Ukraynada baş verən daxili siyasi təlatümlər və onun nəticələri haqqında mətbuatda kifayət qədər material dərc olundu. Fərqli fikirlər, şərh, analiz və təhlillər.
Biz də oxucularımıza bu keçmiş İttifaq respublikasında gedən siyasi proseslər haqda ətraflı məlumat vermişdik. Hadisələri təhlil edərək Ukraynanın geosiyasi müstəvidə gedən qlobal qarşıdurmada hansı super gücün tərəfinə keçəcəyini proqnozlaşdırmağa çalışmışdıq. Bugünki təhlilin mövzusu bir qədər fərqlidir. Bu yazıda Ukraynanın timsalında dünyanın siyasət “mətbəxində” baş verən bəzi dəyişikliklərdən bəhs edəcəyik. Diqqətiniz bizdə olsun.
“Gender biabırçılığı”
Artıq müxalifətin qələbəsi ilə başa çatan Maydan hərəkatı zamanı, kütlənin şüuruna təsir göstərmək üçün müasir polittexnoloqların seçdikləri əsas metod diqqətimizdən yayınmadı. Ümumilikdə, dünya siyasətinin konyukturasına nəzər saldıqda, bu metodun çox işlək olduğu görünür. Bəli, düz başa düşdünüz, “Matriarxat” xəstəliyi getdikcə bütün dünya siyasətini sarmaqdadır. Keçən əsrlə müqayisədə Ali dövlət orqanlarından tutmuş yerli özünüidarə orqanlarınadək qadınların payı böyük sürətlə artıb. XX əsrin ortalarından başlayaraq Avropada formalaşan “feminizm” və “gender bərabərliyi” nəzəriyyələri inkişaf edərək, bütün dünyaya öz standartlarını “sırımağa” çalışan qitənin təsiri və təzyiqi ilə bütün dünyaya yayılmaqdadır. Avropa İttifaqı tərəfindən “üçüncü ölkələrə” artıq birbaşa şərtlər qoyulur. Parlament, bələdiyyə, icra hakimiyyəti və Nazirlər kabineti kimi dövlət strukturlarında qadın əməkdaş və rəhbərlərin sayı 30% -dən az olduqda Avropa tənqid toplarını bu ölkələrə tuşlayır. Dünya mediası da “feminizm” və “gender bərabərliyi” nəzəriyyəsini kütlənin şüuruna yeritməyə davam edir. Siyasi mübarizələrdə, hətta əlbəyaxa meydan davaları, müxtəlif icazəsiz aksiya və kütləvi iğtişaşlar zamanı qadınların aqressiv davranışları kişilərin hərəkətlərini kölgədə qoyur. Mühafizəkar və dindar dünyagörüşə malik türk cəmiyyəti buna misal ola bilər. Bu ölkədə baş verən son ictimai-siyasi təlatümlər zamanı qadınların küçələrdə çıxardığı oyunlar hər kəsi dəhşətə saldı. Zəriflik, incəlik, nəvaziş təcəssümü olan qadının daş-kəsək , dəyənək, zibil qutusu ilə əks tərəfin və ya polisin üzərinə hücumu çox qorxunc səhnədir. Məsələnin kökündə duran isə bu iki nəzəriyyənin cəmiyyət idarəçiliyinə tətbiqidir. Artıq ara qarışır, məzhəb itir, qadın kişinin, kişi isə qadın funksiyalarını yerinə yetirməyə başlayır.
Maydan və qadınlar
Qayıdaq Kiyev Maydanına və burada baş verənlərə. Birinci narıncı inqilab zamanı heç gözlənilmədən xalqın qarşısına çıxan, gülər üzlü, milli saç düzümlü xarizmatik bir qadın, kişi siyasətçilər arasında parıltılı görkəmi ilə onları kölgədə qoydu. V.Yuşenkonun prezident seçilməsi və qəbul olunan yeni konstitusiya ilə səlahiyyətlərinin bir hissəsinin alınmasından sonra baş nazir təyin olunan bu qadın, Yuliya Timoşenko, bütün siyasi proseslərin episentrində dayandı. Qısa müddətdən sonra medianın apardığı piar nəticəsində az qala bütün dünyada Ukraynanın simvolu kimi təqdim edildi. V.Yanukoviçin hakimiyyətə gəlməsindən sonra həbsxanaya atılan Y.Timoşenko aradan keçən 4 il ərzində qərb mediasının səyi nəticəsində “millətin əzabkeş qızı”na çevrildi. Budur Maydan təzə başlayır və bütün KİV-lərin diqqət mərkəzində yenə öz zahiri gözəlliyi ilə maqazin jurnallarının manşetindən düşməyən növbəti “xaxol gözəli”dir. Maydanı qızışdırmaqda indi həbsdə olan Yuliyanın funksiyasını yerinə yetirir.
Qlamur Ruslana və siyasət
Maydanda müxalifətin qurduğu iri səhnəyə çıxaraq, incə səsinə güc verib hayqıran bu gənc qadının çıxışı müxalifətin kişi liderlərinin nitqindən daha çox alqışlandı. Kütlə Ruslananın “özünü yandırmağa hazır olduğunu” söyləməsi ilə təlatümə gələrək kükrədi, daha da coşdu. Coşqu hakimiyyəti yıxdı və “əzabkeş qız” həbsdən çıxarılaraq “ürək dağlayan” görkəmlə, əlil arabasındaca Maydanda qurulmuş səhnəyə qaldırıldı. Kütlənin hisslərinə işləyə biləcək bir neçə kəlmədən sonra axıtdığı göz yaşları ilə maydandakıları duyğuya qərq etdi. Bu ,Ukrayna siyasətinin azad “Hürrəm sultanı” idi. Artıq hərəmxanalarda saray keşikçi və əyanlarını fitnələrinə alət edən hərəmlər və cariyələr dünya siyasətinin başına gəlməkdədirlər. Ruslananın həyat və fəaliyyətinə diqqət yetirsək, onun rusiyalı Alina Kabayevanın ukraynalı analoqu olduğunu görərik.
2004-cü il “narıncı inqilab” zamanı müxalifəti dəstəkləyib;
2004-2005-ci illərdə baş nazir V.Yanukoviçin müşaviri olub (Yanukoviçin Ruslana ilə nəyi məşvərət etdiyi dəqiq bilinmir);
2006-cı ildə “Bizim Ukrayna” blokundan Ali Radanın deputatı seçilir;
2010-cu ildə prezidentliyə namizəd Yuliya Timoşenkonun Lvov vilayəti üzrə səlahiyyətli nümayəndəsi;
2013-2014-cü illər isə son “Maydan hərəkatının” favoritlərindən biri;
Sadalananlardan belə nəticə çıxarmaq olar ki, Ruslana Ukrayna siyasətinin Y. Timoşenkodan sonrakı yeni “dəmir ledisi” olacaq. Onun adı ətrafında yaradılan ajiotaj və planlı surətdə aparılan piar belə düşünməyə əsas verir. Yayılan son xəbərdə isə bildirildi ki, Ruslana Ukraynada formalaşdırılacaq yeni kabinetin tərkibinə daxil olmaqdan imtina edib. Bir vaxtlar idmançı A. Kabayeva da Moskvanın siyasi kulislərində belə başgicəlləndirici yüksəlişə nail olmuşdu. İdmançı kimi karyerası bitmiş və Putinin 30 illik ailəsini dağıdan Kabayeva , səsi müğənni kimi batmış və hələ neçə ailələr dağıdacaq Ruslana siyasi kulisləri podiuma çeviriblər. Allah sonundan saxlasın!
P.S. Adəmin evini Həvva, Romanı imperator sarayının matronaları, Böyük müsəlman imperiyalarını cariyələr və hərəmlər, SSRİ-ni isə Raisa Qorbaçova yıxdı. Tanrı insanlığı belə qadınlardan qorusun!
Qafqaz Ömərov