ABŞ -ın maliyyə naziri Janet Yellen bu gün ölkəsində inflyasiyanın qəbuledilməz dərəcədə yüksək olduğunu və inflyasiyanın azaldılmasının ABŞ prezidenti Co Bayden administrasiyası üçün əsas prioritet olduğunu bildirib.
Medianews.az xəbər verir ki, Bloomberg-in məlumatına görə, Yellen 15-16 iyul tarixlərində İndoneziyanın Bali adasında keçiriləcək və G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin qatılacağı toplantıdan əvvəl açıqlama verib.
ABŞ-ın maliyyə naziri ölkəsində inflyasiyanın demək olar ki, yarısının enerji xərclərinin artması ilə bağlı olduğunu bəyan edib. Yellen jurnalistlərə bildirib ki, istehlakçı inflyasiyası qəbuledilməz dərəcədə yüksəkdir və Bayden administrasiyası Federal Ehtiyat Sisteminin inflyasiyanı azaltmaq səylərini dəstəkləyir.
Məlumatlara görə, ABŞ-da istehlak qiymətləri indeksi (CPI) iyun ayında 9,1 faiz artmaqda davam edib. İqtisadçılar isə bunu 8,8 faiz gözləyirdilər.
May ayında ölkədə inflyasiya 8,6 faiz təşkil edib. İstehlak qiymətləri iyun ayında bir əvvəlki aya nisbətən 1,3 faiz artaraq gözləntilərin üstündən keçdi.
Rusiyanın Ukraynanı işğal etməsi səbəbindən artan enerji qiymətlərinin dünyaya mənfi təsir etdiyini deyən Yellen G20 toplantılarında Rusiyanın yeri olmadığını bildirib.
Rusiyanın beynəlxalq norma və qanunları dəstəkləmək üçün addım atmadığını bildirən ABŞ Maliyyə Naziri, “Putin rejiminin nümayəndələrinə bu forumda yer yoxdur” deyib.
Leyla, Medianews.az