“50 nəfərədək iştirakçısı olan toylarda COVİD pasportu tələb olunmur, amma maska məcburidir. 150 nəfərə qədər qonaq olduğu halda isə, pasport mütləq olmalıdır, maska məcburi deyil. Yəni normal qorunma qaydalarıdır. Lakin indiyə qədər restoranlarda pasport tələb olunmadan böyük ölçülü qonaqlıqlar təşkil olunurdu və maskadan istifadə də edilmirdi. Toylarla bağlı bu niyə tətbiq olunur, müəmmalı məsələdir”.

Bunu Sfera.az-a açıqlamasında Sağlam Cəmiyyət Hərəkatının sədri, sosioloq Lalə Mehralı toylarla bağlı yeni qaydalardan danışarkən deyib. O bildirib ki, ümumilikdə toylara icazə verilməsi yaxşı addımdır:

“Amma əvvəlki adətlərdən qurtulmaqla bağlı yeni qaydalar tərtib etmək üçün pandemiya bir fürsət idi. Hazırda düzdür, qonaq sayı koronavirusa görə, müəyyən qədər endirilib. Lakin pandemiyadan sonra bu sayın 300-500-ə qalxacağı da istisna edilmir. Yenə əvvəlki ənənələr olacaq. Qadağalar bu istiqamətdə tətbiq olunsaydı, daha məqsədəuyğun olardı. Eyni zamanda yeməklərlə, içkilərlə əlaqəli addımlar atılmalı idi. Bizə bəllidir ki, yarımçıq qalan məhsulların aqibəti necə olur. Məsələn, içkilər yenidən kustar üsulla təkrar bağlanır və.s”.

Müsahibimiz qeyd edib ki, ümumilikdə toy adət-ənənəsinə yeni nəfəs gətirmək lazımdır:

“Necə ki, yas mərasimlərində qonaqlıqlar yığışdırıldı, eləcə də toylarda müəyyən sərhədlər olmalıdır”.

Qeyd edək ki, iyulun 1-dən etibarən Azərbaycanda toyların təşkilinə icazə verilir.