Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov 2024-cü ilin büdcəsinə dəyişiklik ediləcəyini açıqlayıb. 2024-cü ilin dövlət büdcəsində neftin qiymətinin 60 dollardan götürüldüyünü xatırladan millət vəkili vurğulayıb ki, büdcəyə yenidən baxılsa, bu rəqəm dəyişə bilər. Hazırda neftin bir barelinin bazar qiymətinin 90 dollara yaxın olduğunu xatırladan deputat qeyd edib ki, neftin qiymətini 70-75 dollardan da götürmək olar. Məlumat üçün qeyd edək ki, 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri isə 36 milyard 763 milyon manat məbləğində təsdiq edilib.
Hazırda neftin qiymətinin 90 dollar olduğunu nəzərə alıb büdcədə 70-75 dollar göstərilməsi doğru qərar olarmı? Neft bazarındakı vəziyyət bu qiymətin stabil olacağına zəmanət verirmi? Bu, riskli bir addım sayılırmı?
Mövzu ilə bağlı Medianews.az-a danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, Milli Məclisin iyul ayında növbədənkənar iclasının çağırılması ilə bağlı artıq deputatlar imzatoplama kampaniyası keçirib. İqtisadçı-ekspertin qənaətincə, çox güman ki, növbədənkənar iclasda məhz dövlət büdcəsinə yenidən baxılması məsələsi müzakirəyə çıxarılacaq.
İ.Şaban deyib ki, Azərbaycanda zaman-zaman belə hallar müşahidə olunub: “Əgər biz cari ilin 4 ayının yekunlarını götürsək, brend markalı neftin orta qiyməti 83 dollar olub. Brend markalı neftin adını çəkməyimin səbəbi odur ki, Azərbaycan neftinin orta qiyməti ilə bağlı dövləti təmsil edən hansısa rəsmi qurum açıqlama verməyib. Biz bilmirik ki, bu qiymət brend markalı neftdən yüksək və ya aşağı olub. İstənilən halda görünən odur ki, neftin qiyməti cari il üçün büdcədə təsdiq edilmiş 60 dollardan, yəni orta ixrac qiymətindən 30 faizdən yuxarı bir həddə ticarət edilib. Təbii ki, büdcəyə neft sektorunda nəzərdə tutulduğundan daha çox gəlir gəlibsə, bunların indiki situasiyada xərclənməsi ona uyğun şəkildə məqbuldursa, deməli büdcəyə dəyişiklik gündəmə gələ bilər”.
İqtisadçı-ekspert vurğulayıb ki, “Hesab edirəm ki, əgər biz büdcədə neftin qiymətini 10 dollar artıq göstərək, yəni 70 dollar civarında müəyyənləşdirsək, bu, hər hansı iqtisadi çətinliyə, problemə səbəb olmayacaq. Çünki üçüncü rüb üçün neftin qiymətinin 80-90 dollar həddində olacağı proqnozlaşdırılır. Bu proqnozlar Dünya Bankına, Beynəlxalq Valyuta Fonduna, OPEC-ə, Beynəlxalq Enerji Agentliyinə məxsusdur”.
Ayşən RƏHİM