Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.
Oxu.Az xəbər verir ki, “Tarixdə iz buraxan Qaraiman bəyliyinin izləri” adlı bugünkü buraxılış Göyçə mahalının, Basarkeçər (Vardenis) rayonunun Kəsəmən kəndinin tarixi, irsi, etno-mədəniyyəti, adətləri, türbə və abidələri, toponimləri araşdırılıb.
Bildirilir ki, Kəsəmən kəndinin əsası XVI əsrdə Qazax mahalının Qıraq Kəsəmən kəndindən Göyçə mahalına gələn Şeşəlilər tayfasının banisi Şeşə Əlinin oğlanları Emin və Səfər qardaşları tərəfindən qoyulub. Kəndin adı yarandığı ilk gündən 1988-ci ilin dekabrına qədər 2 dəfə dəyişdirilib. 1500-cü ildən 1978-ci ilə qədər Kəsəmən, 1978-ci ildən 1988-ci ilin dekabrına qədər Bahar olub. Kəndin ilk adı Kəsəmən toponimi isə Qazağın Qıraq Kəsəmən kəndinin adı ilə bağlıdır və Kəsəmən tayfasının adını əks etdirir.
Qeyd olunur ki, zəngin coğrafiyaya malik kənddə Alban türklərinin yaşamasını sübut edən kilsə olub. Kəndin şimal hissəsində Ocaq təpəsi adlanan müqəddəs ziyarətgah dini abidələrdən biridir. Kənddə çox sayda adları türk toponimlərindən ibarət yurd yerləri var. Kənddə yaşayan azərbaycanlılar 1919-cu, eləcə də 1988-ci ildə tarixi-etnik torpaqlarından qovulublar.
Süjetdə səlcuqların hansı əsas qollarından birinin Göyçədə yaşamasına, Böyük Səlcuq dövlətinin irsini yaşadan Kəsəmən kəndinin tarixində Səlcuq, Qaraiman bəyliyinin izlərinə aydınlıq gətirilir, həmçinin Kəsəmən sakinləri ermənilərin kənddə türbələri necə dağıtdığını kədərlə danışırlar.
Ümumiyyətlə, “İrsimiz” layihəsinin məqsədi Qərbi Azərbaycanın mahal və kəndlərində itməkdə olan irsimizin qorunub saxlanılması, yaşadılması və təbliği kənd sakinləri, tarixçilər, etnoloqlar, etnoqraflar, folklorşünasların dəlil və söhbətləri ilə böyük türk izlərinin araşdırılmasıdır.