Medianews.az
Tükənməyən AYB
147 baxış

Tükənməyən AYB


Tükənməyən AYB

Dünən internetdə hara baxdımsa gördüm bir dəstə şair və yazıçının Azərbaycan Yazıçılar Birliyini tərk etməsi haqda xəbərlərlə doludur. AYB sədri Anar əkə quruma o qədər adam yığıb ki, hər il bir neçə yüz yazıçı, şair, nazir, dramaturq, tənqidçi, çoban, sağıcı, konduktor, qəssab, qazvuran və sairə (təəccüblənməyin, hazırda bizim ədəbiyyatda bu janrların hər biri üzrə insanlar tər tökməkdədir) tərk edir, ancaq yazıçılar qurtarmır. Ümumiyyətlə, mən qərara almışam ki, bizdə AYB üzvləri milli yeraltı sərvət kimi bir şeydir, hər il yeni yataqları kəşf olunur. Maraqlıdır ki, Azəri-Çıraq-Günəşli yatağının qısa adı da elə AYB-yə bənzəyir - AÇG. Hətta mən indicə bu bənzərlikdən ilham alaraq şeir də yazdım, əlacınız yoxdur, gərək onu oxuyasınız.


“Ayeben var, açegen var,
Karbonunda oksigen var,
Hər cür gəlib gedənin var,
Azərbaycan, yurdum mənim!
Hətta bozqurdum mənim!"

Uzun sözün qısası, AYB-dən üzvlərin çıxması prosesi daimidir, əbədidir, dönməzdir. Özü də bu çıxma, tərk etmə prosesinin müxtəlif növləri vardır.
Məsələn, bəzi yazıçıları oradan qovurlar. İclas-zad keçirilir, yazıçının millətimizə, xalqımıza, hökumətə, müxalifətə, NATO-ya, Bakı şəhərinə, Dərnəgülə, Hüsü Hacıyev küçəsinə və sairə - yazıçıdan asılıdır - qarşı çıxması kəskin tənqid edilir, üzvlük biletini xoruz kimi verirlər adamın qoltuğuna, deyirlər itil get, səni bir də burda görməyək, səni görəndə Anar müəllim qəlyan çəkə bilmir, Fikrət Qocanı asqırmaq tutur, Çingiz Abdullayev təzə roman yazır.
AYB-ni tərk etməyin ikinci geniş yayılmış üsulu oradan istefa verməkdir. Bunu da adətən kimsə ordan qovulandan sonra həmin şəxsin dostları-filanı eləyirlər. Kəskin bir bəyanat guppuldadırlar, AYB-ni Homerin gözünü çıxartmaqdan tutmuş, Antuan de Sent-Ekzüperinin təyyarəsinin Aralıq dənizi üzərində alçaqcasına vurulmasına, Füzulinin taundan ölməsindən Mayakovskinin intiharına qədər min cür əməldə Anar əkəni suçlayırlar. Əslində, biz deyə bilmərik Anar bəyin bu işlərdə əli var, ya yox. Azərbaycanda çox şeylər gizli qalır, milyon il keçəndən sonra da açılmır. Məsələn, azıxantropun ədəbi yaradıcılıqla məşğul olub-olmadığı hələ elmə məlum deyildir. Nəinki elmə, heç Milli Təhlükəsizlik Nazirliyinə də məlum deyildir.
Üsullardan danışırdıq. AYB-ni tərk etməyin təbii yolu da var, yıxılıb ölürsən, məsələ bitir. Ancaq hələlik bu üsuldan çox az insan istifadə etmişdir, əksər yazıçılarımız və şairlərimizin arvad-uşaqları onların ölümündən sonra da dövlətdən təqaüd, ev, maşın, hamam vannası, aftafa, zibilqabı, xəkəndaz, çəngəl-bıçaq, dana basdırması və sairə almaqda davam edirlər. Onlar bu aldıqları şeylərdən yazıçının məzarı üstünə də aparırlar, nəticədə yazıçı yenə birliyin üzvü kimi həyat və yaradıcılığını davam etdirir.
İnsaf naminə onu da qeyd edim ki, AYB-dən dünən və srağagün çıxanların bəzilərinin qabaqkı illərdə AYB-dən çıxdığı yadıma gəlir. Bəlkə də səhv edirəm. Ancaq dumanlı şəkildə xatırlayıram ki, bunlar qabaqkı buraxılışlarda da məzun olmuşdular. Yəni, AYB-də insanlara hər cür yaradıcılıq imkanları tanınır. İstəsən girirsən, istəsən çıxırsan. İstəsən hər il girib-çıxırsan, istəsən birdəfəlik girirsən, heç çıxmırsan. Girməyib çıxmaq, yarıgirmək və yarıçıxmaq kimi modellər də var. Hər cür tarif paketləri vardır, yazıçıların azadlığı qorunur.
Bu baxımdan, bəzən dövlət də qarışıq salır, bilmir hansı yazıçı gerçəkdən yazıçıdır, yoxsa ancaq qəssab işləyir. Təqaüd siyahılarında-zadda buna görə qarışıqlıq olur.
Sonda AYB-yə, şəxsən Anar bəyə və dünya şöhrətli hekayə ustamız Rəşad Məcidə yeni yaradıcılıq uğurları diləyirik.

Bizə qoşulun