Prezident İlham Əliyev keçirdiyi son müşavirədə Avropa Şurası Parlament Assambleyasının və onun Azərbaycan üzrə həmməruzəçilərinin ünvanına əsaslı tənqidi fikirlər səsləndirib. Prezident bildirib ki, bütün beynəlxalq təşkilatlar Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tanıyıb, Dağlıq Qarabağda keçirilən qondarma “seçkiləri“ pisləsə də, AŞPA bunu etməyib. Eyni zamanda, dövlət başçısı bildirib ki, bu beynəlxalq təşkilatlar arasında bir təşkilatın adı yoxdur:
“Söhbət Avropa Şurasından, Avropa Şurası Parlament Assambleyasından gedir, hansı ki, “uzun illər, 20 il ərzində Azərbaycanı qaralamaq, Azərbaycana şər, böhtan atmaq, Azərbaycanı nüfuzdan salmaq üçün əlindən gələni əsirgəmir”. Avropa Şurası Parlament Assambleyası susub. Baxın, bütün təşkilatlar, o cümlədən Avropa təşkilatları bəyan edirlər ki, biz bu seçkiləri tanımırıq. Bunun birmənalı mənası odur ki, Dağlıq Qarabağ Azərbaycandır. Avropa Şurası Parlament Assambleyası niyə susur? Sualın cavabı aydındır. Ona görə ki, orada cəmləşən anti-Azərbaycan qüvvələr, ermənipərəst qüvvələr Azərbaycana düşmən gözü ilə baxırlar. Bizə qarşı o təşkilatdan gələn bütün iradların heç bir əhəmiyyəti yoxdur. Onların qəbul etdikləri qətnamələr, qərarlar mənim üçün kağız parçasından artıq deyil. O təşkilatın Azərbaycanla bağlı olan fikri məni maraqlandırmır və heç vaxt maraqlandırmayıb”. Bundan əlavə, Prezident Azərbaycanla bağlı məruzəçilərlə bağlı narazılığını bildirib. “Burada balaca bir hadisə baş verən kimi ölkəmiz haqqında ağızdolusu yalan, böhtan uydururlar. Nə üçün susublar? Bundan sonra onlar Azərbaycan üzrə məruzəçi olmaq mənəvi haqqını itiriblər. Azərbaycan xalqı hər şeyi yaxşı görür. Görür ki, bunların çirkin bəyanatlarının arxasında heç də Azərbaycanda demokratiya, insan haqlarının qorunması məsələsi dayanmır. Azərbaycanı qaralamaq, şantaj etmək, nüfuzdan salmaq, beləliklə, ölkəmizin maraqlarına zərbə vurmaq bu qurumun məqsədidir”.
Göründüyü kimi, ölkə başçısı faktiki olaraq, AŞPA-nın Azərbaycan üzrə həmməruzəçilərini missiyalarından əl çəkməyə çağırdı. Bununla bağlı qurumun mövqeyi və reaksiyası necə olmalıdır?
Avropa qurumları ilə yaxından əməkdaşlıq təcrübəsi olan, beynəlxalq məsələlər üzrə ekspert Yeganə Hacıyeva “Bakı-Xəbər”ə bildirdi ki, Avropa Şurası Parlament Assambleyası 47 üzv dövlətin siyasi qrup nümayəndələrindən formalaşan bir təşkilatdır:”AŞPA-da müxtəlif mövzularda informativ xarakterli dinləmələrin təşkili, ölkələr üzrə bu və ya digər mövzularda hesabat hazırlayacaq həmməruzəçilərin təyin olunması və qurumun fəaliyyətinin səməriliyinin artırılması üçün belə hesabatların təşkil olunması adi praktikadır. Ancaq bu dinləmələr, hesabatlar və ya həmməruzəçilərin fəaliyyətinin bu və ya digər ölkələrə qarşı təzyiq və təsir üsulları kimi istifadə olunması da sirr deyil. Məqsəd və məramnaməsində qanunun aliliyinə dəstək verməli olan AŞPA üçün üzv ölkələrə təzyiq və təsir vasitəsi kimi qurumdaxili nizamnamə və prosedurların pozulması ilə müşayiət edilən prosedurların həyata keçirilməsi adi haldır. Bunlara misal kimi AŞPA üzvü olan müstəqil dövlətlərin hüquq-məhkəmə sisteminə təzyiq cəhdləri, hüquqi proseslərə siyasi qərarlarla təsir cəhdləri və s. kimi hallardan danışa bilərik. Sırf Azərbaycanla bağlı bir neçə nümunə göstərmək istərdim. Məsələn, 2017-ci ildə AŞ-nın siyasi və icra qurumu olduğu Avropa Şurası Nazirlər Komitəsinin Azərbaycana qarşı addımlarında müstəqil beynəlxalq məhkəmə orqanı Avropa İnsan Haqları Məhkəməsinə təsir etmək cəhdinin şahidi olduq. Bu işin nonsensliyi o idi ki, Avropa İnsan Haqları Məhkəməsinə heç bir təsir mexanizminə malik olmayan, ancaq məhkəmənin qərarlarına nəzarət və monitorinq əsasında tövsiyə verə bilən Avropa Şurası Nazirlər Komitəsi siyasi qərarla Azərbaycanla bağlı bir məhkəmə qərarını Avropa İnsan Hüquqları Məhkəməsinə qaytarılması proseduru başlatdı. Məsələ ondadır ki, Avropa Şurası Nazirlər Komitəsinin bu proseduru başlatması üçün sadəcə hüquqi bazası mövcud deyildi və bu, Avropa Şurası Nazirlər Komitəsinin müstəqil beynəlxalq məhkəmə institutu olan Avropa İnsan Haqları Məhkəməsinə birbaşa təsir cəhdi idi. Diğər bir nümunədə isə, məsələn, 2018-ci ildə AŞPA Müstəqil İstintaq Qrupu adlı surroqat bir təsisat yaratdı bu təsisat 2017-ci ildə qəbul edilən daxili prosedur və etik qaydalara dəyişikliyi nəzərdə tutan “Parlament Assambleyasında üzvlərin məsuliyyət prinsipinin tanınması və həyata keçirilməsi” sənədinın əsasında AŞPA üzvləri barədə Korrupsiya İttihamları üzrə hesabatın təqdim etdi. Məsələnin qərəzliliyi sonrakı addımların absurdluğunda özünü daha aydın göstərdi, 2017-ci ildə qəbul olunmuş bu sənədin əsasında 2010-cu və hətta daha öncəki illərdə fəaliyyət müddəti bitmiş deputatlara qarşı sanksiyalar tətbiq olundu. Digər tərəfdən, son illər qlobal müstəvidə “demokratiya”, “insan haqları” mövzusu ətrafında yaradılmış süni ajiotajın dövlətlərə və hökumətlərə kənar təsir vasitəsi kimi geniş istifadəsi təcrübəsi mövcuddur və xüsusilə enerji, iqtisadi və təhlükəsizlik sahələrində strateji coğrafi mövqelərə malik, separatizm və işğaldan əziyyət çəkən ölkələrə qarşı rəqib cəbhədən geniş istifadə olunmaqdadır. Bir beynəlxalq təşkilat kimi beynəlxalq hüququn təmin olunmasında vasitəçi olmalı olan, əsas məramı və məqsədi üzv ölkələr arasında qanunun aliliyinin təmin olunmasında vasitəçi olmalı olan, aid olduğu cooğrafiyada stabillik, sülh və təhlükəsizliyin inkşafına səbəb ola biləcək fəaliyyət həyata keçirməli olan AŞPA Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində beynəlxalq və Azərbaycan hüquqlarına zidd “seçki” keçirilməsini görməzdən gəldi. Azərbaycan üzrə insan haqları həmməruzəçiləri isə Azərbaycanın işğal olunmuş ərazilərində təcavüz, etnik təmizləmə və irqi ayrıseçkiliyə məruz qalan bir milyona yaxın əhalinin fundamental hüquqlarının, seçki hüququnun pozulmasını sanki görmürlər. Bu qədər qərəzli olan AŞPA həmməruzəçiləri, nəinki insan haqlarının müdafiəsi sahəsində hörmətdən düşürlər, həmçinin AŞPA-nın bir beynəlxalq qurum kimi legitimliyinə şübhə salmış olurlar. Qurum bu vəziyyətlə bağlı ölkə başçısının haqlı iradlarına mövqeyini bildirməli və Azərbaycanla gələcək əməkdaşlığını normal müstəvi üzərində qurmalıdır”.
Yeganə Hacıyeva,
16.04.2020