Milli.Az Gənc Tamaşaçılar Teatrının aktrisası Nigar Bahadırqızının kult.az-a müsahibəsini təqdim edir.
– Bu yaxınlarda Şəkidə Beynəlxalq Teatr festivalı oldu. Necə keçdi festival?
– Biz, əslində, hər il festivallara gedirik. Bu yaxınlarda Gürcüstana da getməliyik. Nədənsə çox vaxt bu qədər tamaşa içərisində “Müharibə”ni seçirlər. Şəkidə yaxşı qarşılandı. Başqa tamaşalara da baxdım. Məsələn, kalmıklar gəlmişdi, onların “Aktrisa” adlı çox maraqlı tamaşası var idi. Orada camaat bir az mürgüləyirdi, amma bizim tamaşada dördgözlə baxırdılar. Çox yaxşı keçdi, çox yaxşı qarşıladılar. Şəki camaatı qonaqpərvər camaatdır. Mənim yolum tez-tez Şəkiyə düşür. Film çəkilişlərim də Şəkidə olub. Şəkini, insanlarını çox sevirəm. Orada da məni sevənlər çoxdur. Balaca yerdir, həm də film çəkilişləri orada olmuşdu deyə, tanıyırlar və tamaşa millətdə maraq oyatmışdı. Hər şey əla keçdi. Bizə gözəl tamaşaya, peşəkar oyuna görə diplom da verdilər. Bizə deyəndə, teatra verdilər. Alıb teatra gətirdik.
– Bir məsələ maraqlıdır. Tamaşa Şəkidə “Müharibə” yox, başqa bir adla qoyulmuşdu. Səbəb nə idi?
– Hə, tamaşanın adı “Müharibə”dir. Dramaturq Lars Norenin eyniadlı pyesi əsasında qoyulub. Ancaq camaat bir az qorxur “müharibə” sözündən. Tamaşaya gəlməyəcəklərini düşünüb adını dəyişməyə qərar verdilər. Adını “Mən gəldim, qızlar” qoydular ki, bir az tamaşaçıda maraq oyatsın, gəlib baxsınlar. Amma yenə də “Müharibə” kimi tanınır. Tamaşaçı “müharibə” eşidəndə qaçır. Dava-qırğın, nə bilim, psixoloji bir şey – bunlardan qaçır tamaşaçı. Əsas da Azərbaycan tamaşaçısı.
Başqa ölkələrdə daha üstün qəbul edirlər. Ağlayanlar olur, təbrik edənlər, öpənlər olur məni, məsələn, bir qadın aktrisa 15 dəqiqə qucaqladı, əl çəkmədi. Hər gün də mənə “peraşki” gətirirdi. Ürəyi ağrıyırdı ki, müharibədən çıxmısan.
– Yəqin, bilirlər Azərbaycanın müharibə şəraitində olduğunu…
– Müharibənin özünü göstərmirik tamaşada. Kimsə kimisə öldürdü, vurdu, zorladı və s. Biz hadisədən sonrakı həyatı göstəririk. İnsanın içində olan müharibəni göstəririk. Məsələnin psixoloji tərəfini, müharibənin insana nə yaşada biləcəyini göstəririk. Biz Azərbaycan xalqı olaraq hələ də o psixoloji vəziyyətdə yaşayırıq.
– Çox qəribə gəldi. Azərbaycanda müharibəni görən, müharibədən əziyyət çəkən insanlar daha çoxdur. Ancaq “xaricdə daha təsirli qəbul olunur” deyirsiniz…
– Çünki görmək istəmirlər. Tamaşada zorlama səhnəsi var idi. Bir çox adamlar zaldan çıxdı. Başlarını yelləyərək durub çıxdılar. Ancaq həmin adamlar hər gün oturub kriminal xəbərlərdə, internet saytlarında “filankəs filankəsi zorladı, filankəs anasını öldürdü, filankəs atasını öldürdü” tipli xəbərlərə baxırlar. Tamaşada görəndə isə başlarını yelləyib çıxırlar. Axı bu bizdə var. Gəlin bunu çözməyə çalışaq. Özümüzü görməyə çalışaq. Biz buyuq. Xaricilər görməyə çalışırlar, hiss etməyə çalışırlar.
Bizdə bir şey də var. Tamaşaçı gəlir baxır, sonra da çıxıb gedir evə. Düşünmür. Əsl tamaşaçı düşünərək getməlidir. Mən filmə baxandan sonra günlərlə düşünürəm. Bu belə olmasaydı, necə olardı, elə etməsəydi ,necə olardı. Davamlı düşünürəm. “Azdrama”da “Qatil” tamaşasına baxdım. Bəlkə, üç gün düşündüm.
– Tez-tez gedirsiniz tamaşalara baxmağa?
– Hə, təbii ki, gedirəm. Vaxtım olan kimi gedirəm. Gedib tamaşalara baxmağı sevirəm. “Qatil” tamaşası əla idi. Aktyorlar da, Hikmət də, Münəvvər xanım da çox yaxşı oynayıblar. Quruluş da gözəldir. Bugünkü həyatımızdandır o tamaşa. Nəinki bu gün, əsrlərlə davam edən bir şeydir. Bir qadın taleyidir, bir qadının həyatıdır. İndiki dövrdə çox elə qadınlar var, elə oğlanlarla rastlaşırlar və başlarına elə şeylər gəlir. Çox psixoloji tamaşadır. Mən üç gün düşündüm.
– Şəkidə sizin tamaşadakı rolunuza münasibət necə oldu? Səhnədə siqaret çəkməyiniz və başqa məqamlar…
– Nəinki Şəki, Bakıda da normal münasibət göstərirlər. Arada olur, 360 tamaşaçının içindən ikisi “nc, nc” edib başını yelləyir. Əgər mənə verilən rol budursa, mənə bu tapşırılıbsa, mən aktrisayam, təbii ki, oynamalıyam. Ona görə də kimin nə fikirləşəcəyi önəmli deyil. Mən situasiyaya görə hərəkət edirəm, tamaşadakı roluma görə hərəkət edirəm. Şəki camaatı çox normal qarşıladı. Sakit, “davamı nə olacaq?” deyə gözləyən tamaşaçılar idi. Pis münasibət olmadı. Mən indiyə qədər oynadığım rollarda “açıq” nə olubsa, yəni bizim millətə görə “açıq” olan nə varsa, normal qarşılanıb. Heç əlaqəsi olmayan yazılar yazan bir-iki savadsız jurnalisti çıxmaqla hamı tərəfindən normal qarşılanıb.
– Ümumilikdə, hansı problemlərlə qarşılaşırsınız? Bu sənətin hansı problemləri var?
– Maddi problemlər çoxdur. Rejissorlar maliyyə çatışmazlığına görə istədikləri tamaşanı qura bilmir. Aktyora tamaşa üçün 50 manatlıq bir şey alınmalıdırsa, alınır 5 manata. İki tamaşadan sonra da cırılır. Yenə də maddi problemdir. Məncə, maddi problemdən başqa heç nə yoxdur. Aktyor var, istedadlı, bacarıqlı aktyorlarımız çoxdur. İstər həmyaşıdlarım arasında, istər yaşlı nəsil arasında. Xaricdən rejissor da dəvət edirlər artıq. Ya teatrın öz hesabına, ya da hansısa təşkilatın hesabına. Bu yaxınlarda “British Council” ingilis rejissor gətirmişdi. Səhnə hərəkətləri ilə bağlı təlim keçdilər. Təlimçi xaricdən dəvət edilmişdi. Dörd gün burda oldu. Düzdür, getmək imkanım çox olmadı. Bircə gün getdim dərsinə, amma maraqlı idi. Belə şeylər yaxşıdır, maliyyə çox olsaydı, seriallara ayrılan pulun heç olmasa 30 %-i teatra ayrılsaydı, o zaman tamaşanı istədiyimiz şəkildə təqdim edərdik. Kaş ki, “o çatmır, bu çatmır, bu olmayacaq, o olmayacaq” söhbətləri olmayaydı.
– Sosial şəbəkələrdə xeyli aktivsiniz. Nə yazırlar? Nə cür reaksiyalarla qarşılaşırsınız?
– “Xoca” filmindən sonra yazan çox olmuşdu. Ağlayan da var idi, dərdini açan da var idi. Tamaşaçı belədir də, onlar məni o rolda gördülər deyə, hamısı fikirləşir ki, bu, həyatda da belədir. Sanki, həqiqətən, müharibədir, nişanlısını itirib. Adi tamaşaçı elə qəbul edir. Filmdən sonra çox idi, tamaşalardan sonra tələbələr çox yazırlar. Hətta bir qrup var. O qrup bütün tamaşalara gəlir. “Müharibə” tamaşasına altı-yeddi dəfə gəliblər. Hər dəfə bilet alıb gəlirlər. Demişəm ki, gəlmək istəyəndə əvvəldən deyin, dəvətnamə verim. Ancaq yenə də bilet alırlar və ya tələbə bileti ilə keçirlər. Məsləhət alanlar çox olur. Öz-özümə deyirəm, bunlar məni bu qədər böyük hesab edirlər? Mən aktrisa kimi hələ heç nə eləyə bilməmişəm. İstədiklərimin heç birini hələ eləməmişəm. Hələ özüm öyrənirəm, o ki, qaldı kiməsə nəsə öyrədim.
– Nəyi etmək istəyərdiniz, amma hələ edə bilməmisiniz?
– Çox şey var. Mən üç aydan bir, dörd aydan bir filmə çəkilməliyəm. Heç olmasa bir ildən bir. Amma bu, yoxdur. Bu imkan yoxdur. Hansı serialdan, filmdən təklif gəlir gedirəm. Nə qədər məbləğ? Bu qədər. Yox, biz o pulu verə bilmərik. Əgər bir iş görəcəyəmsə üç məsələyə diqqət yetirirəm. Ya kollektiv gözəl olmalıdır, ya iş səviyyəli bir iş olmalıdır, ya da pulu yaxşı olmalıdır. Birincini qoyaq kənara, ikinci – səviyyəli iş, hardasa, 20 il sonra olacaq Azərbaycanda. Heç deyilsə normal pul olsaydı, işləmək olardı, amma o da olmur. Cənab Prezident diqqət göstərir, pul ayırır, amma yenə nəyisə düz etmirik. Çox maraqlıdır.
Bu yaxınlarda kinoteatrda bir türk filminə baxdıq. Vallah, filmə baxdım, heç bir maliyyə getməyib. Ancaq kinoteatra olan axına baxardınız, nə qədər adam gəlmişdi, nə qədər bilet satılmışdı. Özü də mənasız bir film idi. Çəkici bir şey yox idi ortada. Axırı da elə mənasız oldu ki, öz-özümüzə dedik, buna görəmi neçə saatdır oturmuşuq burada. Halbuki, bizimkilər istəsə, ondan 10 qat yaxşı filmlər çəkə bilər. Aktyor potensialı da var, yaxşı rejissorlarımız da var. Gənc rejissorlar arasında seçilən rejissorlar var. İstəmirik, nədənsə istəmirik. Əlimizə 5-10 min pul keçən kimi hara gedir o pullar bilinmir. Özümüzdə normal filmlər çəkilsə, gedib öz filmlərimizə baxarıq. Özcan Dənizin filmlərinə hamı baxır. Hər il bir film çəkir. Bu filmdən gələn gəlirlə o biri filmi çəkir. Yaxşı da gəliri olur. Bunu biz də edə bilərik. İstəsək eləyə bilərik. Sadəcə, işə getmədən əvvəl fikirləşirik ki, bundan mənə nə qalacaq? Onu düşünüb gedirik. Halbuki, əvvəl iş haqqında fikirləşməlisən, pul sonradan gəlir. Biz “Xoca”nı çəkəndə fikirləşmirdik, bu qədər məşhur olacaq. Türkiyədə hamı tanıyır “Xoca”nı. Çünki İstanbulda kinoteatrlarda gedib 2 ay. Biz axı yaxşı filmlər çəkə bilərik. Səviyyəli iş ortaya qoya bilərik.
– Bildiyim qədər Türkiyəyə getmək planınız var…
– Hə, planım uşaq vaxtından var idi. Universitet oxumaq istəyirdim orada. Orada karyera qurmaq istəyirdim. Qismət elə gətirib ki, nişanlım türkdür. Bir film çəkilişindən sonra tanış olmuşuq. Ora köçəcəyik.
– Karyeranızı davam etdirəcəksiniz?
– Təbii ki. Artıq buradan əlimi üzmüşəm. Seriallar çəkilməyə başlayanda mən fikirləşirdim ki, çox yaxşı işlər alınacaq. Nədənsə belə fikirləşirdim. Mən bizim yaxşı aktyorlarımızı 30 manata, 50 manata görə səviyyəsiz bir serialda görəndə çox üzülürəm. Onların qiyməti o deyil. Düzdür, məcburdurlar, ailə saxlamaq üçün məcburdurlar, uşaqları var. Amma onlar fikirləşmirmi ki, sabah onların karyerası elə bununla da gedəcək. Yəni, belə də davam edəcək. Sabah çağıranda deməyəcəklər “gəl sənə 10 min verək”, deyəcəklər – “əşi, 30 manata çəkilmirdin?” Gəl, çəkil də. Belə olacaq. Universitet tələbəsi, yeni başlayanlar o qiymətə çəkilə bilər. Amma peşəkar bir aktyor, 20 il teatrda çalışmış bir aktyorun o qiymətə çəkilməsi utancverici bir şeydir. Mən utanıram şəxsən.
Aktyorların özlərinə hörmət qoymalarını istəyirəm. Demirəm özünüzü dartın qoyun dağ başına. Yox. Mənim müəlliməm var – Laləzar Mustafayeva. O qadına çox böyük hörmətim var. “Səhnə danışığı” müəllimim olub. Onun çox az filmi var. İndiki dövrdə də çox çıxa bilər televiziyaya, verilişlərə. Xalq artistidir, Prezident təqaüdçüsüdür. Çıxa bilər, amma çıxmır. O xanıma baxanda səni vahimə basar ki, salam verim, ya verməyim. Əgər salam versən, deyər, salam, bala, necəsən? Heç səni tanımır. Sadəcə, xanımda elə bir şey var ki, yəni, nə özünü dartır, nə də özünü alçaldır. Çox mehriban, çox mülayim, çox gözəl xanımdır. Demirəm, özünüzü qaldırın qoyun dağ başına. Mən 10 minə çəkilirəm-filan. Elə lazım deyil. Sadəcə, özünüzə hörmət qoyun.
Mən hansısa serialdan dəvət gələndə tələblərimi bildirirəm. Məsələn, gedib-gəlməyim var, avtomobil tələb edirəm. Tələb etməyə haqqım var. Paltar tələb edirəm. Aktyor nədir, özü ilə paltar apardı nədir? Tələb edirəm və bunun müqabilində sizə öz işimi təqdim edirəm. Yoxsa çağırdılar avtobusa mindim ora qaçdım, avtobusa mindim bura qaçdım. Aktyorsan sən, tükənə bilərsən.
– Bəlkə, həyat şəraitləri onlara razılaşmamaq imkanı tanımır? Bəlkə, məcburdurlar razılaşmağa…
– Nə məcburdur axı? Olan şeyi danışacağam. Mən deyəndə ki, avtomobillə təmin edin, yaşlı aktyorlar qayıdıb dedilər ki, biz avtomobil tələb etmədik, sən niyə edirsən? Dedim, mən piyada gedib-gələ bilmirəm. İşə gedirəmsə, özümü yola xərcləyə bilmərəm. Belə. Mən tələb edəndə dedi, eləmə. Yaxşı, eləmə. Ancaq bunu aktyorlar tələb etməlidir. Aktyorlar tələb eləməyənə qədər belə olacaq hər şey. Tamam. Ehtiyacın var, çəkil. Amma özünü o dərəcədə də aşağı endirmə.
– Hansı tamaşanı ən uğurlu tamaşanız hesab edirsiniz?
– Ən uğurlu tamaşam “Müharibə” olub. Başqa uğurlu tamaşalar da olub, yaxşı rollarım olub. Ancaq ən uğurlu “Müharibə” oldu. Qastrollar, dəvətlər çox oldu, çox yerdə oynadıq. Hansı ölkədən dəvət gəlsə “Müharibə”nin diskini göndərirlər, onlar da deyir gəlib oynasınlar. Hər tamaşada bu olmur. Bəlkə də, heç oturub axıra kimi baxmırlar tamaşanın diskinə.
– Bəs ən uğursuzu?
– Çox olub. Əslində, uğursuz olmayıb. Uşaq tamaşaları olub. Uğursuz deməzdim. O da bir başlanğıc idi. Mən teatra birinci kursdan gəlmişəm. Mənim üçün universitet oldu teatr. Mənim üçün pillə idi. Bu gün də oynayaram. Mənim üçün baş rol, ikinci plan, üçüncü plan, fərqi yoxdur. Nə rolu olsa, oynayacağam. Oynamayıb nə edəcəyəm? Mən səhnəyə çıxanda nə rolu olur olsun, zövq alıram.
http://s015.radikal.ru/i333/1410/1c/133653ef0e6f.jpg
http://s49.radikal.ru/i125/1410/fe/2a885dff5884.jpg
http://s017.radikal.ru/i422/1410/13/bf700d66441f.jpg
http://s49.radikal.ru/i123/1410/32/89867fc57051.jpg
http://s017.radikal.ru/i415/1410/da/40a12212b614.jpg
http://s019.radikal.ru/i632/1410/dd/ab48d2a61153.jpg
http://s013.radikal.ru/i322/1410/0a/e689a7e55c90.jpg
http://s017.radikal.ru/i431/1410/89/93c4eea78348.jpg
http://s019.radikal.ru/i637/1410/38/73085bb62d5e.jpg
http://s019.radikal.ru/i619/1410/c3/7ae4085d236c.jpg