“Avropa İttifaqı Ermənistan hakimiyyətini aydın geosiyasi seçim etmək zərurəti qarşısında qoyub. Ermənistandakı müşahidə missiyasının müddətini uzatmamaq qərarına ilk növbədə bu yandan baxmaq lazımdır”.
Medianews.az-ın xəbərinə görə, fikirləri siyasi texnoloq Vigen Akopyan bildirib.
Onun sözlərinə görə, Avropa diplomatiyasının rəhbəri Jozep Borrel bildirib ki, Aİ oktyabrda Ermənistanda yerləşdirilən və iki ay müddətinə nəzərdə tutulan mülki missiyanın qalma vaxtını uzatmayacaq: “Missiyanın müddəti dekabrın 19-da başa çatır, bundan sonra müşahidəçilər ölkəni tərk edəcəklər. Maraqlıdır ki, bu günlərdə Fransa XİN başçısı missiyanın uzadılmasının zəruriliyindən danışmışdı”.
Akopyan hesab edir ki, Ermənistan rəhbərliyi və xüsusilə baş nazir Nikol Paşinyan avropalıların nöqteyi – nəzərindən, nəhayət, Azərbaycanla danışıqları hansısa formatda, ya “Brüssel”də, ya da “Moskva”da davam etdirməklə bağlı qərarını verməlidir.
“Ermənistanın baş naziri müxtəlif ölkələrdə ayrı-ayrı vədlər verib. Vaşinqtonda bir şeyi, Brüsseldə başqa bir şeyi, Moskvada isə yam ayrı şey danışıb. Ancaq indi manevr sahəsi daralıb və Paşinyana qərar vermək təklif olunur. Yalnız bu halda Qərb müdaxilə etməyə hazırdır, əgər əlbəttə ki, seçim Qərbin xeyrinə olarsa. Üstəlik, müşahidə missiyasının dayandırılması ilə baş nazirə bəlkə də Praqa görüşünün şərtlərini pozduğunu açıq şəkildə bildirirlər. Bu, Aİ – nin demarşı hesab edilə bilər”,- Akopyan deyib.
Akopyan hesab edir ki, avropalıların və ya amerikalıların passivliyi yalnız ilk baxışdan belə görünür: “Söhbət əslində taktikanı dəyişdirməkdən gedir. Təhlükəsizliyin təmin edilməsi üçün əsas məsuliyyəti Qarabağda yerləşən Rusiya sülhməramlıları daşıyır. Qərbin nöqteyi-nəzərindən kontingentin öz funksiyalarını yerinə yetirə bilməməsi sülhməramlı missiyanın nüfuzdan düşməsinə gətirib çıxarır ki, bu da ən azından Brüssel və Vaşinqton üçün faydalıdır.
Artıq həm Ermənistan, həm də Azərbaycan tərəfi ilk növbədə onların rolunu və əhəmiyyətini qabardaraq sülhməramlılara söz atırlar. Qərbin isə Rusiya amili zəiflədikdən sonra onun vasitəçiliyinə ümid bəsləyərək prosesləri izləməkdən başqa çarəsi yoxdur”.
Zəfər