Bizim keçmiş bir səhiyyə nazirimiz var idi. Əli İnsanov. Həmişə yapokratiyanı tərifləyirdi, ancaq sonra araları dəydi, Əli müəllimi tutdular saldılar zindana. İnsafən, nazir zindanda özünü 180 dərəcə fərqli apardı, keçmişdə söydüyü müxalifətçilərdən üzr istədi və özü də rejimə qarşı barışmaz oldu.
Əli müəllimi tutanda evindən qızıl kərpiclər çıxartmışdılar, telekanalizasiya bir neçə il o kərpicləri xalqa göstərdi. Sonra bilinmədi kərpicləri hansı müstəntiq qoltuğuna vurub apardı. O cümlədən, Əli müəllimin dövlət çevrilişində iştirakı ittihamı da yaddan çıxdı getdi. Heç bu saat sorğu keçirtsən, kimsə bilməyəcək keçmiş səhiyyə naziri nəyə görə tutulmuşdur. Əslində maraqlı da deyil, azərbaycanlılar qəti əmindir ki, əgər kimsə nazir işləyibsə onu haçansa tutmaq üçün səbəb axtarmaq lazım deyildir, eləcə “sən nazir olmusan” maddəsi bəsdir.
Daha sonra Əli müəllimin vəkilləri Avropa Məhkəməsinə müraciət etdilər. Ordan qərar gəldi: İnsanov ədalətsiz mühakimə edilib, açıb buraxın! Ancaq yapokratlar İnsanovun necə partlayıcı bomba olduğunu anlayırlar, o səbəbdən adamı buraxmadılar. Hətta hakim qurban vermək bahasına olsa belə!
Məsələn, indi bir sitat verəcəyəm, ağlınıza gəlməz kimin sözləridir: “Məhkəmələr prokurorluğun həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimatlarını 98 faiz təmin edir. Bizim tələbimiz ondan ibarətdir ki, bu məsələ ilə bağlı beynəlxalq konvensiyanın tələblərinə, qanunvericiliyə əməl edilməli və bu problem həll edilməlidir. Ali Məhkəmənin sədri Ramiz Zeynalovun da fikri belədir ki, əgər Avropa Məhkəməsi Azərbaycana qarşı qərar qəbul etsə, həmin işdə pozuntuya yol vermiş hakim gəlib Plenumda izahat verəcək. Əli İnsanovun işində hakim müdafiəçinin əlavə şahidin çağırılıb dindirilməsi barədə vəsatətini təmin etməyib, ona görə də Azərbaycana qarşı qərar qəbul edilib”. Sitatın sonu. Bu sözləri nə az, nə çox – Ali Məhkəmənin Cinayət İşləri Kollegiyasının sədri Şahin Yusifov deyibdir!
Vallah, adam belə söhbətləri eşidəndə qorxur. Fikirləşirsən birdən Azərbaycanda da demokratiya olar, Almaniyanın gününə düşərik. Ondan sonra gərək xəstələnəndə öz evimizdə uzanıb ölək.
Mənim səhiyyə nazirinin personasına diqqətimin əsas səbəbi elə bu “evdə ölmək”dir. El ağzıyla söyləsək, ölməyə vətən yaxşı. Ancaq bu ata sözü hazırda qüvvədən düşmüş sayıla bilər, çünki yapokratiyanın uğurlu səhiyyə siyasəti sayəsində son illərdə azərbaycanlılar vətəndə ölməyi də istəmirlər. Xəstələnənlər hamısı xaricə qaçır. Kasıblar İrana-Turana, nisbətən imkanlılar Almaniya, Amerika, İsrail xəstəxanalarına gedirlər.
Bu sizə əcaib gəlmirmi ki, müstəqillik dövründə Azərbaycan prezidenti olmuş 4 nəfərin ikisi xaricdə ölüb? Son illərdə bərkgedən xalq artisti, müğənni, şair-mair, ziyalı-miyalıdan neçəsi vətənimizdə ölmüşdür? Bəlkə heç neçəsi.
Adətən ssenari bu şəkildə olur: adam xəstələnir, bir müddət əzab çəkir, sonra hansısa jurnalist bundan giley dolu intervü alır. Sosial şəbəkələrdə-zadda ağlaşma düşür, “dəyərli ziyalımız ortalıqda qalıb” yazırlar. Ağlaşmanın ən şiddətli yerində, artıq saçyolma-üzcırma mərhələsində və göz yaşları Xəzərdə qabarmaya səbəb olan anda möhtərəm cənab prezident, yaxud elə o dərəcədə möhtərəm Heydər Əliyev Fondu işə qarışır, xəstə ziyalını götürüb qaçırlar xaricə. Almaniyaya, İsrailə, nə bilim, Monqolustana, Qvineyaya… Təbii, o anda ağlaşma xırp kəsilir, bu dəfə minnətdarlıq sel kimi axır, Alatavanı basır.
Mən arzu edirəm ki, bizim mətbuatda belə başlıqlar olsun: “Prezident dəyərli ziyalımız Filankəs Behmankəslini Semaşko xəstəxanasına müalicəyə göndərdi”, “Heydər Əliyev Fondu xalq artisti İksbəy İqrekoğlunun 5 nömrəli xəstəxanada qalmaq xərclərini öz üzərinə götürmüşdür”, “Dövlət başçısı yazıçı Naməlum Məchulun Sabirabad Diaqnostika Mərkəzində müayinəsi haqda göstərişlər vermişdir”.
Belə ölkədə ölməyə dəyər.