Medianews.az
“Dövlət çevrilişi” qoxusu
204 baxış

“Dövlət çevrilişi” qoxusu

Azər RƏŞİDOĞLU

Hakimiyyət siyasi rəqiblərinə qarşı təqib aparatını növbəti dəfə işə salıb. Bu dəfə repressiya ilə üzləşən Kremlin layihəsi sayılan “Milyarderlər ittifaqı” və ona yaxın şəxslərdir. Bugünlərdə baş nazirin keçmiş I müavini, “Milyarderlər ittifaqı”nın əsas simalarından olan Abbas Abbasovun yaxın qohumunun Gəncədə həbs edilməsi iqtidarın irəli gedən planlarından xəbər verir.

Həbs olunan Qoca Quliyev Gəncədə böyük nüfuza malikdir və onun zərərsizləşdirilməsi “Milyarderlər ittifaqının” seçki öncəsi ikinci böyük şəhər olan Gəncəyə təsirini azaltmaq cəhdinə bənzəyir. Təhlillər deməyə əsas verir ki, hakimiyyət Rusiya ilə bağlılığı olan hər qurumdan ehtiyat edir və seçkilərədək “Milyarderlər ittifaqı”nın təsirini azaltmağa çalışır.
Lakin “Milyarderlər ittifaqı”na yaxınlığı ilə seçilən bir neçə təşkilat da var. İstər Ziyalılar Forumu, istər EL hərəkatı, istərsə də İctimai Palatanın müəyyən üzvləri fəaliyyətini bu ittifaqla koordinə etməyə çalışır. Bu isə hakimiyyətin bir neçə cəbhədə savaşacağını deməyə əsas verir. Amma 2013 seçkilərində hakimiyyətə ən ağır zərbə məhz iqtidar dəhlizlərindəki gizli müxalifətdən gələ bilər. İstisna deyil ki, iqtidardaxili müxalifət “Milyarderlər ittifaqı” və ya digər qurumlarla işbirliyinə başlayıb. Hakimiyyəti qorxudan da elə budur.
Maraqlıdır ki, özünü inamlı aparmağa cəhd göstərən hakimiyyət iki qurumun perspektivindən daha çox narahatdır. Bu, “Milyarderlər ittifaqı” və bu “holdinqə” daxil olan təşkilatlar, habelə hələ bir ideya kimi gündəmə gələn Milli Şuranın yaranması qorxusudur. Milli Şura ideyası siyasətdə dəfələrlə “raskrutka” edilib. 1993-cü ildə Rusiya Azərbaycanda belə bir ideyanı gerçəkləşdirmək və milli qüvvələrin iqtidarına son qoymaq niyyətini gizlətmirdi. Proseslərin gedişi məhz Milli Şura ideyası ətrafında cərəyan etdi və Elçibəy iqtidarına son qoyuldu.
Sonra 1994-cü ildə mərhum Rövşən Cavadov tərəfindən irəli sürülən bu ideya qanda boğuldu. O vaxtkı qəddarlıq və amansızlığın kökündə elə Milli Şura ideyası və onun arxasında dayanan qüvvələrə qəzəb dururdu. Milli Şura ideyası gündəmə gələndən sonra Azərbaycanda hər dəfə dövlət çevrilişi cəhdləri barədə danışmağa başlayıblar, bunun ardınca gurultulu həbslər müşahidə olunub. 2005-də həbslər dalğası hakimiyyətin içinə qədər yüksəldi. Onda həbs olunan iki nazir hələ də məhbəsdədir.
Həbslər yalnız müxalifətdən olanda cəmiyyətdə və beynəlxalq aləmdə mənfi qarşılanır, gözlənilən nəticəni vermir. Seçki qabağı güclü şou yaratmaqla hakimiyyət cəmiyyətə öz qətiyyətli imicini təqdim etmək istəyir.
Baş verənlər hakimiyyətdə olan məmur-oliqarxlarla Rusiyanın mümkün əlaqələrinə zərbə endirmək, Qərbin təsir agentlərini də dağıtmaq məqsədi daşıyır. NİDA-çı gənclərin həbsi, facebook fəaliyyəti üçün 2 milyon dollar ayrılması barədə deyilənlər, ABŞ Milli Demokratiya İnstitutuna hücumlar, Rusiyanın təhdidlərinin həddən ziyadə şişirdilməsi hazırlanan “dövlət çevrilişi” ssenarisi və profilaktik tədbirlərdən xəbər verir. Ehtimal ki, seçkiyə az qalmış “dövlət çevrilişi cəhdi”nin “qarşısı alınacaq” və yeni gurultulu həbs dalğası fonunda cəmiyyətə növbəti dəfə “sakitləşdirici köynək” geyindiriləcək.
“Dövlət çevrilişi filmi”nin daha təsirli olması üçün ssenaridə İranın, ərəb ölkələrindən gəlmiş radikal dinçilərin də yer alması son dərəcə mühümdür. Qərbin gözlənilən həbslərə reaksiyasını məhz “İslam terroru” naxışları ilə neytrallaşdırmaq mümkündür. Bu baxımdan, Rusiya və Qərbə qarşı addımlar atmağı planlaşdıran hakimiyyət oyuna islamçıları da qoşa bilmək üçün müxtəlif yollar düşünür.
İstisna deyil ki, bu dəfə “dövlət çevrilişi” ssenarisinə hansısa hərbi hissələr də cəlb oluna bilər. Şounun təsirli alınması üçün hərbçilərin də oyunda yer alması cəlbedici görünür. Əsgər ölümlərinə etiraz fonunda müdafiə naziri Səfər Əbiyevin hakimiyyətə sadiqliyini sübut etməsinə və baş verənləri çevriliş arzusunda olanların ictimai rəyi çaşdırmaq cəhdi kimi qələmə verməsinə əlverişli imkan yaranır.
Əlbəttə, hakimiyyətin özəl məlumatlara malik olması da istisna edilmir. O cümlədən kimlərinsə “təsir agentləri şəbəkəsi”ndə olduğunu da ehtimal etmək olar. Bunların məhz seçki öncəsi hakimiyyətin rəqiblərinə zərbə endirməkdən ötrü edildiyi ehtimalı daha inandırıcıdır. Odur ki, siyasi müstəvidən yenidən “çevriliş qoxusu”nun gəlməsini təsadüfi saymaq olmaz.

 

 

Bizə qoşulun