Famil CƏFƏRLİ
familceferli2@gmail.com
YAP hökumətinin böyük qəhrəmanlıqla şərləyib diri tutduğu bir siyasi məhbus var – Müsavat başqanının müavini Tofiq Yaqublu. Tofiq bəyin nə üstdə həbs olunduğunu desəm, gülməkdən keçinəcəksiniz. Qorxuram qəşş eləyib yıxılasınız, qol-qıçınız əzilə, ona görə də deməyə qorxuram.
Amma yox, bərk dursanız deyərəm: Tofiq bəyi İsmayıllı üsyanı olub qurtarandan, yəni qarı-qapı söhbətindən bir gün sonra bu rayona getdiyinə görə tutublar. Bu xəbər Avropaya çatanda oradakılar o qədər gülüblər ki, iş-güc yaddan çıxıb. Almaniyada buna görə artıq kütləvi işsizlik müşahidə olunur, zavod-fabriklər bir-birinin dalınca bağlanır, şirkətlər iflasa uğrayır, iqtisadi böhran dərinləşir, xalq hökumətdən narazıdır. Bunu AzTV-də də hər gün göstərirlər, özüm görmüşəm…
Nə isə, avropalılar Tofiq bəyin həbsinin motivinə gülür. Görək Tofiq bəy özü içəridə nəyə gülür. Vəkili Akif Əlizadə onunla türmədə görüşüb. Vəkil deyib ki, Tofiq bəylə söhbət zamanı vəkil Aslan İsmayılova hücum haqda da danışıblar. Tofiq bəy eşidəndə ki hakim guya vəkillik etikasını pozduğuna görə Aslan bəyin Vəkillər Kollegiyasından xaric edilməsi üçün ərizə yazıb, buna gülüb.
Mən də bunu oxuyanda güldüm. Təbii ki, Tofiq bəyin avamlığına. Burada gülməli nə var ki?! O ərizəni yazan hakim hələ çox məntiqli davranıb. Bizdə elə hakimlər var ki, yuxarıların sifarişi ilə şərləyib tutduqları adamın “cinayət”ini sübut eləyə bilməyəndən sonra adamı götürüb bu məzmunda qərarla həbsdə saxlayıblar: “Filankəsov Filankəs istintaqın müəyyən edə bilmədiyi naməlum cinayətdə iştirakda şübhəli bilindiyi üçün həbs müddəti uzadılsın”.
Vallah, ana yurdumuzda belə debil hakim var! Billah, belə multfilm məhkəmə qərarı çıxarılıb! Siz bundan daha dadlı-duzlu lətifə eşitmişdinizmi? Mən – yox. Allah sizi də güldürsün.
Təkcə bunlar da deyil. Ölkəmizdə hər gün atılıb məntiqin boynuna minən yüzlərlə belə məzəli işlər olur. Məsələn, bu yaxınlarda keçmiş rayispolkom və raykom, indiki deputat və professor Hadı Rəcəblinin təzə kitabı çıxıb. Deyirlər dəhşətli dərəcədə maraqlı kitabdır, içində ulduz falından, skanvorddan belə nə desən var. Amma kitabın adı darıxdırıcıdır, çünki Əli Əhmədovla Xanhüseyn Kazımlını yada salır. Kitab belə adlanır: “Sabitlikdən sosial rifaha”.
Onu hələ tapıb oxuya bilməmişəm. Amma dəqiq bilirəm ki, Hadı müəllim bu son (bəlkə də ilk) əsərində Xanhüseyn Kazımlının təxminən 487 min nəfər real üzvü olan, fəaliyyət tarixi boyunca 6 seçkini udan, 7 dəfə də hakimiyyətə gələn Sosial Rifah Partiyasının keçdiyi şərəfli mübarizə yolundan, bu partiyanın dövlət müstəqilliyinin əldə edilməsindəki misilsiz xidmətlərindən bəhs edib. Bunu kitab haqda danışan məşhur insanların sözlərindən də görmək mümkündür.
Həmin kitabın təqdimatı srağagün keçirilib. BBC-də tədbirdən geniş reportaja baxdım, xeyli adam çıxıb kitabı təriflədi. I vitse-spiker Ziyafət Əsgərov, akademik Urxan Ələkbərov, akademik Yaqub Mahmudov, professor Musa Quluzadə, deputatlar Musa Quliyev, Hüseynbala Mirələmov, Eldar İbrahimov və başqaları çıxış edərək Hadı müəllimin kitabı haqda fikirlərini bildirdilər.
CNN-də gördüm, onlar danışdıqca Hadı müəllim bığaltı qımışır, arada gülümsünürdü. Səncə, niyə?! Çünki dəqiq bilirdi ki, əsəri tərifləyənlər onu oxumaq, vərəqləmək nədir e, kitabın heç üzünü də yerli-dibli görməyiblər, daha doğrusu, elə tədbirdə görüblər. Kim nədən istəsə, mərc gələ bilərəm ki, nə Əsgərov, nə Ələkbərov, nə Mahmudov, nə Quluzadə, nə də Quliyev o kitabı oxumayıblar.
Hə, az qala yadımdan çıxmışdı. Hadı müəllimin kitabının elmi redaktoru (elmi ha…, kül o elmin başına!) Xətainin icra başçısı olanda, Bakıda N qədər obyekt tikib icarəyə verəndə vaxt tapıb haçansa professor vəzifəsini də tutan YAP icra katibi Əli Əhmədovdur. Riskə girib hətta YAP-a üzv yazılmaq kimi ağır söhbətdən mərc gələrəm ki, Əhmədov da o kitabı başdan-ayağa oxumayıb.
Amma bunların mətləbə qətiyyən dəxli yoxdur. Əsas odur ki, ortada pomidor yeşiyi boyda iri və sanballı kitab var. Hadı müəllimə yeni-yeni yaradıcılıq uğurları, “Sabitlikdən korrupsiyaya” adlı yeni təmsil və “Korrupsiyanın sabitliyi” adlı təzə nağıl kitabları yazmaq üçün şövq, səbir, güc-qüvvə, bir də bolluca A-4 formatlı kağız, bir qutu da sabun kimi yağlı yazan qələm arzulayıram…