
Elşad PAŞASOY
epashasoy@yahoo.com
Körpə qatilləri
31 mart, 2013-cü il. Əhmədli, saat 11:25. Bu tarixin azərbaycanlıların soyqırımına qəti aidiyyəti yoxdur. Metronun üstündə növbəti obyektin təntənəli təməlqoyma mərasimi keçirilir. Yekəqarın birisi əlinin altındakı usta və fəhlələrə göstərişlər verirdi. Divarların hörüləcəyini göstərən qırmızı lentlə dövrələnən yerin tən ortasında isə tənha bir şam ağacı qalmışdı. Yəqin bu gecə onu da kəsərlər...
Hacıbala müəllim demişkən, Bakımız bu kökdədir. Sonra da Bakı metropoliteninin rəisi Tağı Əhmədov deyir metro tikintisi üçün boş yerlər yoxdur: “İstər-istəməz köçürmələr olmalıdır. Bununla bağlı uzunmüddətli danışıqlar aparılır. İşlər hətta məhkəmələrə düşür. Həmin insanlar birmənalı başa düşməlidir ki, tikilən stansiyalar gələcək üçündür”.
Doğrudur, gələcəyimiz önəmlidir. Ancaq başı yeni stansiyaların tikintisinə qarışan Tağı müəllim deyəsən unudub ki, artıq köhnə metro stansiyalarının giriş-çıxış qapıları da yeni obyektlərlə doldurulub. Kim harda gəldi qazır, tikir, hətta metro tunelinin üstünü də kefi istədiyi kimi qazırlar. 2040-cı ilədək metro stansiyalarının sayının 70-ə çatdırılması planlaşdırılır. Ancaq harada tikiləcək, yermi qalıb?
“Qara Qarayev” metrosundan üzü “Həzi Aslanov”a qədər sağ-soldakı yaşıllıq zolaqları vardı. İndi yoxdur. İndi o ağacların əvəzinə bomboz tikililər görürük. Sanki kimlərinsə dədəsi əkibmiş o ağacları. İstədiyi kimi kəsib doğrayıb. Nə cəza var, nə qorxu. Məmur rüşvətini alır, deyir get nəinki ağacı, hətta etiraz eləyən adamların dilini də kəs. Ancaq heç kim gələcək, nəvə-nəticəsinin sabahı haqda düşünmür. Kimsə demir ki, axı kəsilən hər ağac sabahın havasızlığı, xəstəliyi deməkdir. Ancaq hər kəsi bugünkü qazancı düşündürür - məmuru da, alverçini də. Sanki bunlar üçün oksigen mənbəyi ağac yox, tikilən binalar, obyektlər, torpağa döşənən mərmər imiş.
Bakının Baş Planının başına yekə bir daş salınıb, nə yaşıllıq saya salan var, nə tikinti qaydalarına əməl eləyən. Ona görədir ki, o gün yeni tikilidə bir yanğın oldu, ətraf binaların mənzilləri də alışdı, camaat ağlar qaldı. Sovet vaxtı hər 9 mərtəbənin arasında azı 50 metr məsafə, uşaqlar üçün meydança, əyləncə yerləri olardı. İndi hər 16 mərtəbənin arasında heç 16 metr yer qoymayıblar, uşaqlar isə heç pəncərədən də həyəti görə bilmir, çünki həyət yoxdur.
Bakını az qalır ikimərtəbə eləsinlər. Bir ucdan qazıb tunel, keçid, avtodayanacaq eləyirlər. Bölgə əhalisi paytaxta axışdıqca yeni layihələr də həyata keçirilir, pullar səpilir küçələrə, yerin altına. Ancaq kimsə düşünmür ki, bu gedişlə hara gedirik. Dünyada çəkilən “ən ucuz yollar”ın sahibi nazir Ziya Məmmədov deyib ki, gələn aydan 1,2 kilometr olan yeni körpü, Ziya Bünyadov prospekti ilə Koroğlu dairəsinin birləşdiyi istiqamətdə isə tunel tikiləcək. Deməli, yenə yollar kəsiləcək, qazılacaq, toz-torpaq aləmi götürəcək, adamlar aylar boyu əsəbdən dəli olacaq, yüz milyonlar xərclənəcək, 30 illik yol salınacaq, tunel tikiləcək. Az sonra yol da çökəcək, tunel də.
Bəzi məmurlar ölkə başçısı demişkən, o qədər harınlayıb ki, daha “Heydər parkları”na da əl uzadırlar. Bu gün bir çox “Heydər parkları”nda ağaclar ucdantutma kəsilir, ərazi qazılır, kababxanalar tikilir. Heç olmasa “ulu öndər” dedikləri eks-prezidentin ağacların kəsilməsi haqdakı sözlərini də yada salmırlar.
Cəlilabaddakı qətliamdan sonra deputat Fazil Mustafa ölüm cəzasının bərpasını təklifi edib, parlamentdə məsələ qaldıracağını deyib. Bəs ağac qatilləri ilə bağlı neyləməli? Axı onlar da öldürür. Özü də öncə uşaqları, qocaları. Cəlilabaddakı cəllad bir bıçağa 3 nəfəri bir anda öldürdü. Ancaq Bakıda ağac qatilləri var ki, hər yerə minlərlə uşağın, qocanın tədrici ölümünə bais olur. Onlar da öldürür, bir az gec olsa da. Hava yoxdursa, insan ölü kimidir. Bəlkə ağac cəlladlarının da dar ağacından asılması məsələsi qanuna əlavə olunsun?
Biz Abutalıbovdan ağac soyqırımının dayandırılmasını gözləməkdə ikən demə, o, adamların qəlbindəki şeytanı mələyə çevirməklə məşğul imiş. Görəsən, bu adamların sırasında ağac qatilləri də varmı? Cəlilabaddakı qatil ağır cəzasını alacaq. Bəs Bakıdakı ağac, fidan qatilləri necə?