Medianews.az
Türklüyün döyünən ürəyi - Güney Azərbaycan
223 baxış

Türklüyün döyünən ürəyi - Güney Azərbaycan

Azərbaycan və xalqımız bəşəriyyətin ən sayılıb seçilən, topluluqlarından olan, dünya tarixinə, mədəniyyətinə, dövlətçiliyinə özünün bənzərsiz möhürünü vurmuş böyük türk millətinin ayrılmaz hissəsi, onun altun körpüsüdür. Tarixi bizim eradan əvvəl III minilliyə gedib çıxan, zaman-zaman kükrəyən, bəzən sönən, tarixin müxtəlif zamanlarında ayrı-ayrı dövlətçilik sistemləri və özünəməxsus mədəniyyət yaratmaq qüdrətini özündə tapan xalqımız beş min illik bir yol qət etmişdir. Bəzən bu böyüklüyü, alicənablığı və müqəddəs ruhunun paklığı nəticəsində əbədiləşdirməyi belə düşünməmişdir.

Cəngavər, mübariz xalq olan türklər qələbələr qazandıqca, bu qələbələrin davamlı olacağına, məğlubedilməzliyin əbədiliyinə inandılar. Elə buna görə də çox zaman bu qələbələri tarixiləşdirmədilər, yəni onları yazıya almadılar. Qərəzsiz yazılan bütün tarixi mənbələrdə hətta başqa millətlərdən olanlar belə türklərin qəhrəmanlığından, onların fatehlik şöhrəti və əzəmətindən danışdıqları, onları kainatın əsl hökmranı olduqlarını qeyd etdikləri halda biz türklər özümüz öz qədr-qiymətimizi bilmədik. Hər kəsə humanistlik göstərdik. Heç kimin dil və inancına toxunmadıq. Təsadüfi deyil ki, uzaq Çinə qədər torpaqlarımız uzandı, Kir və Kistapsı diz çökməyə məcbur etdik, Şimal elini, ucsuz-bucaqsız Rusiyanı, Moskvanı fəth etdik, Avropada, Asiyada və Afrikada böyük zəfərlər qazandıq, qədim troyalılar - yəni qədim türklər, ulu babalarımız Roma imperiyasını darmadağın etdi. Bir sözlə dünyanın üç bir yanına hökmranlıq etdik. Əvəzində isə düşmənlər tariximizə, mədəniyyətimizə göz tikdi, yavaş-yavaş talan edildik, torpaqlarımız əlimizdən alındı, getdikcə kiçildik, dünən çörək verib səfalətdən qurtardıqlarımız türkə ağ oldu, cəhalət girdabından çıxardıqları vaxt oldu ki, türkə mədəniyyət və əxlaq dərsi keçməyə başladı, əsrlər keçdikcə dövlət və ordu qurmağı öyrətdikləri onun silahı və türkdən öyrəndiklərilə üzərinə yeridi. Türk yenə də mərifət, insanlıq və mərhəmət göstərdi. İnsanlıq və mərifətin də bir həddi var axı! Bəlkə ulu babalarımızın cəsarətini unutmuşuq! Onların bizim üçün qoyduqları böyük vətəni yenidən bərpa etmək onların qəhrəmanlıqlarını təkrar etmək vaxtı yetişməyibmi?

Azərbaycan da böyük babalarımızın bizim üçün qoyub getdikləri bir türk məkanıdır. Bu gün altı yerə bölünüb parçalanmış vətən – Azərbaycan övladlarını haraylayıb köməyə çağırır. Məqsədimiz bütünlükdə türkün şanlı tarixi haqqında yazmaq deyil. İki əsrə yaxındır ki, Güneyli – Quzeyli ikiyə bölünmüş vətənimizin Güneyi ilə bağlı bəzi çözümləri dilə gətirmək, millətimizin, xüsusilə bugünkü gəncliyin diqqətinə çatdırmaqdır.

Bu gün İran adlanan ərazidə bizim 40 milyona yaxın soydaşımız yaşayır. Hər bir millətin hürr yaşamaq haqqını qəbul etməyən fars şovinizmi istər pəhləvilər zamanı olsun, istərsə də İran İslam Respublikası zamanında xalqımızın haqqını və istəyini qəbul etmək istəmirlər. Halbuki tarixi mənbələr ümumiyyətlə İran adlı bir dövlətin olduğunu inkar edir.

Tarixdən məlumdur ki, ilk müsəlman türk dövləti olan Qaraxanlılar 900-cü ilin ortalarından başlayaraq surətlə inkişaf etməyə başladı və nəticədə güclü bir imperatorluq yaratdı. Həmin imperatorluq yanlız siyasi və döyüşkənlik məqamından başqa elm və mədəniyyət sahəsində də böyük uğurlara imza atdı. Bu inkişafın nəticəsi idi ki XI yüzillikdə Balasaqunlu Yusif Xas Nəsibin “Kutadqu biliq” və Mahmud Kaşqarlının “Divani-lüğət-it-türk” kimi əsərləri meydana gəldi. Əlbəttə, türk dilçilik elminin babası sayılan bu iki nəhəng şəxsiyyət və onların əsərləri haqqında çox söz deyilib və hələ də deyiləcək. Arif Rəhimoğlunun “Türklərin bilinən ilk dünya xəritəsində Azərbaycan və qonşuları” adlı məqaləsində oxuyuruq: “Çağımızda “türkologiyanın atası” kimi tanınan M.Kaşqarlı Avropa dilçiliyinin XX yüzillikdə “kəşf etdiyi tarixi-müqayisəli metodu hələ XI yüzillikdə türk dillərinə tətbiq edərək dünya dilçilik elmini səkkiz yüz il qabaqlamışdır. Onun “Divani-lüğət-it-türk” (“türk dillərinin divanı”) əsəri dünya dilçilik elminin ən nadir incilərindən və çağdaş türkologiyanın başlıca dayaqlarından biridir. Türk dillərinin təkcə fonetika, leksika, morfologiya və s. məsələləri ilə məhdudlaşıb qalmayan bu ikincisiz əsər bütövlükdə türk mədəniyyətinə, tarixinə, ədəbiyyatına, folkloruna, coğrafiyasına... aid fundamental bir ensiklopediya sayıla bilər...

İstər M.Kaşqarlı, istərsə də onun məşhur əsəri haqqında çox danışmaq, çox söz demək olar. Lakin bizi daha çox maraqlandıran “Divanın 1-ci cildində böyük alimin Azərbaycanla və onun qonşuları ilə bağlı məsələlər daha çox maraqlandırır. Belə ki, M.Kaşqarlı xəritəsində dünyanı yumru şəkildə verir, bu xəritədə türklərin yaşadıqları yurd yerləri təsvir olunur, ən maraqlısı isə odur ki, bu xəritədə bu gün İran adlanan ərazinin adı çəkilmir, çağdaş Güney Azərbaycan ərazisi isə xəritədə öz əksini tapıb. A.Rəhimoğlunun yazdığına görə “Batıda Azərbaycan Şam (Suriya) ilə həmsərhəddir və Azərbaycan ərazisi bucaq şəklində Şama doğru uzanmışdır”. Ümumiyyətlə onun cızdığı xəritə XI əsr Qəznəvilərlə Rəvvadilər dövlətinin sərhədlərinə uyğun gəlir. Lakin yaddan çıxarmaq olmaz ki, Qəznəvilər də Səlcuqlar da türkdürlər. Bir çox tədqiqatçıların əsərlərindən belə nəticəyə gəlmək olar ki, türklərin yaşadıqları ərazilər Çinə qədər uzanıbmış. Əvəzsiz alimin xəritəsində “Gürcüstan, Ermənistan kimi adların xatırladılmaması, özəlliklə də İran adının işlədilməməsi əslində çox mətləblərdən xəbər verməkdədir”. Tarixi qaynaqlara müraciətimizin bir səbəbi də odur ki, bu gün hər cür hədyanlar yazmaqdan utanmayan, türklərin gəlmə bir xalq olduğunu iddia edənlər bir daha düşünsünlər, tarixi həqiqətləri inkar etmək mümkün olmadığı kimi, tarixi mənbələri də inkar və yox etmək mümkün deyil. Gün kimi aydındır ki, İran sözü fars şovinizminin ideoloqu Firdovsinin “Şahnamə” əsərində işlədilmişdir. Maraqlıdır ki, mifik və əsatiri hadisələri və obrazları özündə əks etdirən “Şahnamə”də qoyulan hadisə və obrazları zaman-zaman farslar həqiqət kimi dərk etməyə üstünlük vermişlər. Nə tarixi mənbələrdə, nə də coğrafi qaynaqlarda, nə Şərq, nə də Qərb mənbələrində İran adı çəkilmir, bunun sərhədləri, xalqının etnogenis xüsusiyyətləri və s. haqqında heç bir məlumat verilmir. Tarixən Azərbaycanla qonşu olan dövlətin tarixi adı Persiyadır. Sonradan XX əsrin ortalarında bu ad İran hakim dairələri tərəfindən rəsmiləşdirilmiş, Persiya İran olmuşdur. Daha dəqiqliyi ilə desək, 1935-ci il martın 21-də Rza Pəhləvinin xüsusi fərmanı ilə “İran” sözü coğrafi məkan kimi rəsmiləşdirildi. Göründüyü kimi uzun illər Firdovsinin tamamilə qeyri-real, əfsanə və miflər üzərində qurduğu hadisələrin reallıq kimi təqdim olunması da tamamilə siyasi-strateji mahiyyət daşıyırdı. Lakin tarixi mənbələrin heç birində İran adlanan dövlətin varlığından, mövcudluğundan söhbət belə getmir. Son 200 ilə yaxın bir müddətdə fars şovinizminin apardığı hər cür antitürk siyasət millətlərin, o cümlədən türklərin bir millət olaraq assimilasiya edilməsi siyasəti heç cür baş tutmur. Çünki millətimiz ən çətin dönəmlərdə özünün milli varlığını və mili ruhunu nəyin bahasına olursa-olsun qoruyub saxlaya bildi. Səbəbi isə Azərbaycan türkünün özünə möhkəm inamı, sağlam və möhtəşəm ruhunu qoruyub saxlaya bilməsidir. Bəlkə də türk ulusunun özünə həddindən artıq inanması səbəbindən türk soyundan olanlar əsrlərlə hökmranlıq etdikləri məkanı türk dövləti, dilini isə rəsmi olaraq türk dili elan etmədilər. Təbii ki, biz burada Şah İsmayılın dillə bağlı ilk dəfə apardığı islahatları nəzərdə tutmuruq. Baxmayaraq ki, Şah İsmayılın vaxtında kifayət qədər türk dili ilə bağlı islahatlar aparıldı, lakin Şah babamız da nə dövlətin türk dövləti, nə də türk dilinin rəsmi dövlər dili olmasını rəsmi elan etmədi. Yazımızın əvvəlindən qeyd etdik ki, türklər öz güclərinə və möhtəşəm ruhlarına inandıqları üçün, adlarının tarixdə əbədiləşdirilməsi istiqamətində bir iş görmədilər, nə də başqa millət və başqa inanc sahiblərini həqarətləmədilər.

Bu böyüklük, ucalıq və alicənablığın müqabilində isə bu günki İİR-sı nə edir?! Onlar çox zaman bizim ziyalı və alimlərimizin yazılarından rəncidə olurlar. Bu yazıları İranın daxili işinə qarışmaq kimi qiymətləndirirlər. Əslində isə bizim yazılarımız elmi, tədqiqi yazılardır, siyasi deyil. Ona görə də bundan rahatsız olmağa dəyməz.

İranın siyasiləri isə Azərbaycana düşmən münasibətində olan Ermənistana həmişə xüsusi qayğı və məhəbbətlə yanaşırlar. İran Xarici işlər nazirinin tədqiqatlar üzrə müavini Sadiq Hərzazi yazırdı ki; “Ermənistanın müstəqilliyinin ilk günlərindən İİR ona xüsusi diqqət yetirmişdir. İran erməni cəmiyyətinə və erməni xalqına xarici dövlət kimi baxmır, İranlılar (farslar – A.Ə) və ermənilər bir ailədən çıxdıqlarına görə qohumluq əlaqələri hiss edirlər.

Düşünürük ki, müsəlman olan farslar xristian olan ermənilərlə necə qohum ola bilərlər?! Hər halda bu onların öz işləridir. Biz isə İranın bir dövlət olaraq formalaşmasında Azərbaycan türklərinin oynadığı rola və bu gün İran siyasilərinin unutmaq istədikləri, ancaq tarixi mənbələrin buna imkan vermədiyi mənbələrə müraciət edək.

Böyük mütəfəkkir M.Ə.Rəsulzadə “İran türkləri” əsərində yazır: “500 (1000) ildən bəri İranda ağa olan padşahlar ancaq türk soyundan gəldilər. Bu gün dövlətə başçılıq edən Qacar soyu da Türkmən ellərindəndir. Ancaq İran ağalarının türk olması türklərə bir üstünlük vermədiyi kimi, fars ulusunun basqısına da nədən almamışdır. Böyük öndərin dedikləri bir daha sübut edir ki, türklər, yəni azərbaycanlılar heç bir millətə həqarətlə, basqı ilə yanaşmamış, hökmran olanda belə özlərinə məxsus alicənablığı qoruyub saxlaya bilmişlər. Əgər belədirsə, nədən bu gün İranda hökmranlıq edən farslar türklərin hüquqi və insani haqqlarını qəbul etmək istəmirlər?! Müasir İran dövlətinin təməlini türklər qoymayıblarmı?! Yenə də hər zaman bizə doğru yol göstərən M.Ə.Rəsulzadəyə müraciət edək: Cumhuriyyətimizin qurucusu yazır: “İranda farslar türklərin gücünə özəlliklərinə dayanmışlar. Türklər də fars uyqarlığına, mənəviyyatına dayanaraq bu yolla çalışıb birlikdə indiki İran ağalığını yaratmışlar.

M.Ə.Rəsulzadə “İran türkləri” əsərində onu da yazırdı ki: “Qacar soyundan olan şahoğulları ayrı-ayrı bölgələrin başçılığına ordu komandanı tək çox geniş yetkilərlə qoyulmuşlar. Bu “geniş yetki”nin sonucu olaraq İranın dörd bir yanında türk şahoğullarından böyük torpaq yiyələri yaranmışdır. Bölgələr Qacar oğullarının əlində olduğundan türklərdən İranın dörd bir yanında böyük torpaq yiyələri bulunsa da, Azərbaycanda torpaq yiyəsi olan farslar demək olar yoxdur” (M.Ə.Rəsulzadə. İran türkləri. Bakı – Təknur, 2013, səh. 19.)

Qeyd etdiyimiz kimi, türklər dövlət qurmaqla, cəsur və döyüşkən əsgər olmaqla bərabər, həm də böyük torpaq sahibləri, dövlət adamları, siyasi proqramlar hazırlayan onu həyata keçirmək cürətinə sahib olan bir millətdir. M.Ə.Rəsulzadə “İran türkləri” silsilə məqalələrində bunlar haqqında geniş məlumat verərək türklərin İran tarixindəki əvəzsiz rolunu belə qiymətləndirir: “Azərbaycanın İran anayasasındakı yeri ürəyin bədəndəki yeri kimidir. Azərbaycan özgürlükçülük axınının alanı, Təbriz igidliklər göstərən baş kəndi olmuşdur. Altı ildən bəri sürən iç savaşın alan üstü sıxıntıları dönməz İran türklərinin güclü çiyinlərinə, yurdsevərliyinə yüklənmişdir, onlar indi də bu ağır yükü daşımaqdadırlar.

Fransa devrimində Marsel, Osmanlı devrimində Selanik nə idisə, İran devrimində də Təbriz odur”.

Göründüyü kimi, İranın dövlət olaraq qurulmasında, onun həm dövlət quruculuğunda, həm iqtisadiyyatının, kənd təsərrüfatının və digər sahələrlə yanaşı ilk parlamentinin yaranmasında elmin, ədəbiyyatın – bir sözlə həyatın bütün sferalarında əsas rolu oynayan türklər olmuşdur. Böyük tarixi və mədəni keçmişi olan millətimiz bütün demokratik dəyərlərə sahib olmağa tam layiqdir. Onlar bu gün də İran adlanan bir ölkənin qurucusu, inkişaf etdirəni olmaqla, ana dilində ibtidai, orta və ali məktəblərə sahib olmalıdırlar. Bu xalq milli iqtisadiyyatını qurmaq, onu inkişaf etdirmək, öz müqəddəratını təyin etmək, müstəqil yaşamaq, müstəqil siyasət yeritmək – bir sözlə Milli dövlət qurub azad yaşamaq istəyir. Bu gün dünya demokratiyası da bunu tələb edir. Tarixi mənbələrə əsaslanaraq deyə bilərik ki, Güney Azərbaycan Türklərinin beş, altı min illik böyük dövlətçilik tarixi var.

Bu gün güc mərkəzlərindən biri olan Amerikanın “orta doğu projesi” var və bu proje mərhələ-mərhələ həyata keçməkdədir. Şübhəsiz ki, İran adlanan dövlət də bu projedən kənarda qalmayacaq. Çağdaş dövrümüzdə bu dövlətə qarşı qoyulumuş iqtisadi embarqolar gümün edirik ki, qısa bir zaman kəsiyində onsuz da iqtisadi baxımdan zəifləyən İranı bir qədər də sarsıdacaq. Bu prosesin sonunda isə yəqin ki, İran mütləq federallaşacaq. Fedarallaşma isə onun bir mərkəzdən idarə olunmasına imkan verməyəcək. Biz də bu gün milli çıxarlarımızı nəzərə alaraq bu möhtəşəm günə hazırlıqlı olmalıyıq.

Güney Azərbaycan tarixən öz potensialını ya sağlara, ya sollara xərcləmişdir. Lakin bu gün əgər söhbət millətin istiqlalından gedirsə, düşünürük ki, milləti yalnız azadlıq və istiqlal düşüncəsinə kökləmək lazımdır. Bu hərəkətlər son nəticədə siyasi prosesin gedişini, yəni islahatçı və ya mühafizəkar çatışmanı mütləq gətirib Güney Azərbaycan Milli hərəkatına çıxaracağına şübhəmiz yoxdur. Bunu Şimali Azərbaycanda gedən Milli azadlıq hərəkatı da bir daha əyani göstərdi. Belə ki, 70 illik sovet siyasi rejimi bütün xalqları, kommunizm ideologiyası ilə yavaş-yavaş zəhərləyərək, bütün millətlərdən bir millət - sovet milləti yarada bildiyini düşünürdü. Son nəticədə bu ideologiyaya bütün varlığı ilə tapınanlar da, ona gizli-gizli nifrət edənlər də birləşdilər. Çünki XIX əsrin ikinci yarısından başlayaraq inkişaf edən maarifçi milliyyətçiliklə, XX əsrin əvvəllərindən gələn ideoloji-siyasi millətçilik birləşdi, nəticədə 1918-ci ildə M.Ə.Rəsulzadənin başçılığı ilə Azərbaycan Xalq Cumhuriyyəti yarandı. Bizim bu gün bölünmüş millət olaraq bütövlük problemimiz var, yəni millətləşmə problemi hələ qalır. İnanırıq ki, zamanı gələndə bu problem də öz həllini tapacaq. Güney Azərbaycanda da belə olacaq.

Onları birləşdirən isə azad vətən və milli istiqlal arzusu və istəyi mühüm yer tutacaq. Dünyada elə bir siyasi rejim və ideologiya yoxdur ki, o milli istiqlal arzularından yüksəkdə dursun. Çünki bu elə bir istəkdir ki, xalqın bağrından qopur, mübarizəyə atılan xalq özü onu ərsəyə gətirir və müdafiəsinə qalxır. Bunun üçün Güney Azərbaycanın azadlığı uğrunda mübarizə aparan bütün təşkilatlar birləşməli, vahid mərkəzdən idarə olunmalı, hər cür “özfəaliyyətə” son qoyulmalı, “İranlılıq” düşüncəsindən xilas olmalı, bütöv vətən, vahid millət uğrunda mübarizə gücləndirilməlidir. Bu yolda çətinliklər var və olacaq. Amma inamımız tamdır. Yola cəsarətlə çıxmaq lazımdır.

Yazımızı xalqımızın iftixarı, böyük sərkərdə və inqilabçı, adını tariximizə qızıl hərflərlə həkk edən Ş.M.Xiyabaninin sözlərilə bitiririk: “Qorxu millət, azadlıq və bəşəriyyətin əsaslarını pozursa, əksinə, igidlik həmin əsasları möhkəmləndirir, sarsılmaz edir, qoruyur və mühafizə edir. Bir millətin şərafətinin birinci şərti onun istiqlalıdır”.

musavat.com

BDU-nun professoru, f.e.d. ALMAZ ƏLİQIZI

 

Bizə qoşulun