Söhbət rüşvətdən getmir…
Hakimiyyətin Qərblə çiling-ağac oyunu davam edir. Estafet bu dəfə Azərbaycanın Avronest-dəki nümayəndə heyətinin rəhbəri Elxan Süleymanova keçib. Kişinin oğlu dünən qurumun Kiyevdə keçirilən Büro iclasında zırıltı bəyanat verərək oranı tərk edibmiş – etiraz əlaməti olaraq təbii ki. Bəs nəyə qarşı imiş etiraz?
Əlbəttə ki, Avropa Parlamentinin 9 oktyabr seçkilərini qeyri-legitim kimi qiymətləndirən qətnaməsinə. Yəni yenə köhnə ovqat, yenə boyat iddia. Biz də sanırdıq daha bunların isteriyası keçib. Avronest-dən imtinadan imtina edəndən sonra düşünürdük ki, məsələ qapanıb. Sən demə, acıqları soyumayıb. Demə, Elxan Süleymanov da xəstə-zad deyilmiş, turp kimiymiş və onun adından ötən ay səslənmiş bəyanatlar da məhz onun özünə məxsus olub.
Təbii ki, hakimiyyətin rüsxəti olmadan nə keçən ay, nə də indi nüfuzlu Avropa qurumuna qarşı o, belə demarşa cürət eləməzdi. Axı hər necə olmasa, qeyri-obyektivlikdə suçlanan Avroparlament eyni gündə Dağlıq Qarabağa dair olduqca ədalətli, obyektiv, Azərbaycanın haqq mövqeyinə uyğun qətnamə də qəbul edib. Özü də ikinci qətnamə birincidən qat-qat önəmlidir.
İqtidar rəsmiləri doğrudan da milli maraqları hakimiyyət maraqlarından üstün tuturlarsa, məntiqlə ən azından Qarabağa xətir gərək susqunluq göstərəydilər, nüfuzlu təşkilata asi çıxmayaydılar. Amma əksini görməkdəyik. Beləcə, özlərini rüsvay eləməklə yanaşı, Qarabağın taleyinin YAP rejimindən ötrü qara qəpik dəyərdə olmadığını da növbəti dəfə ortaya qoymuş oldular.
Rəsmilər həm də ona görə susmalı və üstünü vurmamalı idilər ki, 9 oktyabr seçki tamaşasına müsbət rəy verən bir-iki pulla tutulmuş Avropa Parlamenti deputatının hansı yuvanın quşları olduğunu indi nəinki dəlilli-sübutlu Azərbaycan müxalifəti, artıq bütün dünya bilir. Lap tutaq onların rəyini əsas götürdük və hesab elədik ki, bizdə oktyabrın 9-da demokratik seçki olub, onda bəs Gürcüstandakı 27 oktyabr seçkiləri nədir – total şəkildə saxtalaşdırılmış antidemokratik seçki?
Ayıba kor olmaq doğrudan da cəsarət tələb edir…
Qurumu Azərbaycana (oxu: hakimiyyətə) hörmətsizlikdə ittiham edən Elxan Süleymanovun avtoritarizm qoxusu verən, yersiz “öyüd-nəsihət” ruhlu məntiqsiz bəyanatında bir düşük iddia da diqqət çəkir. Cənab buyurub: “Avropa Parlamenti üçün mesajımız budur: başqalarına hücum etməzdən əvvəl öz evinizin vəziyyətini yaxşılaşdırın. Biz Avropa Parlamentinin beynəlxalq institut kimi düşdüyü hazırkı vəziyyətini qınayırıq”.
Burda deyiblər, “Özünə umac ova bilmir, başqasına əriştə kəsir”. Gör kim kimi və nədə qınayır? Bəs sənin özündən, öz evinin içindən – Azərbaycanın daxilindən xəbərin var? Bilirsənmi ki, seçici səslərini oğurlamaq sivil dünyada ən böyük mədəniyyətsizlik, xalqa ən böyük hörmətsizlik sayılır?
Evin içi demiş, Azərbaycanın ən böyük iç problemi ərazi bütövlüyü məsələmizdir. Onda nə əcəb mötəbər Avropa strukturlarını, Avroparlanmeti, ATƏT-i, ABŞ-ı gözünü yumub qınayan, onları daxili işlərimizə qarışmaqda suçlayan, “biz müstəqil dövlətik, siyasətimizi müstəqil qururuq, heç kim daxili işimizə qarışa bilməz” deyən “güclü” hakimiyyət 19 ildir Qarabağ məsələsini müstəqil şəkildə yoluna qoya bilmir, ən birinci elə Qərbdən mədət gözləyir?!
Hakimiyyət sözçülərindən olan Elxan Süleymanov Avropada oturub beynəlxalq hüquqdan, haqq-ədalətdən dəm vurur. Başqa şeyləri yada salmırıq, amma onun qulağının dibindəki Avropa Məhkəməsinin – qərarları ölkəmiz üçün məcburi olan bir ali hüquq instansiyasının sabiq səhiyyə naziri Əli İnsanov barədə çıxardığı bəraət hökmünü Süleymanovun da təmsil olunduğu hakimiyyət aylardır yerinə yetirmir.
Ümumbəşəri dəyərlərə, Qərbə, Avropaya hörmətsizliyin buynuzu olmur ki. Hörmət isə hörmətə bənddir, cənablar. Söhbət sizin üçün ənənəvi olan anlamdan – rüşvətdən getmir. Rüşvətlə, haramla dost tutmağın bədəlini ipi-qırıq avroparlamentarilərin timsalında gördünüz.