Gürcüstan prezidenti Mixail Saakaşviliyə sui-qəsd hazırlanır. Bu barədə məlumatı “Xronika” qəzeti yayıb. Sui-qəsd zamanı Saakaşvilinin öz silahından istifadə planlaşdırılıb. Qəzet yazır ki, Saakaşvilinin ölüm planını DİN-in keçmiş başçısı Vano Merabişvili hazırlayıb.
Qəzet iddia edir ki, hadisəyə görə indiki baş nazirin və Rusiyanın günahlandırılması nəzərdə tutulur. “Öldürülən prezident qəhrəman elan ediləcək” deyə qəzet yazıb.
Qəzetin iddiasına görə, plan barədə hətta Saakaşvili özü də məlumatlandırılıb: “Ancaq bu zaman Vano Merabişvili prezidentə bunun oyun olduğunu söyləyib. Yəni partlayış törədildiyi zaman Saakaşvili maşında olmayacaqmış. Sən sağ qalacaqsan, biz isə bütün dünyada hay-küy qaldıracağıq. Hər şeydə ruslar və İvanişvili günahlandırılacaq”. Prezident əvvəl bununla razılaşıb, ancaq daha sonra yaxın ətrafı onun doğrudan da öldürülə biləcəyini söyləməklə Saakaşvilini fikrindən daşındırıb. Ancaq keçmiş daxili işlər naziri sui-qəsd fikrindən daşınmayıb.