ZAMIN HACI
O gün qəzetimizin yenidən məhkəməyə veriləcəyi xəbərini oxudum. “Baku Steel Kompany” adında bir poladəritmə zavodu vardır, yəqin Dərnəgül yolu ilə gedəndə bunu hamınız görmüsünüz. Vaxtilə özünü “mən Heydər Əliyevin iqtisadi əsgəriyəm” deyə öyən bir güneyli vardı, Paolo Pərviz adında, o açmışdı. Xeyli də işlətdi, ancaq sonradan nəsə oldu, əsgər fərarilik eləyib qaçdı, zavodu başladı ayrı adamlar işlətməyə. Deyilənə görə, hazırda zavod tam şəkildə “komandanın” ailəsinə məxsusdur.
Uzun sözün qısası, qəzetimizi məhkəməyə verməyə hazırlaşan məhz bu əritmə zavodudur. İddia ilə ilkin tanışlıqdan bu qərara gəlmək olar ki, zavod bizi də polad hesab eləyir, sobaya basıb əritmək fikrindədir. Doğrusu, bilmirəm jurnalist ərintisindən yaxşı armatur düzəltmək olar, ya yox. Hər halda, vaxtilə jurnalist həmkarımız Üzeyir Cəfərovun başına armaturla vurmuşdular, bəy davam gətirmişdi. Bu, sübut edir ki, jurnalist başı tikinti üçün səmərəli vasitə ola bilər. Mütəxəssislərin rəyinə görə, ən yaxşı polad ərintisi almaq istəyirsənsə jurnalist ərintisinə müəyyən faizlə müxalifətçi partiya üzvü və hüquq müdafiəçisi ərintiləri də qatmaq lazımdır. Nəticədə paslanmayan polad alınır ki, bundan körpü tikintisində, maşınqayırma sənayesində uğurla yararlanmaq olar.
Əgər siz zavodun qəzetimizi əritmək fikrinə hələ də inanmırsınızsa, buyurun iddianın məbləği ilə tanış olun: biz hansısa yazımızı (bunun nə yazı olmasının Azərbaycanda qəti önəmi yoxdur, bizdə jurnalistləri heç yazmadıqları yazılara görə də məhkəməyə verib əridiblər) təkzib eləməklə yanaşı zavoda… 1 milyon manat cərimə ödəməliyik. Sanarsan “Yeni Müsavat”ın təsisçisi və baş redaktoru Rauf Arifoğlu məşhur polad maqnatı Lakşmi Mittaldır, dərhal 1 milyonu diplomatla göndərəcək zavoda, iş burda bitəcək.
Bundan qabaq da qəzetimiz milyonluq iddialara tuş gəlibdir, bir növ öyrəncəliyik. Ən sonuncu, yanılmıramsa Kəmaləddin Heydərovun ailə şirkətlərinin iddiası bu qədər idi. Sizə deyim ki, bunun müsbət tərəfləri var, məsələn, bu yaxında bir qohum məni kiçik oğlunun sünnət toyuna çağırmışdı, getməmək üçün yaxşı bəhanə tapdım, dedim bəs bu saat vəziyyət ağırdır, “fövqəlnazir”ə 1 milyon borcum var, onu ödəyirəm.
Ancaq iş bu yerə çatıbsa biz gərək cəriməni ödəmək üçün indidən pul yığaq. Mənim Rauf Arifoğluna yaxşı təklifim var, istəsə bunu həyata keçirdə bilərik. Kollektivimiz küçəbəküçə düşüb metal qırıntıları yığsa, hərə bir paslı qazan qapağı, bir çarpayı dəmiri-filan tapıb həmin poladəritmə zavoduna aparsa və təhvil versə cəriməni nəhayətdə əmtəə üsulu ilə ödəyə bilərik. Bu işdə oxucularımız da, güman edirəm, bizə yardımçı olarlar. Gəlin yığışaq, metal qırıntısı toplayaq. Artıq qalsa bəlkə özümüz yeni poladəritmə zavodu açarıq (Bunu zavodu qorxutmaq üçün yazdım, yəni nəzərə alsınlar ki, biznesi ələ keçirdə bilərik).
Bir istehsalat sirrini açım: əslində biz bu üsuldan indiyə qədərki məhkəmə cərimələrini ödəmək üçün çox yararlanmışıq. Vaxtilə “fövqəlnazir”in uşaqları “Jalə” şirəsinə görə bizi məhkəməyə verəndə Rauf bəy kollektivi yığdı, dedi, hərə bir damla şirə gətirməlidir. Beləcə, damla-damla topladıq, cəriməni verdik, çıxdı getdi işinin dalıyca. Yaxud nəqliyyat nazirinin oğlu məşhur “ayı məsələsinə” görə cərimə kəsdirib, biz bunu necə ödəyirik? Deyim, bilin: bu dəqiqə bir neçə əməkdaşımız tüfəng götürüb dağlara çəkilibdir. Ayı vuracaqlar, sonra bunun ətini, dırnağını, dərisini satıb cəriməni verəcəyik. Son məlumata görə, Elşən Balaxanılı qış yuxusuna getmiş ayı vurub. Elşad Paşasoydan bir az məlumatsızıq, düzü, narahat olmuşuq.
Ən qorxduğumuz iş odur ki, birdən müdafiə naziri 1 milyonluq iddia qaldırar. Elə olsa ta əlac qalmır, gərək gedək Qarabağı alaq.
P.S. Qəzetin vəkili Vaqif Hüseynlə dəqiqləşdirdim, sən demə, bu iddia da artıq vardır. Neyləyək, uşaqlar, gərək hazırlaşaq. Arvad, ordan mənim əsgər geyimimi gətir. Vətən, sənə canım fəda!
P.P.S. Oxucuların nəzərinə: ta yazı olmayacaq, redaksiyanın yarısı metal toplamağa, yarısı Qarabağı almağa gedib. Üçüncü yarısı (biz beləyik!) da ayı ovlayır.