Medianews.az
Heyvanlar niyə insanları yemək istəyir
431 baxış

Heyvanlar niyə insanları yemək istəyir

Jurnalistikada belə bir deyim var: “İt insanı dişləsə, xəbər deyil, amma insan iti dişləsə xəbərdir”. Amma bir neçə gün əvvəl Şamaxının Qala dərəsi və Keçmədi kəndlərinə hücum edən ayının iki nəfəri yaralaması xəbəri ölkə gündəminin əsas mövzusuna çevrildi desək yanılmarıq. Bəlkə də, buna səbəb dişləyənin it yox, ayı olmasıdır. 

İnsanları ən çox düşündürən isə, ayının gecənin bir vaxtı, xüsusən də çal-çağırın olduğu toy həyətinə hücum etməsinə səbəb nə ola bilərdi?

Versiyalar müxtəlif oldu. Fikirlər arasında, ayının  yaxınlıqdakı restoranda saxlanılması belə vardı. Amma çox keçmədi ki, kənd sakinləri ayının balasının kənd sakinləri tərəfindən oğurlandığını, onun da balasını qoxusu ilə axtararaq kəndə gəldiyini dedilər. Hətta balanı yaralı Fəridə Nuriyevanın atası Rəşid Nuriyev tərəfindən  oğurlandığı deyildi.  Faktla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları araşdırma aparır. Amma hələ ki, sonuncu versiya daha məntiqli görünür.
Publika.Az-ın “Qırmızı xətt” layihəsində bu dəfə vəhşi heyvanların kəndlərə  hücumunun səbəbini araşdıracağıq.
Hər il onlarla  vəhşi heyvanın insanlara, təsərrüfatlara hücumu ilə bağlı xəbərlər eşidirik. Heyvanların ilin müxtəlif fəsillərində təsərrüfat obyektlərinə hücum etməsi  hadisənin mövsümlə əlaqədar olmadığını göstərir. Başqa bir səbəb isə həmin heyvanların ac olmasıdır. Çünki ac qalan heyvanlar qida tapmaq üçün kəndlərə hücum edir. Əlbəttə, sonuncu faktdakı kimi onların balalarının da oğurlanması ehtimallar sırasındadır.  Bəzi fikirlərə görə, heyvanların ovlanması ilə bağlı qoyulan məhdudiyyətlər onların sayının artmasına səbəb olur, bu zaman da yem qıtlığı yaranır, ona görə yaşayış obyektlərinə hücum edirlər.

200-dən 7 min 500 manatadək cərimə

Bütün bu fikirlər ehtimallar olsa da, gerçəklik payı az deyil. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqif Mirzəyevin sözlərinə görə, vəhşi heyvanların kəndlərə hücum etsə də,  tez-tez müşahidə edilmir:
“Əvvəllər canavarlar kəndlərə, kənd təsərrüfatı heyvanlarına hücum edirdi. Belə hadisələr olanda və ya nazirliyə müraciətlər edildikdə biz yerli idarə orqanları və rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayırıq, həvəskar ovçulardan ibarət qruplar yaradılır”.

Nazirlik rəsmisinin sözlərinə görə, Şamaxıda baş verən hadisə ilə əlaqədar olaraq araşdırma aparılır. Səbəbləri hələ bəlli deyil. Amma ayı balasının oğurlanması hələ ki, təsdiqlənərsə, buna uyğun addım həyata keçiriləcək.
“Hər il ov mövsümü ilə bağlı hansı heyvanın ovlanmasına icazə verilib-verilmədiyi qeyd edilir. Ayı və canavar “Qırmızı Kitab”a düşüb, bu heyvanlar qanunsuz ovlandıqda, cinayət işi açılır. 
Qanunvericilikdə qeyd olunub ki,  Ekologiya və Təbii Sərvətlər Nazirliyindən lisenziya olmadan hər hansı heyvanı təbiətdən götürmək və ondan istifadə etmək olmaz. Bu halda həmin şəxs İnzibati Xətalar Məcəlləsinin 73-cü maddəsinə əsasən məsuliyyətə cəlb olunacaq.
Bu zaman fiziki şəxslər 200 manatdan 500 manatadək, vəzifəli şəxslər  2 min manatdan 2 min 500 manatadək, hüquqi şəxslər isə 5 min manatdan 7 min 500 manatadək cərimə edilirlər. heyvan da təbiətə qaytarılır. Əlbəttə, insana hücum edərkən onu öldürərsə, bu zaman hər hansı cəza tətbiq edilmir”.
“Heyvanlar artır yem tapmırlar”

 

Ovçuların fikrincə isə heyvanların ailələrə hücumu qida çatışmazlığı ilə əlaqədardır. M.Rəsulzadə isə bunun tamamilə yanlış fikir olduğunu dedi:“Bizim ölkədə hər hansı heyvanın sayının kütləvi şəkildə artması müşahidə edilmir. Ona görə də heyvanların öldürülməsi yox, qorunmasına ehtiyac var. Hələ 50 il sonra da Azərbaycanda bir sıra heyvanların sayı risk həddində olacaq. Dağ keçiləri demək olar ki, tamamilə yoxa çıxıb. Belə olan halda ovçuların nə üçün narazılıq etməsini anlaya bilmirəm”.

Hadisələrlə əlaqədar fikirlər fərqli olsa da, gerçəklik danılmazıdır. Hər il vəhşi heyvanların hücumu nəticəsində yüzlərlə heyvan məhv olur, onlarla insan yaralanır. Bu hücumun səbəbi isə heç şübhəsiz insanlardır. Istər ovçular qeyri-qanuni ov etmiş olsun, istər kəndlilər heyvan balalarını oğurlamış, istərsə də onların heyvanların sayının çoxalması olsun fakt dəyişmir.

Əslində bunların hamısı səbəb ola bilər, tərəflər qəbul etməsələr də. Istənilən halda ölən də, öldürülən də canlıdır. 

 

Bizə qoşulun