Onun bir neçə gün öncə saytımıza verdiyi bir açıqlama hələ də sosial şəbəklərdə müzakirə olunur. Hər kəs icra başçısının qarşısına içkili vəziyyətdə yıxılan sənətçinin kim olduğunu bilmək istəyir. Açıqlamanın müəllifi, son günlər qalmaqallı fikirləriylə mətbuatın gündəmində olan Fidan Süleymanova bu barədə Publika.az-a müsahibəsində danışır.
– Fidan, son günlər qalmaqallı açıqlamalar verirsən. Gah kimlərisə qara yollarla sənətə gəlməkdə qınadın. Ardınca da bir müğənninin səhnəyə sərxoş çıxaraq icra başçısının ayaqları altına yıxılmağı haqda danışdın. Bəlkə, uzun müddətdir gündəmdə olmamağını bu cür sığortalayırsan?
– Bütün bunları qətiyyən məqsədli şəkildə etmirəm. Sadəcə, məndən sənət yeniliklərim barədə soruşuldu, mən də cavab verdim. Sonra da rastlaşdığım maraqlı hadisələrlə bağlı bir suala cavab olaraq bildirmişdim ki, region konsertlərinin birində tanınmış müğənnimiz içkili olduğuna görə az qala icra başçısının ayaqları altına yıxılacaqdı.
– Kim idi həmin sənətçi?
– (gülür) Deyəsən, özünüz qalmaqal yaratmaq istəyirsiniz axı.
– Niyə belə düşünürsən?
– Həmin sənətçinin adını deməsəm olmaz?
– Onda belə bir təəssürat yaranacaq ki, bu sözləri qalmaqal yaratmaq və gündəmə gəlmək xatirinə səsləndirmisən. Heç olmasa, de, çoxmu məşhurdur həmin müğənni?
– Əvvəla, burda söhbət iki nəfərdən gedir. Onlardan biri qadındır, digəri isə kişi. Hər ikisinin yaxşı sənəti var və çox populyardılar. Tam səmimi deyirəm ki, belə bir hadisə olmuşdu. Hər ikisi içkili səhnəyə çıxmışdılar. Qadın müğənni mahnının ortasında istədi ki, qabağa gəlib tamaşaçılarla, rəsmi şəxslərlə salamlaşsın. O qədər içmişdi ki, az qaldı yıxılsın. Sonra həmin qadını həmkarı tutdu. İcra başçısı da hirsləndi ki, bu alkoqoliki kim gətirib bura? Deyim ki, o adam fəxri ad daşıyır.
– Xalq artistidir?
– Yox, əməkdar artist.
– Bir az da özündən danış. Niyə “Azəristar” müsabiqəsindən bir müddət sonra yoxa çıxdın? Halbuki həmin müsabiqənin favorit iştirakçılarından idin, çoxları sənin gələcəyini həddən artıq parlaq görürdülər.
– Desəm ki, qəsdən görünmürdüm, yalan olar. Hər kəs istəyər ki, görünsün, sənətini nümayiş etdirsin. Amma bunun üçün vəsait lazımdır. Mahnının yazılması aranjiman, “raskrutka” – hamısı pul tələb edir. Hələ mənim bir üstünlüyüm var ki, mahnılarımı özüm yazıram.
– Bəstəkarlıq istedadın da var?
– Bəli, musiqi təhsili almışam.
– Bəstəkar kimi?
– Yox, amma gələcəkdə bəstəkar təhsili də almaq istəyirəm. Çünki indi yazılan mahnılara baxıram. Özlərinə bəstəkar deyənlərdən heç də pis yazmıram.
– Bu qədər iddialı danışdığına görə sənə belə bir sual vermək istədim. Səncə, hazırda yaşı 30-a qədər olan kişi müğənnilərdən kimi ən uğurlu hesab etmək olar?
– Elçin Cəfərovu.
– Niyə məhz Elçin?
– Bu yaxınlarda onun uşaqlıqda oxuduqlarına qulaq asdım. Elçin, doğrudan da, böyük istedad sahibidir.
– Bəs qızlardan?
– Hazırda mənim tay-tuşum olan qızlardan 5 nəfər var. Sevda Yəhyayeva, Ülviyyə Tağıyeva, Günay İbrahimli, “Yeni ulduz” müsabiqəsinin iştirakçıları olan Zülfinaz və Lalə.
– Yəni hazırda ən istedadlı gənc xanım ifaçılar bunlardır?
– Bəli.
– Yəni adını çəkdiyin bu ifaçıları özündən istedadlı sayırsan. Düz başa düşdüm?
– Qətiyyən. Ülviyyə, Lalə və Zülfinazın ifasını xüsusən fərqləndirərdim.
– Bəs Günay İbrahimli və Sevda Yəhyayeva?
– Yaxşı oxuyurlar.
– Bəs niyə sən də onlar kimi gündəmdə deyilsən?
– (düşünür) Əslində, cavabı özünüzə də bəlli olan sualdır.
– Yəni sponsor məsələsi?
– Hər ikisi çalışqan qızlardır.
– Sualdan yayınma. Belə çıxır ki, sən çalışqan deyilsən, yaxud da istedadın onlar qədər deyil?
– 2007-ci ildə Aygün Səmədzadənin “Nə xoş” adlı bir mahnısını oxumuşdum. Həmin mahnı uzun müddət dillər əzbəri oldu. Amma sonradan işləri davam etdirmək üçün pul lazım idi. Demək istədiyim odur ki, özümü adını çəkdiklərinizin heç birindən istedadsız saymıram. Hətta deyərdim ki, onlardan istedadlıyam.
– Bir az ikibaşlı söhbət oldu bu. Düşünürsən ki, bu iki müğənninin sponsoru var? Söhbət sevgili-sponsordan gedir amma.
– Özləri bilərlər. Əgər desəm ki, Sevdanın sponsoru var və həmin adam onun sevgilisidir, yalan olar. Çünki bu haqda heç bir məlumatım yoxdur. Günayın isə üzə çıxmağında, tanınmağında prodüserinin rolu danılmazdır.
– Müsahibədən öncə bildirdin ki, paxıllığını çəkən həmkarların var. Əgər onlar səndən çox tanınırlarsa, niyə paxıllığını çəksinlər ki?
– Elə indi də sözümün üstündə dururam. Son günlər mətbuatda, saytlarda tez-tez görünməyim artıq bəzi həmkarlarımı narahat etməyə başlayıb. Başı çıxan adam bilir ki, mənim ifa etdiklərimdə sənət var və dinləmək üçündür. Sənətimə Flora Kərimova kimi sənətkar, Aygün Səmədzadə kimi bəstəkar hələ uzun illər öncə qiymət veriblər. Adamın üstündə Allah var. Bütün sənət yoldaşlarım həmişə mənim sənətim və səsimə olan hörmətlərini qeyd ediblər. Sadəcə, bir araya gələndə, mənim bir addım irəli çıxmağımı görəndə az qala ürəkləri partlayır. Bilirəm ki, indi onların bəziləri gecələr yata bilmirlər ki, Fidan gəlib bizə çatar.
– Deməli, özün də etiraf edirsən ki, onlardan geridəsən.
– Populyarlıq barədə ola bilər. Amma o insanların ciblərində yarım milyon pul, yetərincə populyarlıqları olsa da, həmişə mənəvi zənginliyi böyük olan adamlara qibtə edirlər.
– Kimlər?
– O qədərdir ki, hansının adını çəkim? Böyük məbləğlər hesabına şou-biznesdə fırlananlar səsi olan bir qızın bir addım irəli getməyini görəndə yuxuları qaçır, ürəkləri partlayır. Baxmayaraq ki, ən bahalı maşınları sürürlər, ən bahalı paltarları geyinirlər. Mən bir mahnıya 3 min xərcləyəndə, onlar 10 min xərcləyirlər.
– Sənət yoldaşlarından əməlli-başlı acıqlısan. Şəxsən mən belə hiss etdim.
– Bu, acıqlı olmaq deyil. İndi sizə olmuş hadisəni danışacağam və hər şeyi özünüz başa düşəcəksiniz. Bir dəfə 4-5 gənc müğənni oturmuşduq. Elza Seyidcahan da yanımızda idi. Söhbət sənətdən düşdü və Elza xanım başladı mənim haqqımda yaxşı sözlər deməyə. Söhbətin ortasında indi çox populyar olan qadın sənətçi başını götürüb elə qaçdı ki…Bu nə deməkdir? Deməli, həmin adam mənim təriflənməyimi götürə bilmədi.
– Bəlkə, heç olmasa, bu dəfə ad çəkəsən?
– Yox, ad çəkmək istəmirəm. Sonra deyəcəklər ki, bu cür gündəmə gəlir.
– Əksər gənc müğənnillərin sosial şəbəkədə səhifələri, profilləri var. Amma, deyəsən, sən nə Facebook-da, nə instagram-da yoxsan.
– Sosial şəbəkədə profilim və fan-səhifəm olub. Sadəcə, özüm bağlamışam. Hətta Facebook fan-səhifəmdə 8 mindən artq üzv var idi.
– 8 min üzv? Yəni sənin bu qədər pərəstişkarın var?
– Mən heç kimi o səhifəyə məcburən dəvət etməmişdim. Yəqin ki, ifamı, davranışımı, insanlığımı bəyənib üzv olmuşdular.
– Bəs niyə bağladın səhifəni?
– Çünki yersiz təkliflər olurdu.
– Söhbət nədən gedir?
– Təbii ki, hər kəs öz əxlaqına uyğun təkliflər edirdi. Amma etiraf edim ki, evlilik təklif edənlər də olmuşdu. Sonra gördüm ki, çox vaxtımı aparır, hesabımı dondurmağa məcbur oldum.
– Fidan, yenidən qayıdaq sponsor söhbətinə. İndiyə kimi sponsor təklifləri olub?
– Konkret özümə olmayıb. Amma sponsorluq etmək istəyənlərin olduğunu deyiblər mənə.
– Bəs niyə qəbul etməmisən?
– Səbəb aydındır. Özün məndən də yaxşı bilirsən ki, Azərbaycanda sponsor və sevgili sözləri sinonimdir. Mən isə heç vaxt adımı belə məsələlərdə hallanmağını istəməmişəm və istəməyəcəyəm də.
– Bu qədər iddialı sözlərdən sonra yaxın gələcəkdə sənətində olacaq yenilikləri də bilmək maraqlıdır.
– İnşallah ayın axırına yeni klipimiz hazır olacaq. Ritmik mahnıdır və inanıram ki, tamaşaçıların xoşuna gələcək. Payız aylarında isə bir lirik mahnıya klip çəkdirəyəcəyəm. Bir klipim isə üç gündür “Lider” telekanalında yayımlanır. İfa tərzimdə və stilimdə də dəyişikliklər etməyi düşünürəm. Səhnədə olduğum səkkiz il ərzində həmişə sırf sənətə xidmət etmişəm. Amma düşünürəm ki, bundan sonra dinləyici tələbatına da işləmək lazımdır.
– Bəs niyə birdən-birə bu qərara gəldin?
– Bayaqdan verdiyin bütün suallarda sanki məni ittiham edirsən, niyə efirlərdə görünmədiyimi soruşursan. Efir üçün mahnı, geyim, aranjiman və başqa şeylər lazımdır. Bu da puldur. Təbii ki dinləyicinin, tamaşaçının tələbatına uyğun mahnılar oxuyub qazandığım pulu sənətimə qoymaq istəyirəm.