtisadi vəziyyəti çətinləşib.
Mən vaxtilə ümumilli lider Heydər Əliyevin qarşısında çıxış edərkən bildirmişdim ki, qəzetlərə maliyyə dəstəyi edilməsə, bu sahənin yaşaması çətin olacaq. Ulu öndər Heydər Əliyev isə qəzetlərin nəşriyyata olan borclarını bağışlamaqla çap mediasını məhv olmaqdan xilas etmişdi. Sonrakı illərdə isə Cənab Prezident Azərbaycan qəzetlərinə böyük dəstək göstərdi. Bu dəstək hələ də davam edir və beləliklə çap mediası iqtisadi böhranlardan çıxa bilir.
İndiki dövrdə qəzet satışı demək olar ki, minumuma enib, reklam bazarı isə sıfıra yaxınlaşıb. Bu isə o deməkdir ki, dövlətin dəstəyi olmasaydı, qəzetlərin kağız variantı tarixə çevrilmişdi. Hazırda Medianın İnkişafı Agentliyinin dəstəyi ilə qəzetlərin elektron versiyasının bazası gücləndirilir və onların daha dinamik, yeni dövrə uyğun olması üçün işlər aparılır. Bu sayədə peşəkar jurnalistika formasını dəyişsə belə həmişə yaşamağa davam edəcək. Yeni medianın bir sıra qüsurları var. Ona görə də peşəkarlar mütləq bu sahədə öz fəaliyyətlərini davam etdirməlidirlər. Buna isə dövlət öz dəstəyini mütləq şəkildə göstərməlidir. Belə olan halda bütün problemlərdən asanlıqla xilas ola biləcəyik”.
“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bu barədə fikirlərini Medianews.az-a bildirərkən qeyd edib ki, pandemiyadan sonra bu sahədə yaşanan bəzi durğunluqlar onun mahiyyətini dəyişdirmir:
“Azərbaycanda qəzet jurnalistikasının gələcəyi və taleyi, birbaşa çap mediasının taleyi ilə əlaqəlidir. Qəzet jurnalistikasının yaşaması üçün vacib şərtlərdən biri də budur ki, qəzetlər çap olunmağa davam etsin. Bu sahə peşəkar jurnalistlərin yetişməsi üçün ən ideal məkandır. Artıq heç kəs şüphə etmir ki, jurnalistika və əsl yaradıcılıq prinsipləri, onun qorunub-saxlanması, publisist yaradıcı dilin qorunması, ölkə həyatının gündəlik xronikasının ən etibarlı şəkildə arxivləşdirilməsi üçün çap mediasının mövcudluğuna böyük ehtiyac var. Bu sahə medianın digər seqmentlərindən fərqli olaraq, dəstəyə möhtacdır. Bu yeganə sahədir ki, tam olaraq dövlətçilik kursu üzərində fəaliyyət göstərir. Bu səbəbdən çap mediasının fəaliyyəti və taleyi dövlətin ona verəcəyi dəstəkdən asılıdır. Biz inanırıq, dövlətin qəzetlərə dəstəyi bundan sonra da davam edəcək. Çünki dünyanın heç bir ölkəsində bu sahə fəaliyyətini dayandırmayıb.
Çap mediası bir neçə ölkənin timsalında milli sivilizasiyanın mühüm nailiyyəti olaraq qəbul edilir. Həmçinin, gündəlik xronika və publisist yaradıcı dilin əsaslarının qorunub saxlanması üçün qəzet jurnalistikasının yaşaması olduqca vacib amildir. Ən əsas məqam isə odur ki, bu sahə peşəkar jurnalistlərin yetişdirilməsi üçün imkanlar daha genişdir.
Pandemiyadan sonra bəzi ölkələrdə çap mediasının fəaliyyəti, ictimai rəyə təsiri və yayılması məsələsində bir sıra durğunluqlar yaşana bilər. Ancaq bu onun əsas məqsədinə və roluna heç bir təsir göstərmir”.
Media hüquqları üzrə ekspert Ələsgər Məmmədli sözügedən məsələ ilə bağlı Medianews.az-a bildirib ki, formatı dəyişsə də, qəzet jurnalistikası daima fəaliyyətini davam etdirməlidir:
“Qəzetlərin gələcək taleyi ilə bağlı bütün ölkələrdə olduğu kimi Azərbaycanda da ciddi şəkildə problemlər üfüqdə görünür. Qəzet oxucu kütləsinə xitab edir. Oxucu vərdişləri isə yavaş-yavaş elektron mühitə keçid etməyə başlayıb. İnsanlar artıq informasiyanı elektron ekranlardan qəbul etməyə vərdiş ediblər. İnformasiyanın elektron qaydada ötürülməsi isə daha geniş kütləyə yayılmasına təsir göstərir. Qəzetdən məlumat alanlar isə getdikcə azalır. Çünki bu vərdişi davam etdirənlərin əksəriyyəti yaşlı nəslə məxsusdur. Hətta onlar arasında belə vizual informasiya qəbulunu seçənlər var. Çünki artıq yaş faktoru öz sözünü deyir. Yaşlı oxucuların gözləri zəiflədiyi üçün oxuma qabiliyyətləri də azalır. Bütün bunları nəzərə alanda, çap formatında olan qəzetlər tədricən sıradan çıxacaq. Onların yerini elektron qəzet versiyaları alacaq.
Qəzet mahiyyət etibarilə həm də redaksiya deməkdir. Formatından asılı olmayaraq redaksiya öz fəaliyyətini davam etdirməli və mahiyyətini qorumalıdır. Buna misal olaraq dünyanın məhşur qəzetlərini, “New York Times” , “Vaşinqton Post”, “Hürriyet”-i göstərmək olar. Bunların timsalında Azərbaycan qəzetləri də nə vaxtsa çap formatında fəaliyyət göstərməsələr də, informasiya istehsalı daimi olaraq davam etməlidir. Bu media orqanları öz informasiyaları yeni formata uyğun olaraq auditoriyaya çatdırmalıdırlar”.
Aytac Şahin
Medianews.az
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi”mövzusunda hazırlanıb.