İran-Ermənistan siyasi-iqtisadi əməkdaşlığı haqqında deyilən sözlər əfsanə deyil. Ortada ciddi əlaqələr və bu əlaqələrə dair konkret faktlar var.
Hazırda İranın Ermənistanda 100 civarında müxtəlif profilli şirkətləri fəaliyyət göstərir.
Bu şirkətlərin hamısının adı A-dan Z-yə qədər məlumdur. BDU-nun jurnalistika fakültəsinin dosenti Sabir Məmmədli sosial mediada o şirkətlərin hamısının adını, sahiblərinin kimliyini adbaad yazıb.
Adları oxuyanda görürsən ki, şirkət sahiblərinin milli mənşəyi müxtəlifdir. Onların arasında farslar, kürdlər, ermənilər, hətta azərbaycanlılar da var.
Gerçəklik budur. Biz bunu daima “müsəlman ümmətçiliyi”ndən, “şiə qardaşlığı”ndan danışan İran məmurlarına irad tutsaq, onlar da bizə Azərbaycan-İsrail əlaqələrindən, ABŞ-Azərbaycan münasibətlərindən danışacaqlar.
Hər dövlətin öz milli marağı, öz düşmənlər dairəsi, öz dostlar qrupu var. Bu gün İran İsrail və ABŞ-la düşməndir, biz isə Ermənistanla. Burada maraqlar çalın-çarpaz şəkildə kəsişir.
Amma bizim İranla münasibətimiz nə açıq şəkildə düşməncəsinədir, nə də bariz şəkildə dostcasına.
İranla tarixi birlikdəliyimiz, din-dil bağlılığımız, əzəli və əbədi qonşuluq büsatımız var.
Tehran isə o qədər büruzə verməsə də, bizə – Şimali Azərbaycana Nardarana baxdığı kimi baxır, buranı, ingiliscə desək, “Nord İran” (Şimali İran) sayır.
İranın əlinə fürsət düşsə, müstəqil Azərbaycan dövlətinin mövcudluğuna son qoyar. Onun qarşısını Rusiya və Türkiyə faktorları kəsir.
Rusiya Azərbaycanı vaxtilə İrandan qopararaq “tarixi qənimət”ə, öz “arxa bağça”sına çevirib. Moskva bu ölkənin bəd ayaqda müstəqil dövlət kimi qalmasına razıdır, amma onun yenidən İranın əyaləti olmasına təhəmmül etməz.
Türkiyə isə sırf etnik kimlik baxımından Azərbaycanı özünə qardaş sayır, onun dövlət suverenliyinin itirilməsi yolunda tormozlayıcı amildir.
Ona görə də İranla bizim münasibətimizi dostcasına da adlandırmaq olmaz.
Hələlik qarşılıqlı əlaqələr, münasibətlər korun-korun yanan ocaq üstündəki qapalı qazandakı kimi yavaş-yavaş qaynayır.
Bizim İrana qarşı məkrli niyyətlərimiz yoxdur, Cənubda yaşayan azərbaycanlıların elementar hüquqları olsun, bir də bizim dövlətçiliyimizlə işləri olmasın – yetər.
Amma İran ölkəmizin daxilində geniş 5-ci kolon və casuslar şəbəkəsinə malikdir.
Vaxtilə İrandan verilən bir fitva ilə Təhsil Nazirliyinin önünü savaş meydanına döndərən, ayrıca götürülmüş bir kənddə İran rejimi bərqərar edənləri görmüşük.
General Qasım Süleymaninin ABŞ tərəfindən qətlə yetirilməsi vaqiəsində də İrana sevgisini açıq-aşkar izhar edənlərin geniş şəbəkəsini gördük.
Düzdür, onların içində sırf din, millət təəssübkeşliyi mövqeyindən çıxış edənlər də çox idi, amma İrandakı rəhbər şəxsləri konkret olaraq “ağam”, “sərdarım” adlandıranlar da az deyildi.
İkincilər o adamlardır ki, ölkəmizdə şəriət rejiminin qurulmasını arzu edir, təkcə arzu etməklə qalmır, bundan ötrü əməli fəaliyyət də göstərirlər. Onların ən əsas arzusu isə Azərbaycanın hissələrə bölünərək İranın ostanları olmasına nail olmaqdır.
Bu cür düşünən adamların fəaliyyətini İrandakı ayrı-ayrı siyasi dairələr koordinasiya edir və onların mövcudluqlarının davamlı olmasına çalışır.
Bu, nəinki dövlət təhlükəsizliyinə cavabdeh olan şəxslərə, eləcə də hər bir yetkin azərbaycanlıya aydındır.
Görünür, İranda hesab edirlər ki, dövlət maraqlarının təmini qonşuluqda yerləşən kiçik dövlətləri öz nüfuz dairəsində saxlamaqdan asılıdır.
Təbii ki, İran qüdrətli dövlət olmağa çalışır və vahidliyinin sarsılmasını istəmir.
Bu halda din, millət, məzhəb eyniliyi arxa plana keçir, önə dövlət maraqları çıxır. Hazırda İranın dövlət maraqları tələb edir ki, ABŞ-a “gavur” dediyi halda o “gavur”larla eyni dinə mənsub Ermənistanla, Rusiyaya ilə iqtisadi əlaqələrini inkişaf etdirsin.
Eyni zamanda Tehran başqa vaxt düşmən saydığı “sünni” məzhəbinə mənsub olan fələstinliləri ayıraraq özünü onların pasibanı sayır, onlardan ötrü İsraillə ölüm-dirim savaşına qalxdığını elan edir, amma düz qulağının dibində fələstinlilərdən daha ağır durumda olan qarabağlıların faciəsinə göz yumur.
Demək, din, məzhəb, millət, irq davası-filan boş söhbətlərdir, onlar göz boyamaq üçündür. Dünyada gedən davaların mahiyyəti güclü dövlət olmaq, əzilən dövlət olmamaq üstündədir.
Biz də məsələyə bu prizmadan baxmalıyıq, yad ideologiyalara, yaşıl, qırmızı, mavi inqilabların qulağa xoş gələn şüarlarına aldanmamalıyıq. Onlar aysberqin görünən tərəfidir. Alt qat məkrli planlardan və niyyətlərdən ibarətdir.