Bakı şəhəri Pirallahı rayonu, Süleyman Bağırov küçəsi bina 3, ev 9A ünvanında yaşayan Eldəniz Fürüddün oğlu Muradov Medianews.az saytına elektron qaydada müraciət edərək, iki ildir işsiz olduğunu, işlə təmin olunmaq üçün dəfələrlə Pirallahı Rayon İcra Hakimiyyətinə müraciət etdiyini, lakin ona hər hansı köməklik göstərilmədiyini bildirib.
O qeyd edib ki, oğlu Fürüddün Muradov 44 günlük Vətən müharibəsi iştirakçısıdır, qazidir və o da işsizdir. Şikayətçi bildirib ki, öz ailəsi ilə yanaşı, oğlunun da ailəsinə baxmaq, onların qayğısını çəkmək məcburiyyətindədir.
Kiminsə həyətində iş olanda günəmuzd fəhlə kimi 10-15 manata çalışdığını vurğulayan E.Muradov probleminin media vasitəsilə ictimailəşdirilməsini xahiş edib. Paytaxt sakini aidiyyəti qurumlardan, o cümlədən Pirallahı Rayon İcra Hakimiyyətindən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) ona və qazi oğluna iş tapmaqda köməklik göstərilməsini istəyib.
Qazi atasının müraciətinə uyğun olaraq həm Pirallahı RİH-ə, həm də ƏƏSMN-ə sorğu ünvanladıq. Pirallahı RİH-dən bildirildi ki, yaşayış yeri üzrə Qazax rayonunda qeydiyyatda olan vətəndaş Muradov Eldəniz Fürüddün oğlu bir neçə dəfə Pirallahı Rayon İcra Hakimiyyətində qəbul edilib və dinlənilib. Məlumata görə, RİH tərəfindən ona “Baku Cable Goknur LTD” şirkətində aylıq əmək haqqı 700 manat olan iş təklif olunub, lakin qazı atası həmin işdən imtina edib: “Həmçinin keçirilən əmək yarmarkaları barədə də vətəndaşa məlumatların verilməsi təmin edilib. Qeyd olunanlarla yanaşı, vətəndaşa Dövlət Məşğulluq Agentliyində iş axtaran kimi qeydiyyata alınması, işsiz və işaxtaranlar üçün təqdim olunan xidmətlərdən (özünəməşğulluq, peşə hazırlığı, vakansiya bankındakı iş yerləri və sair) yararlanması üçün müraciət etmə qaydaları izah olunub”.
Pirallahı RİH-dən o da bildirildi ki, vətəndaş Muradov Fürüddün Eldəniz oğlunun işlə təmin olunma barədə Rayon İcra Hakimiyyətinə müraciəti olmayıb: “Fürüddün Muradov 17.07.2021-ci il tarixdən 05.07.2023-cü ilə tarixədək “Abşeronneft” NQÇİ-nin İstismar avadanlıqları sahəsində aylıq əmək haqqı 1200 manatdan yüksək olan təmirçi-çilingər vəzifəsində işləyib. Onun əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işəgötürən tərəfindən ləğv edilib. Məhkəmənin 2023-cü il tarixli hökmü ilə o, Cinayət Məcəlləsinin 29, 177.2.3, 177.2.2-ci maddələri ilə təqsirli bilinib və altı ay dörd gün həbsdə olduğu müddət nəzərə alındıqdan sonra qəti bir il beş ay on səkkiz gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Vətəndaşlar rayon İcra Hakimiyyətinin daim diqqətində saxlanılır və mütəmadi olaraq ərzaq bağlamaları və bayram sovqatları ilə təmin olunurlar”.
ƏƏSMN-in tabeliyindəki Dövlət Məşğulluq Agentliyindən isə bildirildi ki, hər iki vətəndaş rəsmi qaydada Agentliyə müraciət edərsə, onların məşğulluq imkanlarına uyğun iş aparılacaq: “Fürüddün Eldəniz oğlu Muradova 01.01.2022-ci il tarixdən Vətən müharibə iştirakçılarına 80 manat məbləğində Prezident təqaüdü təyin olunub. Hazırda təqaüdünün ödənişi davam etdirilir. Əmək və Məşğulluq altsistemində (ƏMAS) qeydiyyatı yoxdur, müraciəti olmayıb. Qazi Fürüddün Muradovun atası Eldəniz Fürüddün oğlu Muradov 06.07.2021-ci il tarixində özünüməşğulluq proqramı çərçivəsində “maldarlıq təsərrüfatı” zərfi üzrə müraciət edib. 14.02.2023-cü il tarixində ilkin monitorinq keçirilib. 08.12.2023-cü il tarixində aktiv əmək müqaviləsi olduğu üçün vətəndaş proqramdan kənarlaşdırılıb. 20.02.2024-cü il tarixində Eldəniz Muradov işdən çıxıb. Vətəndaş yenidən rəsmi qaydada müraciət etdikdə onun məşğulluq imkanlarına uyğun iş aparılacaq”.
Vüqar MƏMMƏDOV