Famil CƏFƏRLİ
familceferli2@gmail.com
İslahat belə olar…
Səhər gözümü ovxalayıb saytlara baxan kimi bir xəbər gördüm. Təkcə elə başlığı Misir müəllimə uzaqdan göz vururdu: “Təhsil Nazirliyində yenilik”.
Başladım oxumağa. Buna qədər isə beynimdən ildırım sürəti ilə belə bir bəzəkli fikir keçdi: “İçərişəhərdə xarici turistləri gəzdirərkən fotoqraflar önündə tikələyib yediyi təndir çörəyi Mikayıl Cabbarov yoldaşa halaldır. İslahatlara, işləməyə, yeniliklərə nə yaxşı və nə tez başladı!!!”
Sonra xəbəri axıra qədər oxudum. Gördüm yooox, doğrudan da yenilikdir ki, durub. Özü də adamın üzünə şagird ondan təmir pulu istəyən məktəb direktoruna baxan kimi baxır. Cabbarovun yeniliyinə söhbət ola bilməz. Fısqırıq novatorluqdur…
Yenilik də budur: deməli, təzə təhsil nazirinin müdrik rəhbərliyi ilə Təhsil Nazirliyində “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may, 2011-ci il tarixli fərmanın icrası çərçivəsində hazırlanmış xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) sistemi nazirliyin saytının “Elektron xidmətlər” bölməsinə daxil edilib…
Vay canım… Həqiqətən də dəhşətli yenilikdir. Təhsilimiz məhz elə bu yenilikdən ötrü sinov getmirdi bə. Əsas məsələ sistemin sayta daxil edilməsidir. Azərbaycan təhsilinin inkişafı elə buna bənd imiş. Ən böyük maneə bu idi da bə. Ta qurtardı. Təhsilimizə day zaval yoxdur.
Qabaqlar isə vəziyyət doğrudan da çox pis idi. Təsəvvür edin ki, Azərbaycan Respublikası hələ uzaq 1997-ci ilin aprelində Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Lissabon Konvensiyasına imza atmışdı. Bu prosesin həyata keçirilməsi işi hələ 2000-ci ildə Təhsil Nazirliyinə həvalə olunmuşdu. Amma nazirliyin elektron saytında bu barədə bir cümlə də xəbər yox idi. Belə mənfur şəraitdə rayon təhsil şöbələri Bakı məktəblərinə işə müəllim götürəndə ali savadlı pedaqoqdan 15-30 min arası “şirinlik” almasın neyləsin?! Məktəb direktoru sinif rəhbərindən, sinif rəhbəri uşaqdan, uşaq da valideynindən yapışıb təhsil turpunu…, bağışlayın, ağlım “Baba nənədən, nənə turpdan” nağılına getdi, təmir, kerosin, tabaşir, lampa, gündəlik, bayram, kitab, konsert… pulunu almasın neyləsin?! Gərək nazirliyin saytında Lissabon konvensiyası barədə xəbərlər oxuya biləydilər ki, almayaydılar da bə…
Bu yeniliyin faydaları çox olacaq. Baxarsınız, 16 il qabaqkı sənədin mətninin nazirliyin saytına yerləşdirilməsi sayəsində Azərbaycan Şagird Nailiyyətlərinin Qiymətləndirilməsi Beynəlxalq Proqramı (PİSA proqramı) çərçivəsində 57 dövlət arasındakı 55-ci fəxri yerini tərk edib 54-cü olacaq. Kənd məktəblərində fizikadan dərs deyən bədən tərbiyə, tarixdən dərs deyən nəğmə müəllimləri, kəndlərdə qıfılı da çürüyən məktəblər, elə TQDK da xəcalətindən utanıb yerə girəcək.
Təhsilimizdəki bu böyük uğur, şok yenilik münasibətilə təhsil ekspertləri Əlövsət Osmanlı ilə Etibar Əliyevi ürəkdən təbrik edib keçək ayrı sahələrə. Çünki ölkəmizdə elə sahə yoxdur ki, orada sayta xəbər yerləşdirmək sayaq yekə problemlər olmasın. Biri elə Müdafiə Nazirliyi. Burada da sayta xəbər daxil etmək kimi nəhəng problem var.
Dəqiq məlumat var ki, Səfər Əbiyev 1998-ci ilin noyabrında Monqolustanla imzalanan hərbi əməkdaşlıq haqqında sazişin mətnini nazirliyin rəsmi saytında yerləşdirməyib. Ordudakı problemlər də elə burdan qaynaqlanır. Əsgərlərin dalbadal intihar etməsi, komandirlərini, özlərini və dostlarını, habelə əvvəl dostlarını, sonra özlərini “avtomat silahdan ehtiyatsızlıqdan açılan atəşlə” (bu ifadə polkovnik Eldar müəllimin son şerindən götürülüb) güllələməsi də buna etirazdır. Əgər Əbiyevi də çıxarıb yerinə gənc bir nazir qoysalar, o, elə ilk iş günündə bu problemi həll edib həmin xəbəri sayta yerləşdirər, bununla da ordudakı atəşkəs qırğını dayanar.
Əsl islahat bax, elə budur. O biri nazirliklər də bundan ibrət götürsün. Onların hərəsi 1995, 1999 və ya 2001-ci ilə aid köhnə bir sənədi tapıb rəsmi saytlarına daxil eləsələr, bu ölkədə gilə də problem qalmaz. Həzrət Abbas haqqı…
musavat.com