Medianews.az
Gül(lə) bayramı
219 baxış

Gül(lə) bayramı

Elşad PAŞASOY

[email protected]

Gül(lə) bayramı

 

Azərbaycan-Amerika Alyansı Vaşinqtonda gül bayramı keçirəcək. Kapitoli rayonunda, Smitson Milli Aviasiya və Kosmonavtika Muzeyinin binası qarşısında təşkil olunacaq gül törənini alyansın sədri olan nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov təşkil edib.

 

Son aylar konqresmenlərə, senatorlara xərclədiyi pullarla diqqəti cəlb edən nazir oğlu indi də Hacıbala Abutalıbovun Bakıdakı missiyasını xaricdə yaymaq işinə girişib, okeanın o tayında gül bayramı təşkil eləyir. Bu yerdə yadıma Ziya Məmmədovun nəqliyyatda gediş haqqını qaldırmaqla bağlı Tarif Şurası qarşısında təkidlə məsələ qaldırması düşdü. Elə srağagün “Qara Qarayev” metrosu tərəfdə sürücü ilə sərnişin nazirin 5 qəpiklik artım təklifinə görə tutaşmışdı. Ata burda gediş haqlarının aşağı olmasından gileylənir, oğul Amerikada “uf” demədən gül-çiçəyə milyonlar xərcləyir.

Guya Azərbaycanı təbliğ edirlər. Əslində Azərbaycana bu cür təbliğat lazım deyil. Elə nəqliyyat nazirinin qoçuları az qala hər gün taksi sürücülərini ayaq altına salıb tapdayır. Bu məlumatlar artıq ABŞ Dövlət Departamentinin, BMT-nin sənədlərinə də düşür. Bu, təbliğat deyilmi, gülə-bülbülə pul xərcləməyin mənası nədir? Pulunuz belə çoxdursa, müfəttişlərin maaşını qaldırın, “51" kodu altında sürücülərə sitəm etməsinlər. Avtobus sürücülərinə düz-əməlli maaş verin, 20 qəpiyə görə yollarda yarışa çıxıb sərnişinləri də, özlərini də bədbəxt eləməsinlər. Pulunuz çoxdursa, daha nəqliyyatda gediş haqqını niyə qaldırırsınız? Bəlkə gülün pulunu çıxarmaq üçün?

Bu günlərdə Gəncənin icra başçısı Elmar Vəliyev də böyük vəsait xərcləyib gül bayramı keçirir. Bu günlərdə Gəncədə olan əməkdaşlarımız yazmışdı ki, başçı qədim çinar ağaclarını kəsilib yerində Afrikadan gətizdirdiyi minlərlə əcaib ağacları əkdirib, onların da çoxu quruyub. Gülə, ağaca nə qədər desən pul xərcləmək olar, adamlardan fərqli olaraq. Abutalıbov isə tamam bir ayrı dəsgah qurub. O gün dedi ki, hər gün iki-üç trayler gül gətirilir. Özü də bu dəfə hər il olduğundan dəfələrlə çox gül nümayiş olunacaq. Şübhəsiz. Əvvəl sarayın qabağındakı balaca yerə milyonlar xərclənirdisə, indi 7 hektarlıq “Qış parkı” var, nə qədər istəyirsən gül düz.

Normalda bu gün Hacıbala müəllim cavab verməli idi - milyonların xərclənməsi hesabına başa gələn Azadlıq meydanındakı yeraltı maşın dayanacağının çökməsinə görə. Ancaq öz işindədir...

Normalda gül bayramı da keçirmək olar. Məsələn, iki gündür Kanadada da gül bayramı keçirilir. Ancaq bizdəki kimi yox. Kanadada hektarlarla ərazidə əkilmiş yüzlərlə zanbaq növü ölkə əhalisi və xarici turistlərə göstərilir, təbliğ edilir. Ölkə güldən həm də pul qazanır. Daha bizdəki kimi yox. Milyonlar xərclənir, 50-dən çox ölkədən gül daşınır, 5-6 gün sonra da zibil qutusuna atılır.

Baxmayaraq ki, Kanadada pensiyaçı 150, tələbə 40, Qarabağ döyüşçüsü 33, həkim 120, müəllim 200 manat maaş almır. Hətta orda süpürgəçilər də bizim alimlərdən qat-qat çox qazanır. Keçən həftə Qənirə Paşayeva bəzi nazirliklərə müraciət etdi ki, Tutu Cumayeva adlı Qarabağ döyüşçüsünü ölümün pəncəsindən qurtarmaq üçün ona yardım göstərilsin. Neçə gün keçib, amma kimsənin tükü tərpənməyib. Pulumuz çoxdursa, heç olmasa bu millətin xəstəsinin də dərdinə bir əlac edək də.

Onsuz da yollarında dəhşətlər yaşanan Bakının küçə və prospektləri isə neçə gündür iflas hala salınıb, velosiped turu keçirildiyindən adamlar əsəbdən çatlamaq həddinə çatdırılıb. Heç olmasa bu yarışda bir azərbaycanlı qalib olsaydı, dərd yarı idi, velosipedçimiz də legionerdir. Gərək yol olsun ki, velosipedçi də yetişsin.

May ayı həm də Şuşanın işğal günüdür. Biz Bakını bəzəyirik, ermənilər də Şuşanı. Gül bayramlarının heç birində xarı bülbül yoxdur şübhəsiz, onu ermənilər xaricilərə göstərir, xarı bülbülün “qədim erməni gülü” olduğunu deyirlər. Başımız Bakıdakı 65 minlik yeni stadionun tikintisinə qarışıb. Ermənilərsə Şuşada tikdikləri stadionu istifadəyə verdi. Şuşalı həmkarımız Nazim Sabiroğlu deyir bu, onun oxuduğu 4 saylı məktəbin stadionudur. Ermənilər fotolarını yayıb, erməni uşaqları top qovur. Stadionun yanındakı alban kilsəsi də erməniləşdirilib...

Hərdən özümüzü aldadırıq da, “qoy tiksinlər, axırı bizə qalacaq” deyə... Bəlkə nəhayət, Səfər Əbiyev də gül(lə) bayramı keçirsin, üzü Qarabağa doğru...

musavat.com

Bizə qoşulun