Medianews.az
 Balaca-balaca Azərbaycanlar
167 baxış

Balaca-balaca Azərbaycanlar

 

 Balaca-balaca Azərbaycanlar

2 iyulda İlham Əliyev “Polis günü” münasibətiylə Mərdəkandakı Polis Akademiyasına getmişdi, orda açılan Heydər Əliyev Mərkəzinin lentini kəsmişdi. O zaman mən bu “Heydər Əliyev Mərkəzi” mövzusuna yüngülvari toxunmuşdum, indi ətraflı yazmaq istəyirəm.

Bakının mərkəzində, keçmiş maşınqayırma zavodunun yerində kürd mənşəli ingiltərəli memar Zaha Hadidin gülməli layihəsinə əsasən ilbizə, at yəhərinə - qısası, binadan başqa nəyə desən oxşayan bir əcaib tikili düzəldiblər. Bu binanın qeyri-funksionallığı, “məkan israfı” olması hətta beynəlxalq aləmdə də məşhurdur, məsələn, yazda Türkiyə baş naziri Ərdoğan bir yerli telekanaldakı verilişdə bu haqda danışmışdı. Ancaq bununla işimiz yox, əslində mən o binanın pis görkəmdə olmasına sevinirəm - sabah millət onu sökəndə rahatlıqla, ürək sakitliyi ilə sökər. 
Uzun sözün qısası, Bakıda Heydər Əliyev Mərkəzi var. Yaxşı, o zaman Mərdəkanda Polis Akademiyasının həyətində tikilən Heydər Əliyev Mərkəzi nə deməkdir? Bu HƏM-lə o HƏM-in fərqi nədir? 
Əslində bu, şəxsiyyətə pərəstiş, yaltaqlıq, büt yaratmaq siyasətinin məntiqi davamıdır. Hər yerə rejimin banisinin heykəllərini, büstlərini saysız-hesabsız şəkildə doldurublar. Hər kənddə və şəhərdə adına küçə, muzey, park qoyublar. İndiki mərhələdə mərkəz yaradılması prosesi gedir. Ancaq yapokratlar nəzərə almır ki, bunun ən azı ad baxımından mənası yoxdur. 
Çünki mərkəz bir yerdə ola bilər, çoxlu mərkəzi olan nəsə artıq mərkəzsiz bir şeydir. Başa düşürəm, bu ideyanı Türkiyədən çırpışdırıblar, ancaq uğursuzcasına ediblər. Orda Atatürk Mərkəzləri var, ancaq bunların hamısının adında “Kültür” - mədəniyyət sözü də keçir. Heydər Əliyev adına Mədəniyyət Mərkəzi ölkədə çox yerdə ola bilərdi, bəlkə bunu məntiqli sayardıq, indiki halda həm Nərimanovda, həm Mərdəkanda HƏM olması gülüncdür. 
Adamlar belə qarışıq coğrafi adlar üzündən çaşacaqlar. Mərdəkanda kimsə “HƏM-in qabağına gəl” deyəcək, gözlədiyi adam Nərimanovdan çıxacaq. Heç kim istədiyi yerə gedə bilməyəcək. Bəlkə də bu eyni adı hər yerə qoymaq siyasəti elə bundan ötrüdür: adamlar yollarını azsınlar. Yolunu azmışları idarə eləmək, fırlatmaq asan olur. 
Bir az da Molla Nəsrəddinin lətifəsi yada düşür: “Yerin mərkəzi haradır? Bura! İnanmırsan, ölç!”
Bu saysız-hesabsız muzey və mərkəzlərin tərtibatı da primitivliyi ilə seçilir. Hamısı eyni fotoların stendləri ilə doldurulur. Qınamaq da olmaz - eyni muzeydən 1000 dənə açılsa, bunun uzağı birini orijinal eksponatla təchiz eləmək mümkündür, qalanları maket, oyuncaq, kserosurət olacaq. Nərimanovdakı 1-ci Heydər Əliyev Mərkəzi (bu cür nömrələməyə məcburuq) bu mənada məzəli otaqları ilə seçilir. Bu otaqlarda Azərbaycanın, Bakının çoxlu sayda... balaca oyuncaqları qoyulub. Mən bu oyuncaq küçə və ağacları, abidə və fəvvarələri ilk dəfə AzərTAc-ın saytında görəndə ləzzətlə gülmüşdüm. 
İndi bütün ölkə belə oyuncaqlarla doldurulur. 
İyulun 5-də Ağstafaya gedən İlham Əliyevə orda təzə düzəldilən Tarixi və Müasir Abidələr Parkını göstərdilər. Sitat: “Ağstafa şəhərinin mərkəzindəki park 2,5 hektardır. Bu miniatür parkı ölkəmizin dağ silsilələrini, çay və gölləri, təbiət mənzərələrini xəritə üzərində əks etdirir. Azərbaycan tarixinə aid tikililər, abidələr, saray və qala divarları, müqəddəs ziyarətgahlar, türbə və məscidlər, müasir dövrə aid arxitektura nümunələri yüksək peşəkarlıqla yaradılmışdır. Naxçıvanın məşhur dağ, qala və ziyarətgahları və digər infrastruktur obyektlərinin maketləri də onların sırasındadır. Burada, həmçinin Kür və Araz çayları, Göygöl və Batabat gölləri, əsas avtomobil və dəmir yolları, yol qovşağı və körpüləri də əksini tapıb. Parkın ətrafında uzunluğu 160 metr, eni 10 metr olmaqla Xəzər dənizinin təsviri yaradılıb”. 
Bu cür “oyuncaq Azərbaycanlar” yaratmaq nə məna verir? Dövlətə rəhbərlik edənlərin infantil, uşaq ağıllı olmasının təzahürüdürmü? Əlbəttə. Ancaq tək bu deyil. Yapokratiya Azərbaycana məhz oyuncaq, maket gözüylə baxır, altından neft çıxan dekorasiya kimi bütöv ölkə ilə, millətlə məzələnirlər. Real təbiətini, dağ və göllərini hasarlayır, tarixini satırlar, azərbaycanlılara isə oyuncaq göstərirlər. 
Həmin maketlərdə oyuncaq adamlar da olur.

 

Bizə qoşulun