Medianews.az
RAMİZ MEHDİYEVİN İSTEFASI TƏLƏBİ NECƏ ORTAYA ÇIXIB?
175 baxış

RAMİZ MEHDİYEVİN İSTEFASI TƏLƏBİ NECƏ ORTAYA ÇIXIB?

“Qarabağ” blokunun bəyanatının pərdəarxası varmı; Sərdar Cəlaloğlu Londonda olmasaydı, belə bir sənəd ortaya çıxacaqdımı; suallara “cavabdehlər” cavab verir...

Sabiq ABU rektoru Elşad Abdullayev və ona dəstək verən tanınmış blogger Elnur Məcidli bəyan ediblər ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin istefasına nail oluncaya qədər ifşa videolarını davam etdirəcəklər. Bu bəyanatın fonunda Azərbaycan mediasında Ramiz Mehdiyevə qarşı sərt bir kampaniyaya start verilib. Lakin dekabrın 20-dən etibarən administrasiya rəhbərinə qarşı mediada aparılan “savaş” siyasi xarakter alıb. İlk dəfə olaraq iki siyasi partiyanı birləşdirən “Qarabağ” bloku bəyanat verərək, Ramiz Mehdiyevi istefaya çağırıb. Ənənəvi (“radikal”) müxalifətin təmkinli gözləmə taktikası yürütdüyü bir zamanda “Qarabağ” blokunun bu cür bəyanatla çıxış etməsi ciddi maraq doğurdu.

Blokun bəyanatında isə tələb edilib ki, Gülər Əhmədovanın işi ilə bağlı “istintaqın obyektiv aparılması” üçün Ramiz Mehdiyev istefa verməlidir: “Hesab edirik ki, istintaqın tərəfsiz, təzyiqsiz, qərəzsiz, obyektiv aparılması üçün Prezident Administrasiyasının rəhbəri və Korrupsiya və Rüşvətxorluğa qarşı Mübarizə Komissiyasının sədri cənab Ramiz Mehdiyevin tutduğu mövqelərdən istefa verməsi daha düzgün yanaşmadır. Biz ”Qarabağ" bloku olaraq bunu tələb edirik. Həm hüquq-mühafizə orqanlarının, həm də cənab prezident tərəfindən yaradılan müstəqil istintaq komissiyasının işinin bu addımdan sonra daha səmərəli və maneəsiz olacağına ümid edirik", deyə bəyanatda vurğulanır.

 


Bu bəyanata ilk və açıq reaksiya azpolitika.info saytından gəldi. Sayt bu bəyanata “MTN-ə yaxın partiyalar Ramiz Mehdiyevin istefasını tələb etdilər”, başlıqlı xüsusi yazı həsr etdi. Saytın iddiası ağır idi: orada deyilir ki, Elşad Abdullayevin “Mehdiyev istefaya getməlidir” tələbinə Bakıdan da ilk siyasi dəstəyi İqbal Ağazadə və Sərdar Cəlaloğlunun verməsi təsadüfi deyil. Müxalifətin radikal qanadı olan İctimai Palatanın belə, hələ ki Ramiz Mehdiyevin istefası tələbi ilə çıxış etmədiyi halda ADP ilə Ümidin irəli çıxmasını sayt hakimiyyətdəki “Bakı konseyi”nin və MTN-in istəyi ilə əlaqələndirir: “İndi belə görünür ki, Elşad Abdullayevin ”Mehdiyev istefaya getməlidir" tələbinə Bakıdan da ilk siyasi dəstəyi İqbal Ağazadə və Sərdar Cəlaloğlu verir. Halbuki müxalifətin radikal qanadı olan İctimai Palata belə, hələ ki belə bir tələblə çıxış etməyib...

 


Beləliklə, hədəf konkretləşir, çox böyük ehtimalla bir azdan cəbhənin daha da genişlənəcəyi və hələ xeyli TANINMIŞ ŞƏXSin “Mehdiyev getsin” tələbinə qoşulacağının şahidi olacağıq! “, deyə sayt vurğulayır.

 


Lakin biz belə bir iddiada deyilik və hər iki siyasətçini müxalifətin, demokratik düşərgənin mühüm elementi hesab edirik. İqbal Ağazadə ABŞ Dövlət Departamenti tərəfindən Azərbaycanın Milli Məclisindəki yeganə müxalifətçi kimi tanınır; Sərdar Cəlaloğlu isə ənənəvi müxalifətin bütün kəsimləri tərəfindən qəbul olunur. Bu səbəbdən, onların “müxalifətçi pasportunu” təftiş etmək niyyətimiz yoxdur. Lakin ortada suallar var və biz jurnalistlərin bir işi də həmin sualları obyektin özünə verməkdir.

 


ADP sədrinin müavini Nurəddin İsmayılov mövzu ilə əlaqədar müxbirimizə dedi ki, Sərdar Cəlaloğlu xaricdə olduğu üçün “Qarabağ” blokunun son toplantısında iştirak etməyib. Məlum tələbin irəli sürüldüyü toplantıda ADP-nin və Ümid Partiyasının rəhbərliyinə daxil olan şəxslər iştirak edib: “Mən də iştirak edirdim. Ramiz Mehdiyevin istefası tələbinin irəli sürülməsi məsələsi iclasda qoyuldu. Səsverməyə çıxarıldı. Səsvermədə təklif səs üstünlüyü qazandı”.

 


“Bu təklif kimin tərəfindən irəli sürüldü”, sualına ADP rəsmisi belə cavab verdi: “Ümid Partiyasının funksioneri Aynur İmranova çıxış edib Ramiz Mehdiyevin istefası tələbinin irəli sürülməsini və bunun blokun adından rəsmi bəyanat kimi yayılmasını təklif etdi. Səsvermədə təklif qəbul olundu. İqbal Ağazadə də toplantıda iştirak edirdi və təklifi dəstəklədi”.

 


“Siz təklifə səs verdinizmi” sualına cavabında N. İsmayılov bildirdi ki, o, bitərəf qalıb.

 


N.İsmayılov daha bir maraqlı məqamı da açıqladı. Onun dediklərindən məlum oldu ki, dekabrın 17-də ADP-nin İdarə Heyətinin iclası olub. İclasda bu məsələ gündəmə gəlib: “Ramiz Mehdiyevin istefası tələbi ilə çıxış eləyənlər də olub. Bütövlükdə hakimiyyətin istefasının qoyulması tələbinin doğru olması ilə çıxış edənlər də var idi. İki mövqe olduğu üçün səsverməyə qoyuldu. Hər iki təklif eyni sayda səs topladığı üçün qərara gəlindi ki, ümumiyyətlə, bu məsələyə münasibət bildirilməsin. Səhərisi gün Sərdar bəy xaricə getdiyindən dekabrın 19-da blokun iclasında iştirak edə bilmədi”.

 


“Sərdar Cəlaloğlu hansı təklifin tərəfdarı kimi çıxış etdi”, sualına N. İsmayılov belə cavab verdi: “Sərdar bəy məsələni fərdiləşdirərək Ramiz Mehdiyevin istefası tələbinin qoyulmasının düzgün olmadığını dedi. Ən düzgün və məntiqli yolun bütövlükdə hakimiyyətin istefası olduğunu və bu tələbin irəli sürülməsi olduğunu bildirdi”.

 


“Sərdar Cəlaloğlunun dəstəkləmədiyi təklif faktiki olaraq blokda qəbul edilib. Sərdar bəyin qayıdandan sonra blokun açıqlamasına qarşı çıxış edəcəyi ehtimalı varmı” sualını isə N.İsmayılov belə cavablandırdı: “Blok məsələni müzakirə edibsə və səsvermədə bu təklif qəbul edilibsə, məncə, Sərdar bəy demokratik insan olaraq blokun səsvermə ilə qəbul etdiyi qərara qarşı çıxış eləməz”.

 


N.İsmayılov ADP-nin MTN-ə yaxın partiya kimi təqdim olunmasına da münasibət bildirdi: “Bu, jurnalist təxəyyülünün məhsuludur. Əvvəla, ADP bu məsələ ilə bağlı özü müstəqil, ayrıca qərar qəbul etməyib. İkincisi, ADP-nin sifarişlə hərəkət etməsini iddia eləmək gülüncdür”.

 


Ümid Partiyasının sədri İqbal Ağazadə ilə də bu mövzuda danışdıq. Hətta ənənəvi (“radikal”) müxalifətin təmkinli gözləmə taktikası yürütdüyü bir zamanda, “Qarabağ” blokunun bu cür bəyanatla çıxış etməsinin hansı zərurətdən doğduğu barədə sualımıza cavabında İ.Ağazadə dedi ki, bu tələbin hansı zərurətdən ortaya çıxdığı bəyanatın mətnində açıq izah edilib: “Biz heç kimi cinayətdə günahlandırmırıq. İstintaqın obyektiv getməsi ilə bağlı ”Qarabağ" blokunun üzvlərinin ümumi əldə etdiyi mövqe bundan ibarət oldu ki, istintaqın obyektiv aparılması, sonradan heç bir qaranlıq məsələlərin ortaya çıxmaması üçün Ramiz Mehdiyevin istefası məqsədəmüvafiqdir".

 


İ.Ağazadə Ümid Partiyasının və ADP-nin MTN-ə yaxın partiya kimi təqdim edilməsinə də münasibət bildirdi: “Bu cür fikirlərin yazılması xəstəlikdir. Bu cür iddiaları, şərhləri verən adamlar xəstəxanaya müraciət eləsin. Onların ciddi müalicəyə ehtiyacı var. Biz Elşad Abdullayevin və başqalarının səsləndirdiyinə görə kimisə günahkar, cinayətkar bilmirik. Prezident məsələ ilə bağlı istintaq komissiyasının yaradılması ilə bağlı Baş Prokurorluğa göstəriş verib. Biz təklif edirik ki, istintaqın obyektiv aparılması, kimin-kim olduğu, nəyin həqiqət olduğunu, nəyin həqiqət olmadığını aydınlaşdırmaq üçün tərəflər bu məsələdə gözləmə mövqeyinə çəkilsinlər. O cümlədən cənab Ramiz Mehdiyev də gözləmə mövqeyinə çəkilsin və həqiqət üzə çıxsın. Sabah ortaya çıxacaq məlumatların heç birinə deyilməsin ki, kimsə vəzifəsindən istifadə elədi. Bəlkə sabah istintaqın araşdırması Ramiz Mehdiyevin xeyirinə olan vəziyyət ortaya çıxacaq. Özü də istefanın müddətinin istintaq başa çatana qədərki dövrü əhatə etməsi söhbəti var. Söhbət bundan gedir. Bizim bu təklifimizdə başqa məqamları axtarmaq düzgün deyil. Onda mən də ittiham edim ki, kimsə Ramiz Mehdiyevin bu məsələdə istefasını tələb eləmir, o, Ramiz Mehdiyevə işləyir? Düşünürəm ki, o tipli yanaşmalar sağlam məntiqin nəticəsi deyil”.

 


Məlum bəyanatın qəbul edilməsi təklifinin kimdən gəldiyi haqda suala isə İ.Ağazadə ad çəkmədən cavab verdi: “Çıxış edənlərdən biri idi. Müzakirəyə çıxarıldı, təklif və səsvermə ilə qəbul olundu”.

 


“Belə bir bəyanatın verilməsini müttəfiqiniz Sərdar Cəlaloğlu ilə müzakirə edib razılaşmısınızmı”, sualına İ.Ağazadə belə cavab verdi: “Sərdar bəy özü iştirak etməyib, partiyasının rəhbərliyinə daxil olan şəxslər iştirak edib. Biz partiyanın mövqeyini nəzərə alaraq bu cür bəyanatı qəbul etmişik. Bu, Ümid Partiyasının qəbul etdiyi bəyanat deyil, ”Qarabağ" blokunun bəyanatıdır. Sərdar bəy də azad fikirli adamdır, bu məsələ ilə bağlı onun “olsun-olmasın” kimi mövqeyi yoxdur. Sərdar bəy də, mən də əleyhinə, lehinə olmağımızdan asılı olmayaraq çoxluqda qəbul edilmiş qərarlara hörmətlə yanaşmışıq".

 


“Qarabağ” adından yayılan açıqlamada deyilir: “Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin son günlər ictimaiyyətin müzakirəsinə təqdim etdiyi videolar çox ciddi narahatlıq yaradıb. Biz ”Qarabağ" bloku olaraq videolarla bağlı müzakirələrdə hüquq-mühafizə orqanlarının aparacağı araşdırmalara hörmətlə yanaşırıq və hesab edirik ki, bu məsələnin sona qədər araşdırılması, həqiqətlərin üzə çıxarılması, vətəndaşları narahat edən məsələlərə aydınlıq gətirilməsi, ədalətin yerini tutması, bununla belə, hər bir şəxsin təqsirsizlik prezumpsiyası çərçivəsində haqq və hüquqlarının qorunması ən vacib şərtlərdən biridir. Biz araşdırmaların sonucu, məhkəmə qərarı olmadan nə Elşad Abdullayevin təqdim etdiyi faktlar barədə fikir bildirmək, nə də Gülər Əhmədovanı, Ramiz Mehdiyevi və ya videoda adıçəkilən digər şəxsləri günahkar elan etmək niyyətində deyilik. Hər bir şəxsin hüquqlarına hörmətlə yanaşmaq bizim borcumuzdur və bu konstitusiya ilə onların haqqıdır. Amma hesab edirik ki, istintaqın tərəfsiz, təzyiqsiz, qərəzsiz, obyektiv aparılması üçün Prezident Administrasiyasının rəhbəri və Korrupsiya və Rüşvətxorluğa qarşı Mübarizə Komissiyasının sədri cənab Ramiz Mehdiyevin tutduğu mövqelərdən istefa verməsi daha düzgün yanaşmadır. Biz “Qarabağ” bloku olaraq bunu tələb edirik. Həm hüquq-mühafizə orqanlarının, həm də cənab prezident tərəfindən yaradılan müstəqil istintaq komissiyasının işinin bu addımdan sonra daha səmərəli və maneəsiz olacağına ümid edirik".

 

musavat.com

Bizə qoşulun