Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın Qazaxıstanın Almatı şəhərində görüşünün tarixi bəlli olub. Bu barədə Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə “X” hesabında paylaşım edib. Onun sözlərinə görə, görüş mayın 10-da Almatıda baş tutacaq.
Nazirlərin bu görüşündən gözləntilər, müzakirə olunacaq məsələlərlə bağlı fikirlərini Medianews.az-a bölüşən politoloq İlyas Hüseynov bildirib ki, XİN rəhbərlərinin Almatıda bir araya gəlməsi, Qazaxıstanın vasitəçi qismində çıxış etməsi demək deyil.
Onun sözlərinə görə, Qazaxıstan burda yalnız bir platforma rolunu oynayır və müzakirələri təşkil edir.
Politoloq vurğulayıb ki, bu görüş etimadın daha da güclənməsi naminə sülhün, təhlükəsizliyin gücləndirilməsinə töhfə verəcək: “Düşünürəm ki, sözügedən görüşün əhəmiyyəti yüksəkdir. Çünki, Azərbaycan və Ermənistan arasında vasitəçilər olmadan sərhədlərin delimitasiyası istiqamətində nəticə əldə olunmuşdur. Ümid edirəm ki, bu öhdəlikləri Ermənistan vaxtında icra edəcək və bu detalları müzakirə etmək imkanı yaranacaq. Eyni zamanda simvolik bir məqam bundan ibarətdir ki, delimitasiya prosesi 1991-ci ildə imzalanmış Alma-Ata bəyannaməsinə əsasən icra olunmaqdadır. Burada yenidən Qazaxıstan meydançasında XİN rəhbərləri səviyyəsində görüş keçirilir. Bu, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin şəxsi təşəbbüsüdür. Çünki, Azərbaycan və Qazaxıstan arasında çox möhkəm münasibətlər var. Türk Dövlətlər Təşkilatı, eləcə də birtərəfli müstəvidə əməkdaşlıq daha da genişlənir”.
İ.Hüseynov söyləyib ki, Qazaxıstan Orta və Zəngəzur dəhlizlərinin açılmasının, tranzit potensialının artırılmasının, Şərq və Qərb arasında əməkdaşlığın gücləndirilməsinin tərəfdarıdır: “Qazaxıstanla Ermənistan Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı müstəvisində də əməkdaşlıq edir. Yəni, bu bərabərhüquqlu münasibətlərin sülh və təhlükəsizlik naminə səfərbər edilməsi hiss olunmaqdadır. Eyni zamanda biz hazırda bütün dünyada gedən gərgin münasibətlər fonunda Qazaxıstanın sülh təşəbbüslərini də yüksək dəyərləndiririk. Ümid edirəm ki, Qazaxıstan platformasında keçirilən görüş Azərbaycan-Ermənistan münasibətlərində təhlükəsizlik naminə irəliləyişə səbəb olacaq. Ola bilsin ki, Qazaxıstan bu səyləri qarşıdakı dövrdə daha da inkişaf etdirsin, növbəti görüşlər keçirtsin. Hətta liderlər səviyyəsində də bu ölkədə görüş üçün əlverişli zəmin yarana bilər”.
Lamiyə MİRZƏYEVA