Bakıda və Abşeron yarımadasında neftlə çirklənmiş ərazilərin təmizlənməsi üçün 2007-ci ildən başlayan işlərə ayrılan yüz milyonlarla dolların bir hissəsi də nəqliyyat naziri Ziya Məmmədovun biznes imperiyasına daxil olan şirkətə gedir. Bu vaxtadək ictimaiyyətin diqqətindən kənarda qalmış fakta görə neftlə çirklənmiş ərazilərin təmizlənməsi işlərinin başlamasından qısa müddət sonra Z.Məmmədov ARDNŞ-lə ortaq şirkət təsis edib və bu layihədən “iri tikə” qoparıb.
ARDNŞ-lə Birləşmiş Ərəb Əmirliklərinin Jebel Ali Azad Ticarət Zonasında qeydiyyatdan keçmiş offşor “Baghlan Oil Recovery Limited” adlı şirkət 2009-cu ilin noyabrında neftlə çirklənmiş torpaqların təmizlənməsi üçün ortaq müəssisə qurublar. ARDNŞ- “Baghlan” Məhdud Məsuliyyətli Birgə Müəssisəsində (SOCAR-“Baghlan Close Joint-Stock Company”) ARDNŞ 51, “Baghlan Oil Recovery Limited” 49 faizlik paya malikdir.
ARDNŞ-in rəsmi saytında “Baghlan Oil Recovery Limited” haqda deyilir ki, o, Birləşmiş Ərəb Əmirliklərindən olan xarici şirkətdir. Şirkətin mülkiyyətçilərinin kimliyi barədə məlumat verilmir. Lakin internetdəki araşdırmalar göstərir ki, “Baghlan Oil Recovery” Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçən “Baghlan Group FZCO” şirkətlər qrupunun tərkibinə daxildir. Fəaliyyət istiqamətləri neftlə çirklənmiş torpaqların təmizlənməsi və əldə olunan neft və neft məhsullarının dünya bazarlarına çıxarılıb satılmasıdır. “Baghlan Group FZCO”nun kimə məxsusluğu isə artıq qaranlıq deyil. Bu şirkətin Z.Məmmədovun biznes ortağı və yaxın adamı, Bakı Futbol Klubunun sahibi, “Hafka” kimi tanınan iş adamı Hafiz Məmmədov tərəfindən idarə olunduğu məlumdur. Lakin əslində şirkət Z.Məmmədovun çoxşaxəli biznes imperiyasına daxildir.
Z.Məmmədovla R.Abdullayev ortaq müəssisə yaradaraq dərhal ona neftlə çirklənmiş torpaqların təmizlənməsinə dair irihəcmli layihə sifariş ediblər. 2011-ci ildə “SOCAR-Baghlan” QSC tərəfindən H.Z.Tağıyev adına NQÇİ-nin Buzovna-Maştağa yatağının Şağan sahəsində neftlə çirklənmiş torpaqların təmizlənməsi zavodu yaradılıb. ARDNŞ-in balansında olan torpaqların 69 hektarı bu birgə müəssisəyə verilib və həmin ərazinin 39 hektara yaxını neft gölməçələri təşkil edir. Bu barədə informasiya lentlərində yer almış xəbərdə deyilirdi ki, ərazidəki bəzi neft gölməçələrinin dərinliyi 3-7 metrədək çatır. Ərazidə təxminən 1 milyon kubmetr neftlə çirklənmiş torpağın təmizlənməsi nəzərdə tutulur, proses bir neçə il davam etməlidir. Təmizlənmiş torpaqlardan əldə edilən xam neft və neft məhsulları müqavilənin şərtlərinə görə ARDNŞ-ə təhvil verilməlidir. Ancaq müqavilənin digər şərtinə görə həmin neft və neft məhsullarının satışını “Baghlan Oil Recovery” həyata keçirir.
Bakıda və Abşeron yarımadasında neftlə çirklənmiş ərazilər 10 min hektardan çoxdur və belə görünür ki, bu, R.Abdullayevlə Z.Məmmədovun ortaq şirkətinin ilk belə birgə layihəsi olmayacaq. Gələcəkdə də bu işlər üçün sifarişlərin həmin müəssisəyə verilməsi təəccüblü olmazdı. Neftlə çirklənmiş ərazilərin təmizlənməsi kifayət qədər bahalı prosesdir və bir hektar ərazini təmizləmək 100-200 min dollara başa gəlir. İndiyədək 1000 hektara yaxın belə ərazinin təmizləndiyi deyilir, ancaq müşahidələr göstərir ki, bu ərazilərdə əkilən ağacların çoxu sonradan quruyur. ARDNŞ rəsmiləri gələcəkdə təmizləmə işlərinə vəsaitin artırılacağını deyirlər. Bu işlərin ekoloji vəziyyətin yaxşılaşdırılması baxımından əhəmiyyətini qeyd etmək lazımdır.
Ancaq göründüyü kimi, bu sahədə də oliqarx-məmurlar öz bizneslərini irəli aparmaq üçün dolaşıq mexanizm qurublar. Z.Məmmədovun neft biznesində iştirakı bundan əvvəl Xəzərdəki “Bahar” və “Qum dəniz” yataqlarının işlənməsinə dair müqavilə ilə başlayıb. Həmin yataqları istismar edən “Bahar Energy” şirkətinin payçıları nəqliyyat nazirinə bağlı “Baghlan Group” (67 faiz) və ABŞ-ın Texas ştatında qeydiyyatdan keçən “Greenfields Petrolium”dur. (33 faiz) Əslində “Greenfields Petrolium”un da yeganə fəaliyyəti bu iki yataqdır və ehtimal edilir ki, o da hansısa formada azərbaycanlı oliqarxlara bağlıdır.
musavat.com